Somalinin yeni prezidenti təyyarə anqarında seçilib

Məhəmməd Abdullahi Məhəmməd Fotonun müəllifi EPA
Image caption Məhəmməd Abdullahi Məhəmməd

Somalidə yeni prezident seçilib. Bu, ölkənin keçmiş baş naziri Məhəmməd Abdullahi Məhəmməddir. O, seçkilərin ikinci turunda rəqibi Həsən Şeyx Mohamuda qalib gəlib.

Seçkidə yalnız ölkə parlamentinin üzvləri iştirak ediblər. Onlar paytaxt Moqadişo hava limanının ərazisindəki aviasiya anqarında səs veriblər. Çünki ölkədə bütün digər yerlər son dərəcə təhlükəlidir.

Somalinin yeni prezidentinin iki vətəndaşlığı var. O, həm də ABŞ vətəndaşıdır.

Seçki zamanı hava limanının üzərində uçuşsuz zona elan edilib. Kompleksin özü isə çox ciddi mühafizə olunub. Ölkə rəhbərliyi "Əş-Şəbab" islamçı qruplaşmasının hücumlarından narahat idi.

Somali hökuməti ilə müharibə aparan "Əş-Şəbab" islamçı qruplaşmasının məqsədi şəriət dövləti quraraq Böyük Britaniya və ABŞ-a terror müharibəsi elan etməkdir.

Prezidentin seçilməsindən sonra çox sayda insan bu hadisəni qeyd etmək üçün ölkənin küçələrinə çıxıb. Şahidlər çox sayda silahlı şəxsin havaya atəş açdığını deyirlər.

1991-ci ildən bəri faktiki olaraq dövlət kimi mövcud olmayan Somalidə 1969-cu ildən bəri azad seçki keçirilməyib.

Əlaqəli mövzular