Britaniya mətbuatı: Məşhur reqbi hakimi özünü niyə "axtalatmaq" istəyib?

İsrail Britaniyanı İrana qarşı qoymaq istəyir

"The Guardian" yazır ki, İsrailin baş naziri Benjamin Netanyahu heç şübhəsiz Londonda keçirləcək görüşündə britaniyalı həmkarı Theresa May-i İrana qarşı daha sərt beynəlxalq mövqe sərgiləməyə çağıracaq.

Netanyahu bazar günü keçirdiyi kabinet müşavirəsində deyib ki, o Trump-ın hakimiyyətə gəlməsindən sonra İranla bağlanmış nüvə sazişinin demontajını özünün diplomatik prioriteti edəcək.

Lakin öz növbəsində xanım May Netanyahu ilə görüşündə işğal olunmuş Fələstin torpaqlarında yəhudi məskənlərinin salınmasından Britaniyanın narahatlığı məsələsini qaldıracaq.

O ötən həftə bildirmişdi ki, yəhudi məskənlərinin salınması İsrail və Britaniya arasında qarşılıqlı etimada ziyan vurur.

Lakin Britaniyanın müxalif Leyborist Partiyasının lideri Jeremy Corbyn bunun kafi olmadığını bildirib. O deyib ki, işğal olunmuş Qərb sahilində və Şərqi Yerusəlimdə 3000 yəhudi evinin tikilməsi beynəlxalq qanunlara ziddir və məsələ də məhz bu cür qoyulmalıdır.

Lakin Netanyahunun planları tamamilə fərqlidir. Bu yaxınlarda Londonda keçirilmiş konfranslardan birində Netanyahunun hakim Likud partiyasından millət vəkili David Bitan deyib ki, İsrail baş naziri Avropanın hazırkı dağınıq vəziyyətindən İsrailə yeni dəstək sisteminin yaradılması üçün fürsətlənməyə çalışacaq.

Netanyahu bu dəstək sistemində ən böyük Avropa ölkələri olan Fransa, Almaniya, İtaliya və Britaniyanı görmək istədiyini bildirir.

"The Guardian" yazır ki, ən başlıcası Netanyahu Donald Trump-ı İran üzərinə yeni sanksiyalar qoymağa sövq etməyə çalışacaq.

Netanyahu bəyan edib ki, İranın raket sınaqları və onunla bağlanmış nüvə sazişi təkcə İsrail və ABŞ-ı yox, bir sıra başqa ölkələri də narahat edir.

"The Guardian" yazır ki, Netanyahunun İrandan narahatlıqlarını rədd edən Obamadan sonra İsrail baş naziri Trump və Theresa May-lə daha rahat dil tapacağına ümid edir.

Le Pen Fransaya "inqilab" vəd edir

Fotonun müəllifi Francois Pauletto
Image caption Marine Le Pen vəd edir ki, o prezident seçilərsə, ölkəyə heç bir qanunsuz miqrant gəlməyəcək

"The Telegraph" yazır ki, Fransada ifrat sağçı lider Marine Le Pen bazar günü özünün rəsmi prezidentlik kampaniyasına başlayarkən "yeni inqilab" vəd edib.

O deyib ki, ABŞ-da Donald Trump-ı hakimiyyətə gətirmiş qüvvələr ona da qələbə bəxş edəcək.

"Tarix küləyinin səmti dəyişib və o bizi zirvəyə aparacaq" - deyib Le Pen Lion şəhərində onu alqışlayan 3 minlik kütlə qarşısında.

Ondan bir gün əvvəl burada mərkəzçi namizəd Emmanuel Macron çıxış etmişdi. O hazırda rəy sorğularına görə ən populyar siyasətçidir, lakin o da mövcud üsul-idarəni devirəcəyini vəd edir.

Milli Cəbhə Partiyasının 48 yaşlı lideri Le Pen isə deyib ki, "bu seçkidə Fransanın taleyi həll olunur".

O bəyan edib ki, söhbət Fransanın bir ölkə kimi qalıb-qalmayacağından gedir və indiki qarşıdurma solçularla sağçılar arasında yox, vətənpərvərlərlə qlobalistlər arasındadır.

Əksər rəy sorğuları xanım Le Penin seçkinin birinci dövrəsində qalib gələcəyini, ikinci dövrədə isə cənab Macrona uduzacağını göstərir. Macron mühafizəkar namizəd Francois Fillon-la bağlı korrupsiya qalmaqalı qalxandan bəri rəy sorğularında bir qədər irəli çıxıb.

Bununla belə "The Telegraph" yazır ki, bu Fransanın tarixində ən az proqnozlaşdırıla bilən seçkidir və ifrat sağçı namizədin tərəfdarları Brexit və Trump-dan sonra şanslarının artdığını düşünürlər.

Xanım Le Pen deyib ki, tarix Donald Trump kimi adamların nəinki seçilə biləcəyini və hətta vədlərinə əməl edəcəyini göstərdi.

O Fransaya vətənpərvərliyə söykənən "inqilab" vəd edir.

Onun şənbə günü açıqladığı manifest Fransanın avrozonadan çıxması, Aİ üzvlüyü məsələsinə dair referendum keçirilməsi, idxal üzərinə ağır vergilərin qoyulması və işçilərin penisya yaşının azaldılması və bir sıra müavinətlərin artırılmasını nəzərdə tutur.

Bundan başqa xanım Le Pen vəd edir ki, o prezident seçilərsə, ölkəyə heç bir qanunsuz miqrant gəlməyəcək və onlara sosial təminat müavinətləri verilməyəcək.

Le Penin tərəfdarlarından biri - 68 yaşlı pensiyaçı Guy Ughetto "The Telegraph" qəzetinin müxbirinə deyib ki, "Fransa Afrika və Şimali Afrikanın işğalına məruz qalıb".

Xanım Le Penin "maliyyə qloballaşması və İslam qloballaşması bir-birinə bağlıdır və məqsəd Fransanı diz çökdürməkdir" sözləri gurultulu alqışlarla qarşılanıb.

"Mən gecə-gündüz ağlayırdım…"

Nigel Owens Fotonun müəllifi Kevin Barnes - CameraSport
Image caption "Məni kimyəvi üsulla axtalaya bilərsinizmi?" - deyə Owens homoseksual olduğunu anlayanda həkimdən soruşub.

"The İndependent" yazır ki, məşhur reqbi hakimi Nigel Owens üçün 2015-ci ilin dünya çempionatının çətinlikləri onun özünün homoseksual olduğunu qəbul etmək məşəqqətinin yanında heç nə olub.

Reqbi ittifaqının hakimi BBC 4 Radiosunun Desert Island Discs verilişinə deyib ki, homoseksual olduğunu başa düşəndə hətta intihar etmək istəyib və ölümün 20 dəqiqəliyində olub.

Bunun ardınca, o 2007-ci ildə daha yalanla yaşamağın mümkün olmadığını dərk edərək bu sirri ictimaiyyətə açıb.

O radionun aparıcısı Kirsty Young-a deyib: "Mən gecə-gündüz ağlayırdım".

Nigel Owens bildirib ki, onun şəxsi iztirabları Avstraliya və Yeni Zelandiya komandalarının final matçına hakimlik etmək əziyyətininin yanında heç nə idi.

Hakim bildirib ki, homoseksuallığını boynuna alması ona rahatlıq gətirib.

45 yaşlı Owens Wales əyalətinin balaca Mynyddcerrig kəndində doğulub boya-başa çatıb.

O deyir ki, insanların gözündə normal görünmək üçün hər şeyi qurban verməyə hazır imiş.

Üstəlik stress nəticəsində çəkisi artıb, bulimiyadan iztirab çəkib.

Owens hətta bir dəfə həkimin yanına gələrək homoseksual olmaq istəmədiyini deyib.

"Məni kimyəvi üsulla axtalaya bilərsinizmi?" - deyə soruşub Owens həkimdən.

Owens deyir ki, sirrini ilk dəfə 34 yaşındaykən anasına açıb. O yalançılığı sevməyən ailədə böyümüşdü və bunu heç cür gizlədə bilməzdi. Heç demə anası da işin nə yerdə olduğunu başa düşürmüş.

O deyir ki, insan özü öz qarşısında kimliyini qət etmədən, heç bir işi yaxşı görə bilməz.

Deyir ki, atası əvvəlcə bu xəbəri çox böyük dilxorçuluqla qəbul edib.

Lakin sonralar deyib ki, "nə mənim ona, nə də onun mənə sevgisi zərrə qədər də dəyişməyib".

Həyatında kədərli hadisə də baş verib. Onu hamıdan çox başa düşən anası xərçəngdən vəfat edib.

Onun indi birlikdə yaşadığı adam da var. Amma heç vaxt ata ola bilməyəcəyinə inanmaq çətindir.

BBC-nin bu verilişində müsahiblərdən "insan yaşamayan adaya nə aparardın" sualını verirlər.

Owens Kenneth Grahame-ın "İydəlikdə küləklər" (The Wind In The Willows) kitabını və lüks əşya kimi Uels çay paketlərini seçib.

Əlaqəli mövzular