Meksika: meksikalılar Trump-ın sərhəddə divar tikintisinə etiraz edirlər

Nümayişçilər Donald Trumpla yanaşı Meksika prezidentini də tənqid ediblər Fotonun müəllifi AP
Image caption Nümayişçilər Donald Trumpla yanaşı Meksika prezidentini də tənqid ediblər

Meksikanın paytaxtında ABŞ prezidenti Donald Trumpın miqrasiya siyasətinə qarşı keçirilən nümayişdə 20 min insan iştirak edib. Meksikalılar xüsusilə onun Meksika rəhbərliyini sərhəddə divarların tikintisinə məcbur etmə planına etiraz ediblər.

Buna bənzər aksiyalar ölkənin digər iki şəhərində də keçirilib.

Nümayişçilərin çoxu ağ paltar geyinərək əllərində milli bayraq və ABŞ prezidentinə qarşı şüarlar olan plakatlar tutublar.

"Trump, Meksikanı birləşdirdiyinə görə sağ ol". Şüarlardan birində belə yazılıb.

Etiraz edənləri bir neçə Meksika universiteti, biznes-assosisiyalar və ictimai təşkilatlar da dəstəkləyib.

Aksiya təşkilatlatçıları bu nümayişlə hər şeydən əvvəl ABŞ-da yaşayan və sərt miqrasiya qanunlarına uyğun olaraq deportasiya təhlükəsi altında olan meksikalı həmvətənlərlə həmrəy olduqlarını göstərmək istədiklərini bildiriblər.

Bununla yanaşı nümayişdə ölkə prezidenti Enrique Pena Nietonun ünvanına da sərt fikirlər səslənib.

ABŞ prezidenti Donald Trump Meksika ilə sərhəddə divarın tikilməsi barədə sərəncam imzalayıb. Bununla o, bütün Cənubi Amerikadan qeyri-qanuni mühacirlərin və narkotika kartellərinin ABŞ-a daxil olmasının qarşısını almaq istəyir.

ABŞ-ın daxili təhlükəsizlik naziri John Kelly Meksika ilə sərhəddə divarın iki il ərzində tikiləcəyini və tikintinin yaxın aylarda başlanacağını bəyan edib.

Bu barədə daha geniş