Türkiyə: Əl-Babda 51 İD üzvü öldürülüb

Türk savaş uçağı Fotonun müəllifi Air Team Images
Image caption Əməliyyat gedişatında hava zərbələrilə 56 binanın məhv edildiyi xəbər verilir.

Türkiyə ordusunun Şimali Suriyada həyata keçirdiyi hərbi əməliyyat nəticəsində özünü İslam Dövləti adlandıran qruplaşmanın 51 üzvü öldürülüb, Türkiyə hərbiyyəsi bildirir.

Şənbə günü Türkiyə Silahlı Qüvvələri (TSQ) tərəfindən yayılan açıqlamada deyilir ki, əl-Bab şəhəri yaxınlığındakı döyüşlər vaxtı öldürülənlərdən 4-ü "əmir rütbəs"ini daşıyıb.

Əməliyyat gedişatında hava zərbələrilə 56 binanın məhv edildiyi xəbər verilir.

Türkiyə avqust ayında başladığı Fərat Qalxanı əməliyyatı çərçivəsində İD qruplaşmasının əlindəki əl-Bab şəhərini mühasirəyə alıb.

Britaniya mətbuatına əsasən Suriyanın qərbində yerləşən bu şəhər Türkiyə istiqamətindəki İD planlaşdırmasında strateji əhəmiyyətə malikdir və onun süqutu son iki ildə qruplaşmanın ən böyük məğlubiyyəti ola bilər.

Fərat Qalxanı əməliyyatında Türkiyənin dəstəklədiyi Azad Suriya Ordusu da iştirak edir. Əməliyyatın gedişatında onlarla türk hərbçisi həlak olub.

Ötən ay prezident Recep Tayyip Erdoğan deyib ki, Türkiyə ordusu əl-Babdan sonra Mənbiç və Raqqaya doğru irəliləmək niyyətindədir.

Türkiyə Suriya ilə həmsərhəd bölgədə İD ilə yanaşı özünün təhlükəsizliyinə hədə hesab etdiyi yerli kürdlərin hərbi dəstələrinə qarşı da mübarizə aparır.

Bu barədə daha geniş