Britaniya mətbuatı: Yaxşı yuxu üçün yataq otağı necə olmalıdır?

Fotonun müəllifi Getty Images

ABŞ-ın "əsl prezidentinə" məktublar

"The Guardian" yazır ki, amerikalılar sosial şəbəkələrdə başlatdıqları kampaniyada bu sualı bayraq ediblər: Amerikanın əsl prezidenti kimdir? Donald Trump, yoxsa onun baş strateqi Steve Bannon?

Məqalədə deyilir ki, bu qəribə kampaniya bir həftədir başlanıb. Adamlar "prezident Bannon" müraciəti ilə başlayan qısa məktublarını və ya poçt açıqcalarını sosial media platformalarında #PostcardstoBannon həşteqi ilə dərc edirlər.

Belə kampaniyalardan birini də @cwardell adlı istifadəçi başlayıb.

O postlarından birində yazır ki, bəlkə də Ağ Evə "Prezident Bannon" müraciətli məktublar yaza-yaza Bannon-u işdən çıxartdırmaq olar.

#PostcardstoBannon həşteqini başlayan Justin Hendrix yazır:

"Adamlar bu kampaniyadan zövq alırlar. Bu, etirazların heç də ən ciddisi deyil. Lakin ən ciddi məsələ vaxtilə özünün ifrat sağçı internet portalında Amerika sistemini dağıdacağını açıq bildirən birisinin Ağ Evdə oturmasıdır," yazıb Hendrix.

"The Guardian" yazır ki, Bannon ifrat sağçıların platforması sayılan Breitbart news portalının baş redaktoru olub. Onun haqqında deyirlər ki, Bannon özünü "leninçi" adlandırır.

"Lenin dövləti dağıdıb və mənim də məqsədim dövləti dağıtmaqdır," deyib Bannon.

Hendrix deyir ki, adamlar "poçt açıqcalarının" hazırlanmasına həvəslə girişliblər. Bir xanım bir gecədə 30 internet açıqcası yaradıb.

Başqa bir anonim hesabın - @Note2PresBannon həşteqinin yaradıcısı deyir ki, onu bu kampaniyaya qoşulmağa sövq edən vəziyyətin ümidsizliyi olub.

Anonim istifadəçi yazır ki, o başqa etirazçılar kimi onu təmsil edən millət vəkilinə zəng etməyib, çünki onu təmsil edən millət vəkili yoxdur.

"Hiss etdim ki, Bannon-un əlindən hakimiyyəti satira və yumorla almaq olar, - yazır kampaniyaçı, - Dostlarımdan biri mənə deyib ki, müqavimət hərəkatı adama ləzzət eləməlidir".

Həmin istifadəçi məktubunda yazır: "Cənab prezident Bannon, müharibə - sülhdür, nadanlıq - hakimiyyətdir, Donald da prezidentdir. Məni də klubunuza götürərsinizmi?"

#PresidentBannon həşteqi bu yaxınlarda çox populyarlaşıb, çünki bəzi şərhçilərin fikrincə Trump-ı kukla kimi hərəkət etdirən şəxs məhz onun baş strateqidir. "Time" jurnalının üz qabığında Bannon-un adının altında "Böyük manipulyator" başlığı yazılmışdı.

"The Guardian" yazır ki, görünür Trump-ı da əsəbiləşdirən bu söz-söhbətlər olub və nəticədə ötən bazar ertəsi belə bir tvit yazıb: "Mən öz qərarlarımı özüm verirəm".

Bu arada Ağ Evin mətbuat katibi Sean Spicer jurnalistlərə Trump haqqında bunları bildirməyi lazım bilib: "Siyasəti yürüdən yalnız onun özüdür, qərarları qəbul edən də yalnız o özüdür və məncə siz özünüz də dəfələrlə görmüsünüz ki, bəzən müəyyən addımların onun tərəfindən atıldığına inanmaq çətin olur".

Lakin bütün bu söz-söhbətdə New York Times qəzeti "gül vurub". Qəzet yazıb ki, belə görünür Trump Bannon-un baş strateq təyin edilməsinə dair fərmanı imzalayanda nəyə qol çəkdiyinə baxmayıb.

Fotonun müəllifi Getty Images

Trump-ın yuxusuzluğu Amerika üçün milli təhlükədir?

"The İndependent" yazır ki, Donald Trump özünün xroniki yuxusuzluğu ilə az qala şərəf ordeni kimi qürrələnir.

Bu yaxınlarda verdiyi müsahibədə Trump deyib ki, hər gecə cəmi dörd saat yuxu yatır.

Trump Fox News telekanalının aparcısı Bill O'Reilly ilə söhbətində deyib ki, o hər gün gecə saat 12-yə və ya 1-dək oyaq qalır və sonra səhər saat beşdə yuxudan qalxır.

Məqalədə deyilir ki, Trump özünün oyaqlığı ilə qürrələnsə də, 34 ildir yuxu məsələlərini araşdıran professor Neil Stanley bunun fəxr eləməli bir şey olmadığını söyləyib.

Əksinə doktor Stanley düşünür ki, Trump-ın yuxusuzluğu Amerika üçün sonu bəlli olmayan nəticələrə gətirib çıxara bilər.

Doktor məhz buna görə də Trump-ın qəfil fərmanlarından narahatdır.

Alimlərin fikrincə, yuxu çatışmazlığı beynin ön hissəsi ilə bağlı funksiyalara mənfi təsir göstərir. Bu nahiyə sayıqlıq, diqqət, qərarların verilməsi və qavrama kimi funksiyalarla bağlıdır.

Doktorun fikrincə, yuxusuz olmaq içkili vəziyyətdə maşın sürmək kimi bir şeydir. Stanley deyir ki, 16 saat yuxusuzluq spirtli içki normasının aşılmasına bərabərdir, 24 saat yuxusuzluq isə içki normasının iki dəfə aşılması kimidir.

"Əgər siz çox içmisinizsə təbii ki, maşın sürərkən düzgün qərarlar qəbul edə bilməyəcəksiniz. Bu vəziyyətdə maşını yox, ölkəni idarə etmək daha təhlükəlidir," deyib Stanley.

Doktor Stanley hesab edir ki, Trump-ın lap bu yaxınlarda atdığı bir sıra yanlış addımlar da yuxusuzluğa düçar olan insanın simptomlarını göstərir.

Bunlardan biri Trump-ın Avstraliyanın baş naziri Malcolm Turnbull-lə danışarkən telefonun dəstəyini atmasıdır. Başqa bir yanlışlıq isə onun Tayvan prezidenti Tsai Ing-wen-ə lüzumsuz telefon zəngi edib 40 illik ABŞ siyasətinin üstündən xətt çəkməsidir, həkim deyib.

Doktor Stanley deyir ki, diqqətlilik insana həm xiyar doğrayanda, həm də nüvə raketlərinin düymələrini basanda lazımdır. Yuxusuzluq bu diqqətliliyi zəiflədir.

Həkimin fikrincə, azad dünyanın liderinə normal yuxu saatlarını yatmaq xüsusilə vacibdir.

Alimlərin firkincə, yuxu genetik amildir və əksər adamlar günün 7-9 saatını yatsalar da, ola bilsin cənab Trump az yuxunu normal bilən insanlardandır. Belələri əhalinin 2 faizini təşkil edirlər, lakin onların da hər 100 nəfərindən yalnız 5-i həqətən də az yuxu ilə keçinə bilir.

Doktor Stanley bildirir ki, yuxusuzluq insanın emosiyalarına da təsir edir. Yuxusuz adamlar mübahisəyə meylli olur və küdsdükləri ilə nadir hallarda barışırlar.

Fotonun müəllifi Thinkstock

Əsas məsələ çarpayıdadır

"The Telegraph" qəzeti isə Trump və yuxusuzluq mövzusuna davam ola biləcək yazı dərc edib.

India Sturgis yazır ki, Donald Trump-ın Ağ Evi gecə paltarında idarə etməsinə dair söz-söhbət yenidən yuxu və yuxusuzluğa dair elmi debatları qızışdırıb.

Müəllifin fikrincə, yaxşı yuxu yaxşı yataq otaqlarında olur.

Ekspert bu məqsədlə yataq otağınızın necə olmalı olduğu barədə 8 məsləhət verir.

Çarpayınızdan açılan mənzərə

Sturgis-in fikrincə çarpayı yataq otağında elə yerləşdirilməlidir ki, uzanan adam qapını görə bilsin. Bu insanlarda təhlükəsizlik duyğusu yaradır və insan daha yaxşı yuxuya gedir. Buna görə də çarpayınızdan görünən predmet hər hansı incəsənət əsəri olmamalıdır. Televizordan isə söhbət belə gedə bilməz.

Güzgülərdən xilas olun

Yataq otaqlarında güzgülərin yerləşdirilməsinə qəti yol vermək olmaz, belə ki, güzgülər "enerjini aktivləşdirir", amma sizin rahat yatmağınız üçün sərin, balaca, qaranlıq məkan lazımdır. Güzgülər isə əksinə otağı əks etdirməklə məkanı böyüdür. Güzgülərinizi paltar şkafı qapılarının iç tərəfinə yerləşdirin və ya açıq güzgünün üstünə örtük çəkin. "Fərqi özünüz görəcəksiniz" - yazır ekspert.

Başınızın üstündə rəflər olmamalıdır

Çarpayınızın baş tərəfində, daha doğrusu başınızın üstündə kitab və ya başqa şeylər qoyulumuş rəfllər olmamalıdır. Baş üstündəki rəflər otağın "enerji ağırlığını" yatanın üstünə salır.

Mavi divarlar

Rəng psixoloqu Karen Haller tövsiyə edir ki, yataq otağınızın divarları mavi rəngdə olmalıdır. Onun firkincə mavi rəng duyğuları və beyni rahatlaşdırır. Amma bu zaman tünd göy rəngdən qaçmaq lazımdır. Belə divarları olan otaqda yatmaq əvəzinə təkrar düşüncələrə dalırsan.

Ekspertin fikrincə, yataq otağı üçün hansı rəngi seçmənizdən asılı olmayaraq bu, həmin rəngin açıq çaları olmalıdır.

Lampa işığı düzgün düşməlidir

İşığın zəifləməsi bədənin təbii melatonin hormonunun istehsalına xidmət edir. Melatonin isə yuxuya kömək edir.

Memar və dizayn eksperti Tomas Klassnik tövsiyə edir ki, yataq otağının pəncərələrini çox qalın pərdələr örtməldir.

Rənglərini dəyişən LED lampalarından istifadə də insanı yuxuya xumarlandıra bilər. Lakin gündüz saatlarında lampanın rəngi gündüzün işığına uyğun olaraq parlaq mavi olmalıdır.

İşığı azalıb-artırılan lampalar daha faydalıdır.

Səsin qarşısını alın

Yumşaq mebel və qalın pərdələr və ya xalçalar yataq otağına gələn səsləri boğmaqla yuxuya getməyinizə kömək edir. Əgər səsə çox həssassınızsa, divarlarınıza səsyazma studiyalarındakı üzlüklərdən də çəkdirə bilərsiniz.

Otaq bitkiləri

Ekspertlərin fikrincə, yataq otağında bəzi bitkilərin olmasında fayda var. İngilis daşsarmaşığı (azərbaycanlılar buna "adi daşsarmaşığı" deyirlər) və aloe havanı təmizləməklə oksigen buraxır və bu isə yaxşı yuxuya xidmət edir. Bir ABŞ araşdırması göstərib ki, daşsarmaşığı otağın havasındakı kifin 78 faizini ləğv edir.

Böyük çarpayılar alın

İngiltərədə çarpayı istehsal edən şirkətlərdən birinin sahibi Adam Black and içir ki, adam yaşa dolduqca ona daha böyük çarpayı lazım gəlir. Əgər xırda uşaqları olan ailəsinizsə, nəzərə alın ki, yatağa cüt girib, səhəri bütün "külfətlə" bir yerdə aça bilərsiniz. Odur ki, hətta ikinəfərlik və kral (kingsize) ölçülü çarpayılardan da yaxşısı "imperator" ölçülü çarpayılardır.

Onun sözlərinə görə, çarpayıya və rahat döşəyə qoyulan investisiya şirin yuxularla mənfəət gətirir.