Britaniya mətbuatı: Bir əsr "sevirəm" demədən sevmək

Fotonun müəllifi Reuters

Rusiya indi də Fransa seçkisinə müdaxilədə ittiham olunur

"Financial Times" qəzeti yazır ki, Fransada siyasətçi Emmanuel Macron-nun kampaniyası Rusiyanı və onun dövlət mediasını Fransa prezident seçkilərində potensial baxımdan qalib ola biləck namizədə qarşı haker və saxta xəbər hücumunda ittiham edib.

Cənab Macron-un seçki komandasının rəhbəri Richard Ferrand deyib ki, namizədə qarşı Rusiyadan qaynaqlanan "yüzlərlə, hətta minlərlə haker hücumu" olub.

"Bu gün biz faktlara diqqət yetirməliyik: Rusiyanın iki əsas media qurumu - Rusiya dövlətinin mülkiyyətində olan Russia Today və Sputnik saxta xəbərlərin tirajlanması ilə məşğuldur" - deyib Ferrand Fransa 2 telekanalına.

Bu bəyanat Avropa kəşfiyyatının son zamanlar Rusiyanın Fransada, Hollandiyada və Almaniyada keçiriləcək prezident və parlament seçkilərinə müdaxiləsi təhlükəsi olduğu barədə məlumatları ilə səsləşir.

Bundan əvvəl ABŞ kəşfiyyatı ötən il bu ölkədə keçirilmiş seçkilərdə Rusiyanın Demokratik Partiyaya haker hücumu barədə məlumat vermişdi.

"Financial Times" yazır ki, Rusiya prezidentinin sözçüsü Dmitri Peskov qəzetin şərh üçün müraciətinə cavab verməyib.

Lakin Rusiya rəsmiləri və təhlilçiləri Ferrand-ın iddilarını Qərb siyasi elitasının düşdüyü panikanın əlaməti kimi rədd ediblər.

Kremlə qarşı bundan əvvəl də ittihamların səsləndiyini qeyd edən bir Rusiya rəsmisi deyib ki, "Rusiyanın xortdan kimi təqdim olunması cəhdləri davam edir".

"Bu bizi kədərləndirir, lakin biz bu iddiaların tamamilə əsassız olduğunu deyə bilərik" - deyib həmin rəsmi.

Russia Today televiziyası Fransadan sələnən ittihamların əsassız olduğunu bildirib.

Ötən ay Fransanın müdafiə naziri Jean-Yves Le Drian demişdi ki, "kütləvi saxta informasiyanın yağıdırılmasından" seçki nəticələrinə təsir aləti kimi istifadə edilə bilər.

Fransanın antikiberhücum kəşfiyyat agentliyi ANSSI hələ ötən il prezidentliyə namizədləri sözü gedən təhlükələrdən agah etmişdi.

Seçkiyə müstəqil namizəd kimi qatılan cənab Macron öz siyasi partiyasını bir ildir ki, yaradıb və dərhal da rəy sorğularının liderinə çevrilib.

Rəy sorğuları göstərir ki, o artıq populyarlığına görə sağ-mərkəzçi namizəd Francois Fillonu geridə qoyub və may ayında keçirləcək ikinci seçki raundunda iki namizəddən biri ola bilər.

"Financial Times" yazır ki, Macron meydana çıxmazdan əvvəl Moskva Fransadakı seçki kampaniyasına arxayınçılıqla baxırdı. Moskva seçkidə ifrat sağçı Marine Le Pen-in uğurunu istəsə də, onu Fillon da qane edirdi, çünki bu siyasətçi Rusiya üçün daha məqbul namizəd idi.

Rusiya Elmlər Akademiyasından Fransa üzrə ekspert Sergey Fyodorv deyir ki, əslində cənab Hamondan başqa bütün prezidentliyə namizədlər keçmişlərdən fərqli olaraq bu kampaniyada Rusiyaya münasibətdə çox praqmatik və dost mövqe tuturdular.

Lakin cənab Macron Rusiya ilə daha yaxşı münasibətlərə və sanksiyaların yumşaldılmasına çağıran Fillondan fərqli olaraq Moskvanın kəskin tənqidçisidir.

"Cənab Ferrand bildirib ki, Macron məhz bu səbəbə görə Rusiya tərəfindən hədəflənir. Çünki o daha güclü Avropanın tərəfdarıdır" - deyib kampaniya rəhbəri.

"Financial Times" yazır ki, Macron seçki kampaniyası yarışında liderliyə keçəndən bəri Rusiya mediası və analitikləri onu "qlobal elitanın oyunçusu" kimi təqdim edirlər. Onlar hətta hədələyirlər ki, WikiLeaks-in Macrona dair kompromatları var.

Keçmiş respublikaçı millət vəkili Nicolas Dhuicq Rusiyanın Sputnik şəbəkəsinə müsahibəsində deyib ki, Macronu "çox zəngin, homoseksuallar lobbisi" dəstəkləyir və guya o radiostansiya başçısı Mathie Gallet-lə nikahdankənar homoseksual əlaqələrdə olub.

FireEye kibertəhlükəsilik firmasının cənubi Avropa üzrə direktoru David Grout deyib ki, hazırda Avropa seçkilərinə müdaxilə edən Rusiya qrupları az əvvəl ABŞ-da Demokratik Partiyanın serverlərinə haker müdaxiləsi edən qruplardır.

Fotonun müəllifi VANO SHLAMOV

Gürcüstan patriarxını zəhərləmək istəyiblər?

"The Guardian" yazır ki, Gürcüstanda prokurorlar ölkənin ali din xadimlərindən birinə qarşı qətlə cəhd ittihamı irəli sürərək onun Gürcüstandan çıxmasına mane olublar.

O Gürcüstanın Berlinə orada müalicədə olan patriarx İliyaya baş çəkmək üçün çantasında sianid saxlayaraq səfər etməyə hazırlaşırdı.

Keşiş Giorgi Mamaladze Tbilisi hava limanında fevralın 10-da saxlanıb, Gürcüstanın baş prokuroru İrakli Şotadze jurnalistlərə deyib.

"The Guardian" yazır ki, bu qalmaqal 4-cü əsrdə Xristianlığı qəbul etmiş iki ölkədən biri olduğunu bəyan edən dindar Gürcüstanı silkələyib.

"Biz çox böyük bir fəlakətin qarşısını almışıq. Ölkəmizə qarşı, kilsəmizə qarşı xain hücumun qarşısı alınıb" - baş nazir Giorgi Kvirikaşvili İnterfax xəbər agentliyinə deyib.

Kvirikaşvili bildirib ki, o öz mühafizə idarəsinin rəisini patriarxı xilas etmək üçün Almaniyaya göndərib.

Baş nazir xatırladıb ki, patriarx İliya Gürcüstan ailələrində doğulmuş hər bir ikinci uşağı şəxsən xaçaçur etməklə ölkə əhalisinin artımına təkan verib.

Xəbər verilir ki, 84 yaşlı partriarx bu yaxınlarda xeyli zəifləyib və o sentyabr ayında Roma papası Francis-i hava limanında qarşılayarkən mühafizəçilərin köməyi ilə ayaq üstə dayana bilirdi.

Rustavi 2 televiziyası ötən bazar günü 2-ci İliyanın zəhərlənməsinə cəhd edildiyi barədə məlumat vermişdi.

Şotadze deyib ki, təhqiqata, bir nəfər Mamaladzenin ondan sianid maddəsi tapmağı xahiş etdiyini orqanlara xəbər verdikdən sonra başlanıb.

Rustavi 2 telekanalına müsahibə verən arxiyepiskop Andria deyib ki, belə bir cinayətə keşişin cəhd etməsi ağlasığmazdır.

Baş keşiş Şio Payçadze isə bu xəbərlərə inanmadığını deyib və bildirib ki, patriarx, Mamaladze ilə çox yaxın münasibətlərdə olub.

Əgər təqsiri isbat olunarsa, hazırda həm də Müqəddəs Anna və Yoakim Tibb Mərkəzinin başçısı olan Mamaladzeni 15 ilədək həbs cəzası gözləyə bilər.

Fotonun müəllifi SEB_RA

100 yaşlı iki sevgili

"The İndependent" yazır ki, 80 ildir evli olan 100 yaşlı ər-arvad belə uzun müddətdə bircə dəfə də "sevirəm" demədən xoşbəxt ailə olmağın sirlərini paylaşıblar.

Los Angeles şəhərindən Morrie və Betty Markofflar 78 il əvvəl evləniblər lakin bildirirlər ki, belə uzun və uğurlu evliliyin çox sadə bir səbəbi var: "qarşılıqlı dözümlülük və hörmət".

100 yaşlı Betty mətbuata deyib ki, ən əsası hər incikliyin qəzəbə çevrilməsinin qarşısını almaqdır, qarşılıqlı hörmət və dözümlülükdür.

"Morrie mənə bircə dəfə də olsun "sevirəm" sözünü deməyib. Amma mən demişəm. Hər şey sözlərlə ifadə olunmur" - deyib qadın.

Arvadına nə üçün bircə dəfə də osun "sevirəm" deməməsinin səbəbini 103 yaşlı ər belə izah edib: "Sevirəm sözündə bir sahiblik iddiası, nəzarət və tələb həvəsi var".

Onun fikrincə, bir adama "sevirəm" deməkdənsə, ona qayğı göstərmək daha qiymətlidir.

"Sevgi" sözü çox ucuzlaşıb. Adamlar onu harda gəldi işlədirlər. Məsələn, bir də görürsən biri deyir: "Mən tennis oynamağı çox sevirəm…" - deyib 103 yaşlı.

"Mən Betty-ni həmişə qucaqlamışam və öpmüşəm" - deyir Morrie.

"The İndependent" yazır ki, 1938-ci ildə New York-da bir toyda tanış olmuş ər-arvad bu yaxınlarda Almaniya fotoqrafı Karsten Thormaehlenin yüzyaşlılar haqqında "Ləyaqətli qocalmaq" (Ageing Gracefully) adlı sənədli hekayələr kitabına daxil ediliblər.

Onlar deyirlər ki, "biz yaşamaqda hamını keçmişik".

"Bu nadir hadisədir, mən bunu bilirəm, - deyib Morrie, - Bizim bəxtimiz gətirib…"

Morrie özünün uzun ömrünü ilahi müdaxilə ilə izah edir. Deyir ki, 99 yaşını qeyd edərkən onu vuran infarktdan Allahın möcüzəsi ilə sağ qalıb.

Betty təcili yardıma zəng edib və xəstəxanada onun ürəyinə şunt qoyublar.

O bir neçə saniyəlik kliniki ölüm vəziyyətində olub, lakin xəbərə gələn qohumlar onu özünə gəlib arvadı ilə zarafat edən görüblər.

Betty isə uzunömürlüyünün səbəbini hazırladığı yeməklərin sağlamlığı ilə izah edir. Qadın deyir ki, onları ayaqda saxlayan zülaldan, tərəvəzdən bol yeməklər və bir də göl sahilində hər səhər qoşa gəzmələri olub.

Ər-arvad deyirlər ki, bu qədər uzun həyatda ən kədərlisi övladların da göz qarşısında qocalmasıdır. Qızları onlarla bir binada yaşayır. Ər-arvad bildirirlər ki, heç olmasa onlar öləndə kimsə xəbər tutsun.

"78 illik evlilikdən sonra mən deyə bilərəm ki, səhv etməmişəm. Çətin vaxtlarımız da olub, yaxşı vaxtlarımız da…amma yenə də bir yerdəyik" - deyən Morrie əlini arvadının dizləri üstünə qoyur.