Britaniya mətbuatı: Ərəb avtokratları "antimüsəlman Trump-ı" niyə tənqid etmirlər?

Fotonun müəllifi Getty Images

Ərəb avtokratları "antimüsəlman Trump-ı" niyə tənqid etmirlər?

"The İndependent" qəzetində tanınmış Britaniya jurnalisti Robert Fisk yazır ki, ərəb krallarının və diktatorlarının "antimüsəlman Trump adminsitrasiyasını" tənqiddən çəkinməsinə təəccüblənməyə dəyməz.

Əkasinə, Körfəz ölkələri Ağ Evə zəng edib oranın təzə sahibi ilə danışmağa çalışırlar. Birləşmiş Ərəb Əmirlikləri isə hətta Trump-ın sərəncamlarını təqdir edib.

"Beləliklə, ABŞ-ın Avropa müttəfiqləri Trump adminsitrasiyasını açıq tənqiddən çəkinmədikləri halda, bu administrasiyanın "antimüsəlman" siyasətinin həqiqi qurbanları səslərini çıxarmırlar" - yazır jurnalist.

Məqalədə deyilir ki, İŞİD, onun ardınca da əl-Qaeda Trump-ı pisləyib. Müasir tarixdə ilk dəfədir ki, 11 sentyabr hücumlarını törədənlərlə ABŞ əhalisinin yarısının düşüncələri üst-üstə düşüb.

Misir başçısı general Sisi, əlcəzairlilər Trump-ı prezident seçilməsi münasibətilə təbrik ediblər. Yeri gəlmişkən, Əlcəzair Bəşər əl-Əsədi də onun "böyük qələbəsi" münasibətilə təbrik edib.

Fisk yazır ki, İŞİD-in "antiislam Trump-ı" tənqid etməsi təbiidir, əslində bu təşkilat ərəb ölkələrinin rejimlərini də beləcə tənqid edir. Lakin ərəb rejimlərinin yeni Amerika rejiminə münasibəti maraq doğurur.

Jurnalistin fikrincə, bu vəziyyət ərəb diktatorların Trump-la nə dərəcədə oxşar olduqlarını nümayiş etdirir.

Əksər ərəb başçıları sözdə bir şeyi deyib, əməldə başqa şeyi törədirlər. Onların hamısı "sionizm" üzərində qələbə vəd edib, amma əvəzində səudlar İraq və Suriyaya dəfələrlə hücum ediblər, Misir və Birləşmiş Əmirlikləri Liviyanı bombalayıb, Səudiyyə və Birləşmiş Əmirliklər Yəmənə raket zərbələri endiriblər.

Trump da, ərəb diktatorları da İslam ekstremizminə qarşı mübarizə apardıqlarını bəyan edirlər.

Fisk yazır ki, Yaxın Şərqin hökumətləri bu təbliğat "zir-zibili" ilə illərlə öz xalqlarının beynini piyləyiblər.

"Biz Sədatları, Mübarəkləri, Sissiləri, Əsədləri, Körfəz krallarını və onların öz xalqlarına sırıdıqları fantaziyaları az görməmişik" - yazır Fisk.

Məqalədə deyilir ki, Trump-ın ürəyindən Yaxın Şərqdəki sözəbaxan jurnalistika keçir.

Trump ərəb ölkələrində polislərin malik olduqları səlahiyyətlərə qibtə ilə baxır.

Fisk yazır ki, Misirin qocaman prezidenti Mübarəkin öz xalqına daim saxta seçkilər bəxş etməsi hamının yadındadır.

Jurnalistin qənaətinə görə, ərəb rejimlərinin hamısının "həqiqət məbədi" olan öz Spicer-ləri var.

Məqalədə deyilir ki, bütün yaxınlıqlarına baxmayaraq, ərəb rejimləri ilə Trump bir məsələdə fərqlənirlər. Ərəbləri çox vaxt antisemitizmdə ittiham edirlər, çünki onlar həm də anti-İsraildirlər.

"Lakin axı ərəblərin özləri də semitdirlər. Əgər Trump-ın Holokostun Yadetmə günündə yəhidilərin adını çəkməməsi, üstəlik də 7 ərəb ölkəsinə pis münasibəti nəzərə alınarsa, bu onu deməyə əsas verir ki, o həm ərəblərə, həm də yəhudilərə münasibətdə antisemitdir" - deyilir yazıda.

Məqalədə deyilir ki, əgər Trump bu gün müharibədə olmayan ərəb rejimlərinə səfər etmiş olsaydı, özünü evindəki kimi hiss edə bilərdi.

Ciddi təhlükəsizlik, "fantastik müti" xalq, bol işgəncə, son dərəcə saxta seçkilər və ətraf mühitə ziyan verən nəhəng layihələr…

Fisk kinayə ilə təklif edir ki, ərəb avtokratları və kralları özlərinin növbəti sammitləri üçün Washington-a da yığıla bilərdilər.

Elə onlar da özlərini evlərindəki kimi hiss edərdilər, Fisk yazır.

Fotonun müəllifi Reuters

Keçmiş birinci ledinin cəvahiratını qaytarmırlar

"The Guardian" yazır ki, Filippinin bir vaxtlar, yoxsul ölkədə 1000 cüt ayaqqabıya sahib olması ilə bədnam keçmiş birinci ledisi diktator ərinin ölümündən sonra əlindən alınmış ləl-cəvahiratını qaytarmaq üçün müraciət etdiyi məhkəməni uduzub.

Ölkənin Ali Məhkəməsinin hökmündə deyilir ki, İmelda Markos brilyant qaşlı taclar və 25 karatlıq nadir narıncı almaz da daxil zinət əşyalarını qanunsuz yollarla əldə edib.

Hazırda ümumi dəyəri 150 milyon dollar olan zinət əşyalarına dair bu məhkəmənin hökmü Filippinə Markosların 21 milyon dollarlıq varidatının dövlətin nəfinə hərraca qoyulmasına yol açan presedent verə bilər.

Məhkəmənin hökmündə deyilir ki, prezident Ferdinand Markos bu qədər sərvəti maaşı ilə əldə edə bilməzdi.

Hakimlərin qərarına görə bu həmin varidatın qanunsuz yollarla əldə olunduğunu deməyə əsas verir.

"The Guardian" yazır ki, prezident Markos və onun ailəsi 21 illik hakimiyyətləri zamanı milyardlarla dollarlıq varidat əldə ediblər.

Ailə 1986-cı ildə baş vermiş hərbi çevriliş zamanı Havay adalarına qaçmış və filippin xalqı qansız inqilab etmişdi.

Ferdinand və İmelda Markoslar ABŞ-a gələndə özləri ilə yüzlərlə zinət əşyası və onlarca qızıl kərpic gətirmişdilər. Onlar bunların toy hədiyyələri olduğunu iddia etmişdilər.

İnqilabın qələbəsindən sonra birinci ledinin 1000 cüt ayaqqabısının sərgisi elə prezident sarayında keçirilmişdi.

Xanım Markosun brilyant toqqalı qızıl kəməri, boyunbağı, sırğa və bilərzikləri də daxil qiymətli əşyaları hazırda Mərkəzi Bankda saxlanır.

Van Gogh, Picasso və Rembrandt-ın əsərləri də daxil 200-dək tablo itmiş sayılır.

"The Guardian" xəbər verir ki, hakimiyyət orqanları Markosların sərvəti barədə məlumatı dünya boyunca ofşorlardan toplaya biliblər.

İmelda Marcos Manilaya 1991-ci ildə əri Honoluluda vəfat etdikdən sonra qayıdıb və bir sıra korrupsiya ittihamları ilə məhkəmə çəkişmələrində olub.

Bu məhkəmə işlərinə görə, o üst-üstə 50 il həbsxana cəzası almalıydı.

Əvvəlki hökumətlər Markosların sərvətini satmağa cəhd göstərsə də, birinci ledi 2014-cü ildə Ali Məhkəməyə müraciət edərək hərracın qarşısını ala bilmişdi.

İmeldanın hazırda 87 yaşı var və Markoslar Filippində hələ də qüdrətli ailə sayılır.

Onun özü dalbadal üçüncü çağırış parlamentin üzvüdür, oğlu isə vise-prezident yarışında kiçik səs fərqi ilə məğlub olub.

Hazırda keçmiş diktatorun ailəsi indiki prezident Rodrigo Duterte-yə güvənir.

Duterte ötən il ziddiyyətli qərar qəbul edərək Ferdinand Markosu təntənə ilə qəhrəmanlar qəbristanlığında dəfn etmək niyyətini bildirmişdi.

Fotonun müəllifi PA

"Heç burda təyyarə saxlayarlar?!"

"The Daily Mail" yazır ki, məşhur Amerika aktyoru Harrison Ford özünün birmotorlu Husky təyyarəsi ilə az qala uçuşa hazırlaşan və göyərtəsində 100-dək sərnişin olan Boeing 737 təyyarəsini vuracaqmış.

2015-ci ildə artıq bir dəfə ölümcül təyyarə qəzasından sağ çıxan Ford təyyarəsini California-dakı John Wayne hava limanında endirməyə çalışırdı.

Lakin dispetçerləri düzgün başa düşməyən 74 yaşlı aviator-aktyor enmə zolağı əvəzinə uçuş xəttinə çıxış yoluna enməkdə idi.

Enhaendə Boeing-i görən Ford əsəbiliklə dispetçerlərdən soruşub ki, bu təyyarə burda nə edir?

"The Mail" yazır ki, sözü gedən Amerika Hava Yolları 1546 reysi ilə uçan Boeing 737 sonradan sağ-salamat havaya qalxıb.

Belə gözlənilir ki, Amerika Federal Aviasiya Agentliyi Ford barədə ölçü götürə bilər.

Ola bilər ki, ona gözəl aktryorluğunu nəzərə alaraq daha bir xəbərdarlıq məktubu yazsınlar, ola da bilər ki, pilotluq lisenziyasını əlindən alsınlar.

Məqaləyə şərh yazan oxuculardan biri isə qeyd edir ki, enmə zolağı ilə uçuş xəttinə çıxışı səhv salan adamın vəsiqəsi alınmalıdır… Bütün vətənpərvər rollarına baxmayaraq.

Əlaqəli mövzular