BBC araşdırması Britaniya həbsxanasında vəziyyəti üzə çıxarıb

Panorama müxbiri Joe Fenton
Image caption Müxbir Joe Fenton həbsxanada 2 ay işləyib

BBC üçün edilən gizli çəkilişdə, ölkənin ən böyük həbsxanalarındakı qarışıq vəziyyət aşkar olub.

Panoramadan göndərilən gizli müxbirimiz 1348 kişinin yerləşdiyi Northumberland həbsxanasında 2 ay keçirib.

O, narkotik vasitədən geniş istifadə, özbaşınalıq, bloklardan birində həyəcan siqnalı işləməyən qapı və daxili təhlükəsizlik çəpərində deşik ilə üzləşib.

Ədliyyə Nazirliyi, Acklington təcridxanasında "iddia edilən ciddi ittihamları" araşdıracağını vəd edib.

Məftil kəsən qayçılar

Həbsxana polisləri həmçinin, C kateqoriyalı həbsxanada yun papaqlar, bezlər və məftil kəsən alətlər aşkarlayıblar.

Dustaqların daxili çəpər boyunca atılan narkotik vasitə və ya digər kontrabandanı əldə etmək üçün gizlicə hərəkət etdikləri düşünülür.

Gizli araşdırmanın ən narahatedici epizodlarından birində, gözətçilərdən birinin təsadüfən həbsxanalarda spice (ədviyyat) adlı geniş yayılan kənafın ucuz və daha güclü əvəzləyicisi olan sintetik maddəni nəfəslə qəbul etdiyi və nəticədə onun yerdə qıc olmuş vəziyyətdə uzandığı görünür. l.

Image caption Gizli çəkilişlər məhbusları narkotik maddələrin təsiri altında göstərir

Nəzarətçi kimi çalışan gizli müxbir, bildirib ki, oradakı işçilərdən biri, məhbuslarla mübahisə etmək istəmədiklərini söyləyib. Buna səbəb isə, ehtiyat dəstəyin gec gələ biləcəyinə ehtimalıdır.

Gizli çəkiliş zamanı, müxbir aşağıdakı səhnələri lentə alıb:

  • Narkotikdən bihuş olan dustaqlar
  • Çox sayda məhkumu idarə etmək üçün bir polis nəfəri
  • İşçiləri hədələyən məhbuslar
Image caption Təsadüfən spice (ədviyyat) tüstüsü udan gözətçi yerə yıxılıb

Panorama araşdırması, Ədliyyə Nazirliyinin, Milli Cinayətkar İdarəetməsi Xidmətinin yeni həbsxana və şərti həbs xidmətləri ilə əvəz edilməsi xəbərindən sonra, başlayıb.

200 iş yeri bağlanıb

Northumberland Həbsxanası, Sodexo Ədliyyə Xidməti tərəfindən idarə olunur.

Bu, hakimiyyətin həbsxananın büdcəsindən 500 milyon funt sterlinq kəsəcəyi xəbərindən sonra, 2014-cü ildə özəlləşdirilib.

Müqaviləni qazanmaq üçün Sodexo, 15 il ərzində 130 milyon funt sterlinq dəyərində vergi ödəyicilərini xilas edəcəyi öhdəliyini götürüb. 96 həbsxana polisi yeri də daxil olmaqla, 200 iş yeri bağlanıb.

Həmin vaxt, Həbsxana Polisləri Assosiasiyası, bunun "qaçma və qiyamla" nəticələnə biləcəyini bildirmişdi.

Northumberland dustaqxanası, hazırlıq həbsxanası hesab olunur. Burada məhbuslara, azadlığa çıxmamışdan əvvəl hazırlıq məqsədilə müxtəlif növ təhsil və hazırlıq proqramları tədris olunmalıdır.

Panorama müxbiri, kənar podratçı Novus tərəfindən təqdim olunan "iş bacarıqları" sinfində bəzi dustaqların cizgi filmi qəhrəmanı Peppa Pig-in rəsmini rənglədiklərininin şahidi olub.

Təcridxana Müdirləri Assosiasiyasının prezidenti Andrea Albutt BBC-ə müsahibəsində bildirib ki, idarənin itirilməsinə səbəb iş yerlərinin azaldılmasıdır.

O deyib: "Vəziyyət belədir: hazırda həbsxana polislərinin sayı azdır və bu da onların özlərinə inamına təsir etdiyi kimi, bizlərə də idarə edilməsi çətin həbsxana sakinləri verir."

Ədliyyə Nazirliyindən BBC-ə bildiriblər: "Ədliyyə nazirinə həbsxanalarımızdakı zorakılıq və özünə zərər halları haqqında məlumat verilib. Bu məqsədlə də biz, illik əlavə 100 milyon funt sterlinq pul yatırmağa çalışırıq ki, 2500 polisi işə götürə bilək."

"Bunlar uzunmüddətli problemlərdir və bir neçə həftə və ya aya həll etmək mümkün olmaz. Lakin, biz, təcridxanalarımızı təhlükəsiz bir yerə çevirməkdə israrlıyıq."

'İşçilərlə fəxr edirik'

Sodexo-nun sözçüsü deyib: "Biz, çətin şərtlər altında bu cür professional iş bacardıqlarına görə Northumberland-akı işçilərimizlə fəxr edirik."

"Dustaqlarımız və işçilərimizin mühafizə və təhlükəsizliyi bizim əsas borcumuzdur. Buna görə də, müqavilənin şərtləri daxilində və ondan daha artıq olaraq, hər iki sahə üzrə ciddi yatırımlar edirik."

Araşdırmanın bir hissəsi kimi Panorama, dustaqların İngiltərə və Uels həbsxanalarındakı təhlükəsizlik ilə bağlı dediklərində təhlil edib.

Rəsmi sorğuların nəticələrini araşdırarkən aydın olub ki, son 12 il ərzində həbsxanalarda narkotik maddələrin əldə edilməsinin "asan" olduğunu düşünən məhbusların sayı kəskin şəkildə artıb.

2004-cü ildə məhbusların 24 faizi həbsxanada "asanlıqla narkotik əldə etmək olar" deyib, lakin 2016-cı ildə bunu məhbusların 46 faizi deyib.

Eyni müddətdə özlərini "təhlükə altında" olduqlarını düşündüklərini deyən məhbuslar 32 faizdən 48 faizə qalxıb.

Hesablamalar dustaqların həmin an söylədiklərinə əsasən hazırlanıb.

Hər bir həbsxana yoxlanışdan keçmədiyi və şərtlərin təqdim olunan yeni rejim və ya mənbə nəticəsində sürətlə dəyişdiyi də nəzərə alınmalıdır.

Ədliyyə Xidmətinin keçmiş başçısı və hazırda Ədliyyə Nazirliyi heyətinin qeyri-icraçı üzvü Ser Martin Narey deyib: "Acı həqiqət həbsxana polisinin sayının az olmasıdır."

"Əgər rəqəmlərin azaldılması özünəinama də təsir göstərirsə, demək ki, bəzi polislər, dustaqlar ilə soyuq münasibət quracaqlar."

"Bu, bizim görmək istədiyimiz ədliyyə xidməti üçün çox təhlükəlidir."

'Qarışıqlıq qəzəbi əks etdirir'

Ser Martin inanır ki, Ədliyyə naziri Elizabeth Tuss-ın daha çox polis işə cəlb edərək fərq yaratmaq qərarı düzgündür.

"Biz, onların özünə güvənini bərpa etməyə köklənməliyik," o deyib.

"Bizim son dövrlərdə gördüyümüz qarışıqlıq, qəzəbin əksidir."

"Əgər içəri salıb qapını bağladığımız insanlara nə isə etməyi öyrətmiriksə, açılan imkanları itiririk."

Mühafizəkar millət vəkili Crispin Blunt-ın fikir isə belə olub: "Biz, həbsxananın insanları tamamilə dəyişdirəcəyi bir yerə çevirmək səviyyəsinə çatmağa məcburuq."

Bu barədə daha geniş