Suriya münaqişəsi: Ordu, İD-in əl-Baba gedən təchizat yolunu kəsib

Hələb əyalətində son İD dayağı olan əl-Bab ətrafında gedən döyüşlər səbəbindən, insanlar ərazini tərk edir Fotonun müəllifi Reuters
Image caption Hələb əyalətində son İD dayağı olan əl-Bab ətrafında gedən döyüşlər səbəbindən, insanlar ərazini tərk edir

Monitorinq qrupunun yaydığı məlumata əsasən, Suriya dövlət qüvvələri, özünü İslam Dövləti (İD) adlandıran silahlı qruplaşmanın Hələb əyalətində son dayağı olan əl-Baba gedən təchizat yolunu tutaraq sürətlə irəliləyib.

Suriya İnsan Haqları Müşahidə təşkilatı bildirib ki, ordu, cənub şərq istiqamətində 9 km aralı yerləşən Təl Uvayşiyə təpəsini ələ keçirib.

Bura, qonşu əyalətdəki İD idarəsində olan Rəkka şəhəri ilə əl-Babı birləşdirən əsas yola baxır.

Əl-Bab, artıq demək olar ki, Türkiyədən dəstək alan suriyalı qiyamçılar tərəfindən əhatələnib.

Qiyamçılar şəhəri şimal, şərq və qərbdən mühasirəyə alıblar.

Suriya hökumətinin 5 illik vətəndaş müharibəsində hər tərəf üçün mühüm olan əl-Bab şəhərini ələ keçirmək niyyətində olub-olmaması aydın deyil.

Lakin, hərbi mənbənin iqtidaryönlü əl-Məsdar internet səhifəsinə bildirdiyinə əsasən, qoşunlar üçün, artıq əl-Babın kənarında yerləşən Tadif kəndinə hücum etməyə şərait yaranıb.

Hökumət, Türkiyənin qiyamçılara dəstəyini mənfur elan edib.

Buna baxmayaraq, prezident Bəşər əl-Əssədin müttəfiqi Rusiya, yanvardan bu yana əl-Bab ətrafındakı İD mövqelərinə Türkiyə ilə birgə hava zərbələri endirib.

Bazar ertəsi Suriya İnsan Haqları Müşahidə təşkilatı həmçinin bildirib ki, İD tərəfindən həftəsonu ərzində yenidən işğal olunan Bizaa kəndinin ətrafında türk qoşunları və qiyamçı döyüşçülər cihadçılarlarla qızğın döyüşlərdə iştirak edirlər.

Hökumət gücləri Homs əyalətinin mərkəzində İD ilə müharibəni davam etdirərək, Palmiranın qərbindəki Xəyyan neft sahəsini ələ keçirib. Xəbəri Britaniyada yerləşən monitorinq qrupu yayıb.

Fotonun müəllifi Reuters
Image caption Türkiyədən dəstək alan qiyamçı qüvvələri, şənbə günü əl-Babdan şərqdə yerləşən Bizaa kəndindən çıxarılıb.

ABŞ-dan dəstək alan kürd və ərəb döyüşçüləri, Raqqanı ələ keçirmək üçün mübarizənin yeni mərhələsinə başlayıblar.

Suriya Demokratik Qüvvələri şənbə günü elan edib ki, şəhərin şərqindəki əraziləri ələ keçirməyə hazırlaşır. Buraya, Deyr əz-Zaur əyalətinə gedən və demək olar ki, tamamilə İD tərəfindən idarə olunan əsas yol da daxildir.

İD-ə qarşı Suriya Demokratik Qüvvələrinin əməliyyatı, ABŞ-ın idarə etdiyi çoxmillətli koalisiya tərəfindən hava hücumları və yerdə bir neçə yüz xüsusi qüvvələr tərəfindən aparılır.

Bu barədə daha geniş