Oranqutanların çığırtıları dilin təkamülünə işıq sala bilər - alimlər

Oranqutan Fotonun müəllifi TIM LAMAN

Alimlər belə qənaətə gəliblər ki, insana ən yaxın insanabənzər meymunlardan biri olan oranqutanların çıxardığı səslər dilin mənşəyinə işıq sala bilər.

Darem Universiteti və Liverpool-un John Moores Universitetinin alimləri oranqutanların çıxardığı səslərin təqribən 5000 audioyazısını araşdırıblar.

Təhlil nəticəsində alimlər anlayıblar ki, oranqutanlar bu səslərin köməyilə bir-birinə müxtəlif məlumat və siqnallar ötürürlər.

Tədqiqatın nəticələri "Nature Human Behaviour" jurnalında dərc edilib.

Alimlər meymunların çıxardığı "öpüş" səslərinə xüsusi diqqət yetiriblər.

Bu səs fəal artikulyasiya ilə müşayiət olunur. Alimlər deyirlər ki, samit səslərin çıxarılması səs tellərindən daha çox dodaqlar, dil və çənənin işindən asılıdır.

İnsanlarda da samit səslərin çıxarılması oranqutanlarda olduğu kimi təkamül etmiş ola bilər. Alimlər deyirlər ki, artikulyasiya aparatından istifadə etməyi öyrəndikdən sonra insan əvvəlcə ilk hecaları, daha sonra isə sözləri qura bilərdi.

"Əksər dillərdə samit səslər üstünlük təşkil edir. Tikinti bloklarımız nə qədər çox olsa, biz bir o qədər də çox səs kombinasiyası yarada bilərik", - Liverpool-un John Moores Universitetindən professor Serge Witch deyir.

Uzun müddət hesab olunurdu ki, oranqutanlar ümumiyyətlə səs çıxarmırlar.

Ancaq 1970-ci illərdə uzun zaman İndoneziya meşələrində yaşamış britaniyalı tədqiqatçı Regina Frey oranqutanların öz hisslərini çoxsaylı səslərlə ifadə edə bildiyini nümayiş etdirib.

Bu barədə daha geniş