Britaniya mətbuatı: Uşağa qalmağa mane olan "ağlagəlməz" səbəblər

Fotonun müəllifi Mark Wilson

Trump saatbasaat gözdən düşür

"The İndependent" yazır ki, siyasət aləmi də pop musuqisi aləmi kimidir. Adamın bəxti hər an tərsinə dönə bilər.

Bir də görürsən göyün yeddinci qatındasan, bir də görürsən sərt enişdə… Çox vaxt bunun niyə belə olduğunu başa düşmək də olmur.

Məqalədə deyilir ki, Trump-a gəldikdə isə, onun vəziyyəti prezidentliyinin başlanğıcından cəmi iki həftə keçmiş deyəsən pisdən betərə doğru dəyişir.

ABŞ-da keçirilmiş rəy sorğusu göstərib ki, tarixdə prezidentliyinə ən aşağı reytinqlə başlamış Trump-ın populyarlığı ikicə həftədə lap aşağı düşüb.

Gallup-ın arapdığı monitorinq tipli rəy sorğusundan aydın olub ki, rəyi soruşulanların 53 faizi onun prezident kimi fəaliyyətindən narazıdır. 42 faiz isə bu fəaliyyətdən razı olduğunu bildirib. Yanvarın 22-də, inaqurasiyadan iki gün sonra onu bəyənənlər və bəyənməyənlər arasında nisbət 45 faiz-45 faiz idi.

Cənab Trump-ın ümumi rəğbət reytinqi onun prezidentliyinin elə birinci həftəsində 8 bal enib. Bundan başqa prezidenti bəyənənlərlə bəyənməyənlər arasında fərq də böyüyüb və hazırda 12-yə çatıb.

"The İndependent" izah edir ki, Gallup prezidentin fəaliyyətini təqdir və tənqid edənlərin faizini bilmək üçün hər gün 1500 amerikalı arasında telefonla rəy sorğusu keçirir.

Rəy sorğusu nəticələrində mümkün xəta 3 faiz ola bilər.

Prezidentlərin populyarlığını hələ Dwight D Eisenhower-in vaxtından müəyyən edən Gallup bildirir ki, indi Trump-ı istəməyənlərin faizi 53-dür.

Müqayisə üçün qeyd olunur ki, keçmiş prezident Barack Obamanın prezidentliyinin ikinci həftəsində onu bəyənənlərin faizi 65 idi. George W Bush da 2001-ci ilin əvvəllərində 50 faizdən çox insanın xoşuna gəlirdi.

Rəy sorğusu barədə hesabatdan belə başa düşülür ki, Trump-ın iki həftə ərzində belə gözdən düşməsinə səbəb onun verdiyi ilk sərəncamların xaotikliyidir.

Gallup-ın nəticələrinə görə rəyi soruşulanların 50 faizi Trump-ın çox sürətlə hərəkət etdiyini, 35 faizi isə normal sürətlə işlədiyini bildiriblər.

Cənab Obama prezidentliyinin ilk 12 günündə 19 icra sərəncamı vermişdi. Trump bundan bir sərəncam az verib. Lakin 2009-cu ildə rəyi soruşulanların yalnız 12 faizi Obamanın tələskənliyə yol verdiyini düşünürdülər.

"Trump-lar getdikcə Kardashian-lara bənzəyirlər…"

"The Guardian" yazır ki, demokrat senatorlardan biri Donald Trump-ın məsələsinin federal etika ofisində müzakirə edilməsinə çağırıb. Buna prezidentin Nordstrom univermağını Tvitterdən tənqid etməsi səbəb olub.

Trump mağazanı ona görə tənqid edib ki, Nordstrom onun qızının geyim brendini satışdan çıxarıb.

Senator Bob Casey Trump-ın tvitini ABŞ Hökumət Etikası Şurasına yönləndirib. Həmin tvitdə Trump yazırdı: "Nordstrom mənim qızıma qarşı böyük ədalətsizlik edib. O çox böyük insandır və məni həmişə düzgün işlər görməyə yönəldir. Dəhşətdir".

Bu da qeyd olunur ki, bu tvit sonradan ABŞ prezidentinin rəsmi Tvitter hesabından da yenidən paylaşılıb.

Konqres demokratlarının lideri Nancy Pelosi deyib ki, Trump prezidentliyə qətiyyən layiq adam deyil.

Trump-ın kommentindən bir qədər əvvəl Nordstrom mağazası elan etmişdi ki, İvankanın brendi satışın çox pis getdiyinə görə ləğv olunur.

Mağaza bildirir ki, burada 2000-dən çox brend satılır və onların sərfəliliyi daim təftiş edilir.

Amma "The Guardian" xatırladır ki, Nordstrom bu qərarı verməzdən əvvəl həftələrlə davam edən aksiya baş vermişdi. "Portmanatını al get" adlandırılan anti-Trump kampaniyası prezidentin miqrant qadağanına etiraz olaraq mağazadan Trump ailəsi ilə bütün əlaqələrin kəsilməsini tələb edirdi.

"The Guardian" yazır ki, Trump-ın tvitindən sonra mağazanın səhmləri qiymətdən düşsə də, sonra yenidən yüksəlməyə başlayıb.

Bu tvit barədə suala cavab verərkən Ağ Evin mətbuat katibi Sean Spicer deyib ki, prezdentin bir ata kimi öz qızını müdafiə etmək haqqı var və buna görə onu tənqid etmək düzgün deyildir.

Nordstrom isə iddia edir ki, İvanka brendinin çıxarılması sırf satışla bağlı məsələdir və bu qərar barədə prezident qızına əvvəlcədən xəbər verilib.

Opponentləri Trump-ı öz ailəsinin biznes maraqlarını yürütmək üçün vəzifəsindən sui-istifadə etməkdə günahlandırırlar.

George Bush-un keçmiş etika vəkili deyib ki, bu, dövlət vəzifəsindən şəxsi çıxarlar üçün sui-istifadənin ağır formasıdır.

"The Guardian" yazır ki, ətrafdan yağdırılan tələb və tənqidlərə baxmayaraq Trump hələ də bir çox biznes maraqlarından əl çəkməyib.

Bundan başqa prezident özünün vergi sənədlərini açıqlamaqdan da inadkarlıqla imtina edir.

ABŞ etika ekspertləri qəti əmindirlər ki, Trump Amerika prezidentini biznes maraqları ilə toqquşduran faktorların aradan qaldırılması üçün çox az iş görüb.

Onlar deyirlər ki, ABŞ Konstitusiyasına zidd olaraq Trump hələ də biznesindən mənfəət götürməkdə davam edir.

Public Citizen vətəndaş qrupunun prezidenti Robert Weissman deyib ki, onun qızının brendi ilə bağlı məsələyə belə sərt reaksiyası bu ittihamların doğruluğunu təsdiq edir.

Ivanka Trump - Trump Təşkilatındakı vəzifəsindən başqa bir də öz adını daşıyan zinət və geyim əşyaları brendinin satışı ilə məşğuldur.

Bu həftə Melania Trump Daily Mail qəzetini nəşr edən korporasiyaya qarşı 150 milyon dollarlıq məhkəmə iddiası qaldırıb. Qəzet xanım Trump-ın 1990-cı illərdə bahalı eskort qız kimi işlədiyi barədə iddialardan yazmışdı. Maraqlıdır ki, xanım Trump bu iddiaların onun "çoxmilyonluq biznes maraqlarına ziyan vurduğunu" bildirir.

Onun vəkilləri bildiriblər ki, xanım Trump dünyada ən çox fotoşəkli çəkilən qadın ola bilər.

Prezident Obamanın keçmiş etika müşaviri Norman Eisen Associated Press agentliyinə deyib ki, "Trump-lar Ağ Evdən Kardashian-lar realiti teleşousundan istifadə etdikləri kimi istifadə edirlər".

Uşağa qalmağa mane olan səbəblər hansılardır?

hamiləlik Fotonun müəllifi Jason Merritt

"The Telegraph" yazır ki, Harvard Universitetinin apardığı araşdırma gecə növbələrində çalışan qadınların fertillik, yəni hamilə olmaq problemi ilə üzləşə biləcəklərini göstərib. Tədqiqat nümayiş etdirib ki, gecə saatlarında işləyən qadınların orqanizmində yumurtaların sayı 28 faizədək aşağı düşür.

Sözü gedən araşdırmanı aparmış həkimlər fertillik və ya hamiləlik üçün problem yaradan bir neçə faktorları müəyyən ediblər. Bunlardan bəziləri xeyli gözlənilməz olub.

Ağır yük qaldırmaq

Harvard Universitetinin araşdırmaları göstərib ki, gecə növbələrində çalışan qadılnlarda olduğu kimi, işi yük qaldırmaqla bağlı olan qadınlarda da yumurta sayı normal qadınlarla müqayisədə 14 faiz aşağı olur.

Sərinləşdirici işkilərin ifrat içilməsi

2016-cı ildə aparılmış bir təcrübə nümayiş etdirib ki, spirtsiz içkilərin aşırı qəbulu qadınların hamilə olmaq şanslarını əhəmiyyətli şəkildə azalda bilər. Alimlər bunu onunla izah edirlər ki, spirtsiz içkilərdə istifadə edilən şirinləşdirici kimyəvi maddələr fertilliyə mənfi təsir göstərir. Belə içkilərin tərkibindəki şəkər də yumurta sayının azalmasına yol açır.

Düzgün yeməklərlə qidalanmamaq (hətta artıq çəkiniz olmasa belə)

Alimlər deyirlər ki, sağlam olmayan pəhriz və piylənmə cütlərin dünyaya övlad gətirməsinə mane ola bilər. Amerikada aparılmış iki tədiqqat göstərib ki, aşırı yağlı qidaların qəbulu yumurtalıqlara ziyan vura və rüşeymin zəifliyinə gətirib çıxara bilər.

Həm piylənməsi olan, həm də olmayan insanların düzgün qidalanmaması fertillik problemi yarada bilər. Yaxşı xəbər budur ki, qadının öz çəkisindən azca atması onun uşağa qalmaq qabiliyyətini iki dəfə artırır. Burada söhbət 4-5 kilodan gedir. Britaniya Fertillik Cəmiyyətinin sədri doktor Adam Balen deyib ki, piylənmə problemi olan qadınlar qidalanmanı günə 1500 kalori azaltmalı və gündəlik qaydada 35-40 dəqiqə aerobika təmrinləri etməlidirlər.

İş gərginliyi

Ötən il keçirilmiş bir elmi təcrübə maliyyə sahəsində çalışan qadınların süni mayalandırmada çox vaxt uğursuz olduqlarını göstərib. Bu maliyyə sahəsindəki gərgin iş rejimi ilə bağlıdır.

İçki saatı

Peşəkar sahələrdə çalışan qadınların kişilər kimi spirtli içki mühitinə düşməsi potensial olaraq onların fertilliyinə mənf təsir göstərir. Danimarkada 21-45 yaşları arasında olan 6000 min qadın üzərində aparılmış araşdırma göstərib ki, həftəyə 7 qədəh şərab içən qadınlarda uşağa qalmaq şansları 18 faiz azalıb. Britaniya səhiyyəsi məsləhət görür ki, uşağa qalmaq istəyən qadınlar spirtli içkilərdən ümumiyyətlə uzaq durmalıdırlar.

Badamcıqların kəsilməsi

2016-cı ildə aparılmış araşdrımadan bəlli olub ki, boğaz badamcıqları və kor bağırsaqları kəsilib çıxarılmış qadınlar başqaları ilə müqayisədə daha fertil olurlar.

15 il bundan əvvəl aparılmış elmi-tədqiqat araşdırması gösrtərib ki, kor bağırsaqları və badamcıqları çıxarılmış qadınların hamiləlik şansları müvafiq olaraq 34 və 49 faiz artıb. Hər iki əməliyyatı keçirmiş qadınlarda isə bu şans 43 faiz yüksək olub.

Yanlış adamla öpüşmək

İtaliyada bu yaxınlarda aparılmış araşdırma göstərib ki, əvvəllər qeyri-fertilliyi heç nə ilə izah olunmayan qadınların 43 faizində HHV-6, yəni dəmrov virusunun olduğu aşkar edilib. Alimlər deyirlər ki, qan analizində görünməyən bu viruslar ağız suyunda olur və adətən elə ağızdan-ağıza keçir.

Çox və ya az yatan kişinin arvadı olmaq

Kişilərin yatmağa ifrat meylliyi və əksinə az yatması da qadınların fertilliyinə mənfi təsir göstərə bilər. Daha doğrusu 9 saatdan çox və 6 saatdan az yatan kişilərdə qadını hamilə etmək qabiliyyəti 40 faiz azalmış olur. Amerikada bu araşdırmanı aparan alimlər deyirlər ki, səbəb çox güman testosteron hormonun gecə ərzindəki işi ilə bağlıdır. Bu da aşkar edilib ki, kişilərin ata olmaq şansları üçün ən yaxşı yuxu normativi gecələr 8 saatdır.

Əlaqəli mövzular