Britaniya mətbuatı: ABŞ "dünya korrupsiyaçılarını sevindirən" qanun qəbul edə bilər

Britaniya mətbuatı

"The Guardian" yazır ki, Amerika 1978-ci ildə Xaricdə Korrupsiya Fəaliyyəti haqqında qanunu qəbul etdikdən sonra daim beynəlxalq korrupsiyaya qarşı mübarizənin önündə olub.

Sözü gedən qanunda söhbət müxtəlif şirkətlərin sərfəli kontraktlar üçün xarici hökumətlərə rüşvət verməsinin qarşısının alınmasından gedir.

Bu qanunun qəbul edilməsində ABŞ özü üçün böyük fayda görürdü, çünki öz şirkətlərinin rüşvətsiz də kontraktlar əldə edə biləcəyinə əmin idi.

Buna baxmayaraq bir çox başqa ölkə şirkətləri xarici hökumətlərə və korrupsioner məmurlara rüşvət verməklə ABŞ şirkətlərini qapı arxasında qoyurdu.

"The Guardian" yazır ki, məhz bu səbəbdən də "əliqamçılı beynəlxalq şerif kimi at belində başqa rüşvətxorları cəzalandırmaq" Amerikanın döşünə yatırdı.

Lakin bu, yalnız indiyədək belə idi. İndi Donald Trump-ın prezidentliyinin 4-cü həftəsində, rüşvətə və korrupsiyaya qarşı beynəlxalq mübarizənin 40 ilindən sonra, dünya boyunca büdcə oğrularının və kleptokratların üzü gülə bilər.

Nə baş verib? Məsələ burasındadır ki, Konqresin hər iki palatası ABŞ-ın neft-qaz və digər mədən şirkətlərini öz gəlirlərini, lisenziyalarını və xarici hökumətlərə verdikləri pulları açıqlamağa məcbur edən qanunu "daraltmaq" niyyətindədir.

Bu qanun vaxtilə demokrat Senator Ben Cardin və respublikaçı senator Richard Lugar tərəfindən 2010-cu il tarixli Dodd-Frank qanuna düzəliş şəklində qəbul edilmişdi. Dodd-Frank qanunu yalnız Wall Street-ə şamil edilirdi.

Cardin-Lugar qanunu Amerikanın maliyyə gözətçisi olan Qiymətli Kağızlar və Birja Komissiyasına mədən şirkətlərinin işinin şəffaflaşdırılması üçün müstəsna hüquqlar verir.

Korrusiyaçıların zəmanəsi qayıdır?

Təbiidir ki, böyük neft şirkətləri maliyyə sirlərini çox da böyük həvəslə bölüşmürlər.

Amerika neft şirkətlərinin lobbiçisi American Petroleum Institute (APİ) ABŞ-dakı lobbiçi qrupları arasında ən yaxşı maliyyələşdirilən təşkilatdır. Bu təşkilat daim Cardin-Lugar qanunun əleyhinə çıxırdı.

Bu məsələni məhkəmədən-məhkəməyə sürüməklə APİ 2019-cu ildə tam qüvvəsi ilə işə düşəcək Cardin-Lugar qanununu sıradan çıxarmaq istəyir. APİ-nin əsas strategiyası qanunun tətbiqini ləngitmək və "daha yaxşı" vaxtların gəlməsini gözləmək idi.

"The Guardian" yazır ki, ola bilsin, Donald Trump-ın prezident olması, üstəlik keçmiş Exxon-Mobil şirkəti başçısı Rex Tillersonun dövlət katibi təyin edilməsi məhz APİ-nin gözlədiyi "yaxşı məqamdır". Tillerson APİ-nin ən hörmətli üzvlərindən biridir.

Lobbiçilər iddia edirlər ki, Cardin-Lugar qanunu ABŞ şirkətlərinin işinə əngəl törədərək başqa ölkələrin şirkətlərinə yol açır.

Bundan çıxış edən Konqres indi Qiymətli Kağızlar və Birja Komissiyasına "qanunun Amerikaya daha sərfəli variantını" işləməyi tapşırıb.

"The Guardian" yazır ki, bu, əslində həqiqəti başayaq etmək tapşırığıdır.

Rüşvətxoru heç olmasa qorxutmaq

Məqalədə deyilir ki, korrupsiya bəladır və o, neft şirkətləri də daxil hamı üçün təhlükə təşkil edir.

Korrupsiya qlobal olaraq hər il ÜDM-in 5 faizini "yeyir". Bu isə hər il 2, 6 trilyon dollar deməkdir.

Korrupsiya xüsusilə də mədən sənayesində yüksək həddə çatıb. Təkcə 2012-ci ildə inkişaf etməkdə olan ölkələrdə rüşvət pulları 500 milyard dolları keçib. Bu, inkişaf etməkdə olan ölkələrə göstərilən maliyyə yardımından 3, 7 dəfə çoxdur.

Antikorrupsiya kampaniyaçıları ABŞ Konqresinin təşəbbüsünü son dərəcə təhlükəli hesab edirlər.

"The Guardian" yazır ki, indiyədək ABŞ antikorrupsiya qanunları Avropa və başqa yerlərdəki şirkətlərə də göz dağı və xəbərdarlıq idi. Bundan başqa Avropa ölkələri ABŞ-a baxaraq daha sərt antikorrupsiya qanunları qəbul edirdilər.

"Amma indi ABŞ siqnal verir ki, daha az şəffaf və korrupsiya ilə mübarizədə daha az sərt olacaq" - yazır "TheGuardian".

Məqalədə deyilir ki, Cardin-Lugar qanunu rüşvətin kökünü kəsmirdi, amma heç olmasa onu alanların və verənlərin ürəyinə xof salırdı.

Quranı Hitlerin kitabına bənzədən holland siyasətçi seçkidə qalib gələcək

Fotonun müəllifi Sean Gallup
Image caption Geert Wilders-ə "Holland Trump-ı" deyirlər

"The İndependent" yazır ki, Hollandiyanın ziddiyyətli ifrat sağçı siyasətçisi Geert Wilders seçkidən sonra ölkəyə liderlik edəcəyini deyib. O ona belə bir imkan verilməsə, elektoratı ayağa qalxmağa çağırıb.

Özünün WNL telekanalına 40 dəqiqəlik müsahibəsində siyasətçi məscidləri nasist məbədlərinə, Quranı isə Hitlerin "Mein Kampf" kitabına bənzədib.

"The İndependent" yazır ki, cənab Wilders adətən belə uzun-uzadı müsahibələr vermir.

El arasında "Holland Trump-ı" ayamasını qazanmış ideoloq öz fikirlərini əsasən Tvitter vasitəsi ilə paylaşır.

Lakin indi, seçkiyə beş həftə qalmış, cənab Wilders kampaniyasını intensivləşdirib.

"Hollandiya yenidən bizimki olacaq" - onun əsas şüarıdır.

Onun 11 maddəlik proqramında ölkənin "tamamilə islamsızlaşdırılması" da nəzərdə tutulub.

Bazar günü gecə verdiyi müsahibədə siyasətçi "Quranı necə qadağan edəcəksiniz" sualına "Hitlerin Mein Kampf kitabı kimi" cavabını verib.

O əlavə edib ki, əlbəttə, insanların Quran kitablarını müsadirə etməyəcək.

Wilders deyib ki, dərinə gedilsə, Quran Hitlerin avtobioqrafiyasından daha antisemit kitabdır və buna görə onun mağazalarda satılmasına qadağan qoyulacaq.

O bunu da bildirib ki, Hollandiyadakı məscidləri bağlayacaq və bunun üçün sadəcə olaraq onların lisenziyalarını ləğv edəcək.

Başqa partiyalar Wilders-in partiyası ilə heç bir koalisiyaya girməyəcəklərini bildiriblər, lakin ifrat millətçi deyib ki, onun partiyasına hakimiyyət imkanı yaradılmasa partiya tərəfdarları ayağa qalxacaqlar.

"The İndependent" yazır ki, son rəy sorğularına görə Wilders-in PVV partiyası 15 mart seçkilərindən ən böyük qalib kimi çıxacaq.

Lakin bu qələbə ona parlamentdəki 150 mandatdan yalnız 30-nu qazandıracaq. Belə olduqda başqa partiyaların da iştirak edəcəyi koalisiyanın yaradılması zəruri olacaq.

Seçkidə iştirak edən 28 partiyanın demək olar hamısı PVV ilə heç bir əməkdaşlığa daxil olmayacağını bəyan edib. Buraya hazırkı baş nazir Mark Rutte-nin VVD partiyası da daxildir. O PVV-dən sonra ikinci yerdə gedir.

PVV-nin bir çox tərəfdarları etiraf edirlər ki, bu, onlar üçün "etiraz seçkisidir".

Məsələn Dordrext şəhərindən əlil arabaları satan Gerrit van Hes "The İndependent" müxbirinə deyib ki, o şəxsən Wilders-in baş nazir olmasını istəmir.

Bununla belə, seçici ümid edir ki, Wilders-in qələbəsi başqa partiyaları miqrant və qaçqın məsələsində daha sərt mövqe tutmağa məcbur edəcək.

Uşağı doğmadan onu ən yaxşı bağçaya yazdırmaq

Fotonun müəllifi Jeff J Mitchell
Image caption Analar uşaqlarını lap körpəlikdən hesab və maliyyə dərsləri, mandarincə öyrədiləcək baxçaya yazdırırlar

"The Daily Mail" yazır ki, uşaqlarını ən yaxşı məktəblərə qoymağa can atan valideynlər az deyil.

Amma indi Britaniyada "tiger mum" - "pələng ana" ləqəbini qazanmış qadınlar bir qədər də irəli gediblər. Onlar uşaqlarını hələ doğmadan əvvəl karyeraya hazırlayırlar.

Bu yaxınlarda Londonun şimalında açılacaq uşaq bağçasında 2 yaşına çatmamış uşaqlara Çinin dillərindən biri olan mandarincəni öyrədəcəklər və bəzi valideynlər hələ uşağı doğmamış onları bu təhsil ocağına yazdırırlar.

Safari Kid bağçasının rəhbərləri iddia edirlər ki, onların "məzunları" məktəbə başlayanda öz həmyaşıdların azı iki il irəlidə olacaqlar.

Məqalədə deyilir ki, bu uşaq bağçası Californiyadakı Silikon vadisinin maliyyələşdirdiyi tədbirlər zəncirinə daxildir və iri maqnatların uşaqları üçün nəzərdə tutulub.

Niyə məhz mandarin dili? Bu sualın cavabında uşaq bağçasının direktoru Gabrielle Oh deyib ki, "uşaqlar hamam süngəri kimidir, nə versən canlarına çəkirlər".

"Xarici dil öyrənənlərin qarşısında bəzən ana dili əngəl rolunu oynayır. Amma körpələrin belə problemi yoxdur"- deyir müdir.

Bu bağçada uşaqlara lap körpəlikdən hesab və maliyyə dərsləri də keçiləcək. Onlar 12 sahə üzrə hər semestrin axırında imtahan verəcəklər.

Kliniki psixologiya eksperti Linda Blair deyir ki, əcnəbi dilin lap körpəlikdən öyrədilməsi uşaqlar üçün fantastik imkandır.

Lakin heç də bütün ekspertlər belə düşünmürlər. Ekspert Elaine Halligan deyir ki, uşaqları lap körpəlikdən bu qədər yükləmək onların sağlamlığı üçün təhlükəli ola bilər.

"Uşağınızın ən yaxşı bağçaya getməsi, hələ onun bu dünyada ən uğurlu insan olacağı demək deyildir" - deyib ekspert.

Başqa bir ekspert, Margaret Morrissey isə deyir ki, uşaqları insan kimi formalaşdıran onlara verilən elmi biliklər yox, həyatdan öyrəndikləri dərslərdir.

"Biz uşaqlara adam kimi böyümək imkanı verməliyik" - deyib Morrissey.

Əlaqəli mövzular