Turistin sözlərini yanlış tərcümə edən tanzaniyalı həbs olunub

Tərcüməni qarışdıranlar: Bu cütlüyün videosu sosial mediada geniş yayılıb Fotonun müəllifi Twitter
Image caption Tərcüməni qarışdıranlar: Bu cütlüyün videosu sosial mediada geniş yayılıb

Tanzaniya oyun parkının bələdçisi, turistin ölkə və onun insanları haqqında dediklərini yanlış tərcümə etdiyinə görə həbs olunub.

Geniş yayılan video klipdə bələdçi, turistin tanzaniyalıların aclıqdan "şikayətləri" dayandırmasını istədiyini svahili dilində deyib.

Qadın, əslində deyirmiş ki, tanzaniyalılar "gözəl insanlardır".

Bələdçi, Turizm Naziri Jumanne Mshembe-nin göstərişi ilə cümə axşamı günü naməlum əsaslarla həbs edilib.

Tanzaniya özünü Afrikanın Ürəyi kimi reklam edir və vəhşi təbiəti və möhtəşəm mənzərələrinə görə, turistlər arasında məşhurdur.

Naməlum bələdçi, şimal-qərbdə yerləşən Serengeti Milli Parkındandır.

Regional polis komandiri Philipo Kalangi BBC-ə bildirib ki, o dindirilir və əlavə məlumat verməyib.

Əsas şəhər Dar əs Salaam-da olan BBC-in müxbiri Lizzy Masinga, onun hansı səbəblə göz altına alındığı və həbsinin dəqiq olmadığını deyib.

Ola bilsin ki, nazir, onun turisti ələ saldığını və ya prezident John Magufuli-ni yamısladığını düşünüb. Çünki, onun bəzi sözləri prezidentin insanları aclıqdan şikayət etməməyə çağırarkən istifadə etdiyi sözlərə oxşayıb, müxbirimiz əlavə edir.

Keniya qəzetlərindən birində videonun mətni dərc olunub:

"Salam. Mənim Tanzaniyaya səyahətim gözəl və mükəmməl keçir. Tanzaniyalılar gözəl insanlardır və mehribandırlar. Görüşərkən hər kəsə jambo (Salamın svahili dilində qarşılığı) deyilir. Burada olmağımdam şadam. Təbiət gözəldir, gözəldir. Heyvanlar gözəldir."

Bələdçi bunu belə tərcümə edib:

"Tanzaniyalılar aclıq barəsində çoxlu şikayət edir/ağlayırlar. Evində çiçəklər olduğu halda, aclıqdan ağlayırsan. Çiçəkləri niyə qaynadıb içmirsən. Aclıqdan şikayət etmək/ağlamaq yaxşı şey deyil.

Turist:

"Heyvanların müxtəlifliyi və gördüyüm insanlar, başqa yerlərdən fərqli olaraq mükəmməldirlər. Hər şey əladır."

Bələdçi:

"Prezidentinizdən sizin üçün yemək bişirməsini istəyirsiniz? Elə bilirsiniz prezidentiniz aşbazdır? Siz yaxşısı paltarlarınızı qaynadıb yeyin."

Turist:

"Ömür boyu burada qalıb dadını çıxarmağa dəyər. Hər şey fantastik, gözəl, inanılmaz və əvəzolunmazdır."

Bələdçi:

"Ölkənizin hər küncündə özünüzə məşğuliyyət tapmağa çalışın. Prezident, sizin üçün yemək bişirsin deyə, Dövlət Evindən çıxa bilməz. Özünüzə yemək bişirməlisiniz."