Britaniya mətbuatı: "Trump və Putin Avropanın xəritəsini yenidən çəkmək istəyirlər"

Fotonun müəllifi Getty Images

"Trump və Putin Avropanın xəritəsini yenidən çəkmək istəyirlər"

"The İndependent" bir qrup fransız siyasətçilərinə istinadən yazır ki, Donald Trump və Vladimir Putin böyük bir ehtimalla Avropanın xəritəsini öz istəklərinə uyğun olaraq yenidən çəkmək üçün cəhd edəcəklər.

Onlar bildirirlər ki, Britaniya hökuməti Avropa İttifaqından ayrıldıqdan sonra nəyin bahasına olursa-olsun ABŞ-la ticarət müqaviləsi bağlamağa can atır və Amerikanın yeni prezidenti bundan fürsətlənərək Aİ-ni sarsıtmaq və zəiflətmək yolu tuta bilər.

Theresa May Trump-ın prezident seçilməsindən sonra Ağ Evə səfər edən ilk ölkə başçısı olub və tərəflər öz aralarında ticarət sazişinin bağlanacağı barədə bəyanat veriblər.

Avropa diplomatları bildirirlər ki, London dəfələrlə "Trump kartını" oynamağa çalışıb və ölkənin Aİ-dən ayrılmasının onun iqtisadiyyatına təsir etməyəcəyini iddia edib.

Cənab Trump və onun rəsmiləri Avropa İttifaqına qarşı açıq bəyanatlar səsləndiriblər və Fransanın keçmiş baş naziri Jean-Pierre Raffarin deyib ki, ABŞ administrasiyası Avropa ölkələri ilə britaniyasayağı ikitərəfli müqavilələr imzalamaqla Avropa İttifaqının birliyini məhv etməyə cəhd edib.

"Cənab Trump Aİ-ni Brexit-in girovuna çevirməyə çalışır" - deyib Raffarin.

Cənab Raffarin bildirib ki, Vladimir Putin və onun həmkarları da Qərbi zəiflətmək məqsədilə eyni sxemlərdən istifadə etmək istəyə bilərlər.

Keçmiş baş nazir bildirib ki, Trump-ın problemi onun tamamilə proqnozlaşdırılan olmamasıdır.

Hazırda Fransa Senatının Aİ Komitəsinin sədri olan Raffarin Londona səfəri zamanı deyib ki, "ABŞ özünə dost ölkələrlə ikitərəfli müqavilələr istəyir. Biz belə yanaşmanı qəbul edə bilmərik. Avropa İttifaqı birliyini qoruyub saxlamalıdır".

"Rusiyaya gəldikdə isə biz gözləməliyik. Lakin belə görünür ki, Putin Avropa İttifaqına NATO kimi baxır və o da ikitərəfli müqavilələrin tərəfdarıdır" - deyib keçmiş Fransa baş naziri.

"Cənab Trump və cənab Putin Avropanın yeni xəritəsini özlərinin istədiyi kimi cizgiləməyə çalışacaqlar" - deyib Raffarin.

Cənab Raffarin onu da əlavə edib ki, Almaniya kansleri Angela Merkel də vəziyyəti məhz bu şəkildə qiymətləndirir.

Onun fikrincə, Almaniya vahid Avropanın tərəfdarıdır və bu mənada Fransa ilə həmfikirdir.

Bundan əvvəl Avropa İttifaqının liderləri Britaniya baş nazirinin Brüssellə Washington arasında körpü olmaq istəyini rədd ediblər.

Ötən həftə Aİ-nin Maltada keçirilən sammitində Fransa prezidenti Francois Hollande demişdi ki, Brexitdən sonra Fransa BMT Təhlükəsizlik Şurasında Avropa İttifaqını təmsil edən yeganə ölkə olacaq.

Xanım Merkel isə deyib ki, xanım May ilə hətta ABŞ səfəri barədə söhbət də etməyib.

Litva prezidenti Dalia Qribauskayte isə rişxəndlə Avropaya körpü lazım olmadığını söyləyib: "Biz Amerika ilə Tvitter vasitəsilə danışırıq".

Fotonun müəllifi AFP

Bəşər Əsəd hökuməti 13 min opponentini gizli edam edib?

"The Guardian" yazır ki, Suriyada münaqişənin ilk aylarında prezident Bəşər əl-Əsədə opponent olan 13 min insan ölkənin ən bədnam həbsxanalarından birində gizli olaraq asılıb.

Amnesty İnternational bildirir ki, bu adamların edam edilməsi üçün qərarlar hakimiyyətin ən yuxarı eşelonlarında qəbul edilirmiş.

Bu da qeyd olunur ki, Saydnaya həbsxanasında minlərlə insan acından və işgəncələrdən dünyasını dəyişib. Amnesty bildirir ki, bu yolla məhv edilənlərin cəsədləri beş il müddətində gecəyarısı ilə sübh arasında Dəməşq yaxınlığındakı iki böyük adsız məzarlıqda basdırılıb.

İnsan Sallaqxanası (Human Slaughterhouse) adlanan hesabatda deyilir ki, bu, 400 min insanın öldürüldüyü və ölkənin yarısının evlərindən didərgin düşdüyü bir ölkədə ağlasığmaz vəhşilik iddiasıdır.

Hesabatda deyilir ki, 2015-ci ildən sonra da Saydnaya həbsxanasında daha minlərlə insan edam edilə bilərdi, çünki həmin vaxtdan bəri Amnesty-yə məlumat vermiş həbsxana nəzarətçiləri informasiya mənbəyindən təcrid olunublar.

Amnesty-nin məlumat aldığı 84 nəfərdən 4-ü həbsxananın iki korpusunda - "qırmızı və ağ binalarda" çalışan həbsxana keşikçisi olub. Əsəd polisi "qırmızı binada" mülki məhbusları, "ağ binada" isə keçmiş hərbçiləri saxlayır.

Xəbər verilir ki, məhbusları "ağ binanın" zirzəmisində asırdılar. Amnesty bildirir ki, bu araşdırmanı 31 nəfəri müşahidə etməklə 12 ay müddətində aparıb.

Şahidlər iddia edirlər ki, həftədə bir və ya iki dəfə 20-50 nəfər gizli hərbi tribunalların hökmü ilə asılar və cəsədləri Tişrindəki hərbi hospitala aparılar və orada həkimlər onlara tənəffüs çatışmazlığı və ya ürək tutması kimi diaqnozlar "yazardılar".

Bu adamların Dəməşqin cənubundakı Nahyədə və qərbdəki balaca Qatana şəhərindəki hərbi torpaqlarda torpağa basdırıldığı iddia olunur.

Hesabatın müəllifi Nicolette Waldman bildirib ki, gizli qaydada asılanların sayı azı 5 min, yuxarısı 13 min olaraq təxmin edilir.

Onun sözlərinə görə, bu prosesin hazırda dayandırıldığını deməyə heç bir əsas yoxdur.

Müəllif bildirir ki, saxta məhkəmələr 2-3 dəqiqə davam edər, ölüm hökmlərini Əsədin adından müdafiə naziri imzalayardı.

Waldman deyir ki, sözü gedən 13 min edam olunmuşun bundan əvvəl 2011-2013-cü illərdə öldürülmüş 11 min dustağa dair hesabatla əlaqəsi yoxdur. Həmin qətllər Qeysər kod adı ilə işləyən keçmiş hərbi fotoqraf tərəfindən sənədləşdirilmişdi.

Fotonun müəllifi Getty Images

Tvitter trollara qarşı hücuma keçir

"The Telegraph" yazır ki, Tvitter bundan əvvəl hesabları qaydaları pozduqlarına, məsələn, troll fəaliyyətlərinə görə bağlanmış istitifadəçilərin təkrar yeni hesab açmalarını bloklayacaq.

Şirkət xüsusi proqramla əvvəllər hesabı bağlanmış istifadəçiləri müəyyən edəcək və bunun ardınca onların bu sosial mediaya girişləri ömürlük bağlanacaq.

"The Telegraph" yazır ki, Tvitter bu qərarı anonim hesablardan çox sayda insanların, xüsusilə də məşhurların təhqir edilməsi və qısnanması hallarının artması ilə əlaqədar qəbul edib.

Xəbər verilir ki, Tvitter vaxtilə qadağan olunmuş istifadəçiləri müəyyən siqnalları monitorinq etməklə müəyyənləşdirəcək. Bu siqnallara, telefon nömrələri, internet ünvanları və sair daxildir.

Şirkət sosial mediadan sui-istifadə hallarının qarşısını almaq üçün həm alqoritmlərdən, həm də insan redaktorlardan istifadə etməyi planlaşdırır. Ümid edilir ki, yeni sistem qayda pozanları və trolları onlar sosial mediaya daxil olduqları an aşkarlayacaq.

"Tvitteri təhlükəsiz məkan etmək bizim prioritetimizdir", şirkətin başçısı Ed Ho deyib, "Biz ifadə azadlığının tərəfdarıyıq və insanların hər hansı bir məsələni bütün tərəflərdən görməsini istəyirik. Bu azad səslər sui-istifadə və qısnama ilə boğulduqda bizim başlıca prinsipimiz də pozulmuş olur. Biz bu hala dözə bilmərik və bunun qarşısını almaq üçün yeni sistemə keçirik".

Tvitter bildirib ki, yeni sistem adamlardan əsl adlarını və ya fotoşəkillərini tələb etməyəcək.

"The Telegraph" yazır ki, Tvitter moderatorları indiyədək şikayət olunan hesabları bağlasalar da, onların yeni hesablar açmasına mane ola bilmirdilər.

Ötən il şirkət Ghostbusters aktrisası Leslie Jones-u gözüm-çıxdıya saldığına görə ziddiyyətli jurnalist Milo Yiannopulosa qadağan qoyub.

Bundan başqa Tvitter bildirib ki, ədəbsiz tvitləri susduran "salamat axtarış" sistemini tətbiq edəcək.

"The Telegraph" yazır ki, bu Tvitterin son üç ayda kiberqısnamaya qarşı ikinci kampaniyasıdır.