Britaniya mətbuatı: Trump-ın baş strateqi “leninçi”dir?

Stephen Bannon (sağda) Fotonun müəllifi Getty Images
Image caption Stephen Bannon (sağda)

Tanınmış jurnalist Jonathan Freedland "The Observer" qəzetində yazır ki, "Donald Trump kitab oxumur. Əvəzində bu işlə Trump-ın bayağı taxt-tacının arxasındakı əsl qüvvə olduğu deyilən baş strateqi Steve Bannon məşğuldur..."

Jurnalist belə bir sual verir: Görəsən, Trump-ın müdafiə nazirini belə daxil etmədiyi Milli Təhlükəsizlik Şurasının bu ziddiyyətli üzvü nə kimi kitablar oxuyur?

"Time" jurnalının yazdığına görə onun stolüstü kitablarının siyasında birinci yerdə "Dördüncü dönüş" (The Fourth Turning) adlı kitab gəlir. Bu həmin kitabdır ki, insan tarixinin hər 80-100 ildən bir zorakı təlatüm yaşadığına inanır. Elə bir təlatüm ki, hər şey uçub dağılır…

Kitaba görə Amerika üç belə təlatümdən keçib: Birincisi 1783-cü ildə inqilabi müharibənin bitməsi ilə başa çatıb. İkincisi 1860-cı illərdəki vətəndaş müharibəsidir. Üçüncü təlatütüm 1940-cı illərə - İkinci Dünya Müharibəsinə təsadüf etdiyi deyilir. Bannon-un oxuduğu bu kitaba görə Amerika hazırda dördüncü təlatümün qapısındadır.

Məqalədə deyilir ki, fikir verdinizsə adı çəkilən təlatümlərin hamısında dəhşətlıi müharibələr olub, amma ifrat sağ təmayüllü Breibart portalının keçmiş redaktoru üçün müharibədən qorxmaq yox, ləzzət almaq lazımdır. "Biz müharibədəyik" - Bannonun dilindən düşməyən şüar belədir. İstər cihada qarşı olsun, istərsə də Çinlə müharibə - fərqi yoxdur.

Freedland yazır ki, Trump-ın ötən həftəsonu hay-küyə səbəb olmuş miqrant qadağanının da arxasında duran Bannon bu barədə heç Amerika hökumətinin başqa üzvləri ilə məsləhətləşmək əziyyətini də çəkməyib.

Bannon üçün ən əsası şok yaradan hadisənin törənməsidir. O 2013-cü ildə bir jurnalistə özünün "leninçi" olduğunu demişdi: "Lenin dövləti dağıtmaq istəyirdi, mənim də məqsədim budur. Məh hər şeyi yerlə yeksan etmək istəyirəm".

Məqalədə deyilir ki, belə şeylər insanları qorxudur. Bəzi məlumatlara görə superzənginlər artıq "Axirətə davamlı" bunker axtarışına çıxıblar.

Freedland yazır ki, bütün bunlar mübaliğə kimi səslənə bilər. Amma bunlar baş verirsə, deməli 1945-ci ildən bəri min bir əzab-əziyyətlə tikilimiş beynəlxalq nizam dağıla bilər. Bu nizam son 80 ildə dünya müharibələrinin olmasına imkan verməyib.

Müəllif yazır ki, Trump-ın özündə də "az yoxdur". O "Bannon-un qızdırmalı sayıqlamalarını" həyata keçirməyə hazır kimi görünür. Trump Avstraliya baş naziri ilə kobud telefon danışığı zamanı dəstəyi tullayır, halbuki son 100 ildə avstraliyalılar bütün müharibələrdə ABŞ-ın müttəfiqi olublar.

Məqalədə deyilir ki, tərslikdən Brexit də Trump-la eyni vaxta təsadüf edib. Bunların ikisi bir yerdə faciə yarada bilər.

Freedland yazır ki, bütün bu hadisələr Vladimir Putinin əl-ayağını açıb. Son günlər Ukraynanın şərqində qanlı müharibənin yenidən alovlanması buna misaldır.

Məqalə deyilir ki, okeanın hər iki tayında liberallar özləri üçün tamamilə naməlum vəziyyətə düşüblər və tarixdə ilk dəfə olaraq, gələcəkdən yox, keçmişi qoruyub saxlamaqdan danışırlar.

ABŞ birinci ledisi məhkəməni uduzub

Fotonun müəllifi MANDEL NGAN/AFP/Getty Images
Image caption Donald Trump (solda) və Melani Trump (sağda)

"The İndependent" yazır ki, ABŞ-ın birinci ledisi Melania Trump-ın "The Daily Mail" qəzetinə qarşı böhtana görə 150 milyon dollarlıq təzminat iddiası ABŞ-da dairə məhkəməsi tərəfindən rədd edilib.

Birinci ledi Britaniya qəzetinə qarşı iddianı "The Mail" və onun internet versiyası Melania Trump-ın bir vaxtlar bahalı eskort kimi işləməsindən və hətta buna görə əsəb sarsıntısı keçirdiyindən yazmışdı.

Lakin Maryland hakimi bu iddianı rədd edərək bildirib ki, onun xarici şirkətlə bağlı məsələyə baxmaq səlahiyyəti yoxdur.

Buzzfeed News saytının yazdığına görə xanım Trump-ın vəkilləri buna etiraz olaraq bildiriblər ki, "The Mail" qəzetinin internet versiyasına təkcə Maryland ştatında bir saatda 4600 və bir gün ərzində 72600 baxış olur.

Lakin qəzetin vəkilləri bildiriblər ki, Londonun Kensington rayonunda yerləşən məcmuənin Maryland ştatı ilə heç bir əlaqəsi yoxdur.

"The İndependent" yazır ki, xanım Trump-ın vəkilləri məsələ ilə bağlı New York məhkəməsinə müraciət edəcəklərini deyiblər. Mail Online internet qəzetinin bu şəhərdə ofisi var.

Lakin Maryland-də yaşayan bloger Griffin Tarpley-in Tarpley.net saytında dərc olunmuş məqaləsi ilə bağlı məhkəmə prosesinin başlanacağı bildirilir.

"The Mail" Melania Trump-ın şikayətindən sonra məqaləni saytından silmiş və tam bəyanat dərc etmişdi.

Sözü gedən məqalədə Slovenia jurnallarından birində dərc olunmuş məqaləyə istinad edilirdi.

Həmin məqalənin başlığı belə idi: "Arvadının intim fotoları və onun keçmişinə dair xatalı suallar Trump-ın kampaniyasını poza bilər".

Sloveniyada doğulmuş və 1990-cı illərdə ABŞ-a köçmüş Melania Trump 2005-ci ildə 70 yaşlı mülkiyyət inşaatçısı-maqnata ərə gedib.

46 yaşlı birinci ledi onun haqqında yazılanların "100 faiz yalan" olduğunu bildirib.

Hakerlər David Beckham-ı özündən çıxarıblar

Fotonun müəllifi Getty Images

"The Sunday Telegraph" yazır ki, məşhur futbol ulduzu David Beckham onun uşaq xeyriyəsinə cəngavər titulu qazanmaq üçün ianələr ödədiyi barədə iddialara kəskin reaksiya verib.

Keçmiş İngiltərə kapitanı bəyan edib ki, onun UNİCEF-ə böyük məbləğlərdə xeyriyyə ianəsi verməsi müqabilində yüksək zadəgan titulu almaq niyyətində olması barədə xəbərlər yalandır.

Bundan əvvəl, ötən şənbə günü Beckham-a aid olduğu iddia olunan e-maillər mətbuatda dərc edilmişdi. Bu elektron məktublarda o guya cəngavər titulu almadğına görə hiddətini ifadə edirdi.

Bu e-maillərdən birində bir neçə söyüşdən sonra belə yazıldığı görünür: "Bu titulları verənlər kimdirlər axı? Mən Amerikada olsaydım, mənə fəxri titulu on il bundan əvvəl verərdilər".

Lakin kraliçadan özünün Britaniya İmperiyası Ordenini 2003-cü ildə almış Beckham iddiaları rədd edib və deyib ki, bəzi e-maillərin mətnlərinə düzəlişlər edilib, bəzi bəyanatlar isə kontekstdən çıxarılıb.

"The Sunday Telegraph" yazır ki, cənab Beckham-ın onun təbliğatçısı Simon Oliveira-ya e-mailləri sonuncunun kompüterinə haker hücumu ilə ələ keçirilib.

Beckham-ın sözçüsü "The Sunday Telegraph" qəzetinə deyib ki, sözü gedən materiallar çox köhnədir və onlara bilərəkdən yanlış təsəvvür yaratmaq üçün qərəzli şəkildə "əl gəzdirilib".

Məqalədə deyilir ki, e-maillərdən birində Beckham-ın müğənni Katherine Jenkins-ə 2014-cü ildə Britaniya İmperiyası Ordeni verilməsindən əsəbiləşdiyi görünür.

Cənab Oliveira-ya yazılmış e-maildə deyilir: "Katherine Jenkins-ə Orden? Nəyə görə? Reqbi oyunlarından əvvəl oxuduğuna, ordu hissələrinə baş çəkdiyinə, yoxsa kokain iylədiyinə görə?.."

Lakin Beckham-ı ən çox özündən çıxaran onun guya UNİCEF-ə xeyriyyə pullarını cəngavərlik titulu almaq üçün verdiyi barədə iddialar olub.

Lakin Real Madrid və Manchester United komandalarının keçmiş oyunçusunun mətbuat xidmətinin açıqlamasında bildirilir ki, "David Beckham-ın 7 Fund fondu və UNİCEF arasında 15 illik qürur doğuran əməkdaşlıq olub və futbolçu xüsusilə də xəstə uşaqlara yardım üçün milyonlarla funt sterlinq ianə verib".

UNİCEF də futbolçunu dəstəkləyən bəyanatla çıxış edib. Təşkilatın bəyanatında deyilir ki, David Beckham onun ən səxavətli xeyriyyəçilərindəndir.

Bununla belə təşkilat sözü gedən emaillərlə bağlı şərh verməkdən imtina edib.

Bu barədə daha geniş