Qətər Dünya Çempionatına həftədə 500 milyon dollar xərcləyir

Əl-Bayt stadionu hazırda Dünya Çempionatı üçün tikilir Fotonun müəllifi Getty Images
Image caption Əl-Bayt stadionu hazırda Dünya Çempionatı üçün tikilir

2022-ci ildə FIFA Dünya Çempionatına ev sahibliyi etməyə hazırlaşan Qətər böyük infrastruktur layihələrinə həftədə 500 milyon dollar xərcləyir. Ölkənin maliyyə naziri belə deyib.

Əli əl-Emadi bildirib ki, yeni stadionların, yolların, dəmir yolu xətlərinin və xəstəxanaların tikintisinin davam etdiyi müddətdə, yəni yaxın üç-dörd il ərzində bu xərcləmələr davam edəcək.

Qazla zəngin əmirlik bu işə ümumilikdə 200 milyard dollar xərcləyəcək.

Ancaq cənab əl-Emadi bu planların 2022-ci ildə keçiriləcək dünya çempionatını tarixdə ən bahalı çempionata çevirəcəyi barədə deyilənləri rədd edib.

2014-cü ildə Braziliyada keçirilmiş dünya çempionatının 11 milyard dollara başa gəldiyi bildirilir. Rusiya isə 2018-ci ildə keçiriləcək dünya çempionatına xərclərini 321 milyon dollardan 10,7 milyard dollara qaldırıb.

Braziliya stadionlarını tam hazır vəziyyətə gətirməyə çətinlik çəkirdi. Ancaq Qətərin maliyyə naziri Dohada jurnalistlərə bildirib ki, onun ölkəsi artıq 2022-ci il üçün kontraktların 90 faizini paylayıb. Onların 2/3-si yaxın 24 ay ərzində başa çatacaq.

"Biz özümüzə hər şeyi vaxtında çatdırmaq fürsəti veririk. Biz adamlar ölkəmizə gəldikləri vaxt divarları rəngləməyə başlamaq istəməzdik", deyə o əlavə edib.

Fotonun müəllifi Reuters
Image caption Əli əl-Emadi deyir ki, Dünya Çempionatına xərclənəcək pullar büdcənin xeyrinə kəsintilərdən qorunub

Buna nail olmaq üçün kontraktorlar xaricdən yüz minlərlə işçi gətiriblər. Onların çoxu Cənubi Asiya ölkələrindəndir. Hüquq müdafiə təşkilatları bu işçilərin istismara məruz qaldıqlarını və təhlükəli şəraitdə işləməyə məcbur edildiklərini deyir.

Qətər hökuməti bu iddiaları rədd edir. Dekabrda hökumət miqrant işçilərin hüquqları ilə bağlı vəziyyəti yaxşılaşdırmaq üçün islahatlar keçirib.

Cənab Emadi deyir ki, neft və qaz qiymətlərinin aşağı düşməsinə baxmayaraq, Dünya Çempionatına xərclənəcək pullar büdcənin xeyrinə kəsintilərdən qorunub.

Ötən il Qətərin dövlət büdcəsində 12,8 milyard dollardan çox kəsir qeydə alınıb. 2017-ci ildə bu göstəricinin 7,8 milyard dollar olacağı gözlənilir.

Hazırda dövlət büdcəsinə təzyiqlər azalmaqdadır. Bu, neft qiymətlərinin yenidən bir qədər yüksəlməsi ilə bağlıdır. Cənab Emadi deyir ki, ola bilsin ki, Qətər bu il beynəlxalq aktivlər buraxmalı olmasın.

Bu barədə daha geniş