Uşağın radikallaşması: edam videolarından tutmuş İD-ə sədaqət andına qədər

Harun həftə sonlarını, başqaları küçədə oynadığı halda qanlı videolara baxmaqla keçirdiyini deyib
Image caption Harun həftə sonlarını, başqaları küçədə oynadığı halda qanlı videolara baxmaqla keçirdiyini deyib

Britaniyalı bir ailədə boy atan bir uşağın dərs zamanı ayağa qalxıb ekstremist qruplaşma "İslam Dövlətinə" sədaqət andı içməyə və təşkilatın bütün məqsəd və üsulları ilə razı olduğunu deməyə nə vadar edə bilər?

Britaniyada anti-terrorizmlə bağlı geniş yayılan Prevent ("Qarşısı alınma") adlı dövlət proqramı mövcuddur və məqsədi radikal islamçıların mümkün təsiri ilə bağlı insanları maarifləndirməkdən ibarətdir.

BBC müxbirinin görüşdüyü oğlan, bu layihə çərçivəsində müəyyən tələblərə cavab verən Britaniyanın ilk gənc sakinidir: onun cəmi 10 yaşı var.

Onun kiçik boyu, yumru üzü və maraqla baxan gözləri var. Sözsüz ki, ağıllı uşaqdır. Bunu onun verdiyi suallardan da görmək olur. Məhz bu həddən artıq maraq, həyatındakı bəlalara səbəb olub.

Artıq o, bir il öncə oxuduğu Londonun qərbində yerləşən ibtidai məktəbdə dediyi sözləri təkrarlamır. Amma, bizə bildirildi ki, həmin zaman o, ayağa qalxaraq bütün sinfə, özünü "İslam Dövləti" adlandıran qruplaşmanı dəstəklədiyini söyləyib.

Bu bəyanat, müəllimlər, nəzarət orqanları nümayəndələri və məqsədi risk altında olanların de-radikallaşdırılması olan Prevent proqramı heyətinin geniş müzakirəsinə səbəb olur və təklifləri üçün başlanğıc nöqtəsinə çevrilir.

Fotonun müəllifi Getty Images
Image caption Harun 2015-ci ilin noyabrında Parisdə baş verən silahlı hücumu gördükdən sonra, internet üzərindən İD haqqında daha çox məlumat toplamağa başlayıb

Məlum səbəblərdən biz oğlanın əsl adını çəkə bilmirik. Gəlin onu Harun adlandıraq. O, Londonda anası və bir neçə qardaş və bacıları ilə birgə yaşayır və bu hekayə onun doqquz yaşı olarkən başlayıb.

"Mən televizorda xəbərlərdə gördüm ki, Parisdəki terrorçu hücumdan bəhs edilir. Bunu görər-görməz, internetə daxil olub Google-da İŞİD abreviaturasını axtarmağa başladım", - oğlan danışır.

"İlk linkdə BBC-nin xəbərləri idi. Ona baxdım. Sonra mən, növbəti səhifəyə daxil oldum - burada Channel 4 "Xilafət uşaqları" adlı reportajı yer alırdı. Gördüklərimdən şoka düşmüşdüm. Sonra isə, başqa səhifələri yoxladım".

Onun işi ilə məşğul olan sosial işçilərin də dediyi kimi, elə həmin "başqa səhifələr" Haruna İD-in bütün qəddarlığını göstərib və onu radikallaşmadan asılı hala gətirib.

"Onlardan birindəki qırğında insanları diri-diri yandırırdılar. Onlara od vurulurdu - insanların əl-qolları bağlı idi və onlar yandırılırdı," bunları deyərkən Harun heç bir emosiya nümayiş etdirmir.

"Qolları arxadan bağlı insanlar yeriyirlər. Sonra, onlara zərbələr endirilir, oturmağa məcbur edilir, - oğlan dayanmadan davam edir. - Daha sonra, onların başları kəsilir."

Prevent proqramın heyətinin işlədiyi hallar arasında iki eynisi tapmaq mümkün deyil.

Onlar, Harun ilə yaşıd uşaqlar, yeniyetmələr və böyüklərlə işləyirlər.

2012-ci ildən bəri anti-terror proqramının işçiləri mindən çox bənzəri halla qarşılaşıblar. Onlardan əksəriyyəti İslam radikallığı ilə bağlı olsa da, keçən il demək olar ki, hər dörd müraciətdən biri, sağçı ekstremizmlə bağlı olub.

Harunun ilk qarşısına çıxan "İslam Dövlətinin" qəddar ölüm videoları, İslama ləkə yaxmaq üçün sırf ultra-sağçılar tərəfindən yaradılıbmış.

"Həftəsonları hər kəs evdən çıxdığı və ya həyətdə oynadığı halda mən, qonaq otağında kompüter arxasında oturar və izləyərdim," oğlan deyir.

Fotonun müəllifi Reuters
Image caption İD döyüşçülərinin törətdikləri qəddar cinayətləri tapmaq üçün Haruna çox zaman lazım olmur

Lakin, məktəbdə bu cür şeylərlə maraqlanan tək o deyilmiş.

"Bəzi uşaqlar, öz aralarında dalaşaraq deyirdilər: "Hizbullah İŞİD-dən güclüdür!" - Harun danışır. O, fikirləşir ki, onun məktəbindəki uşaqlar "İslam Dövləti" haqqında çox şey bilirlər, çünki, onların əksəriyyətinin ailələri Yaxın Şərqdə doğulublar.

"Təxminən səkkiz uşaqdan ibarət bir dəstə, tez-tez bu haqda mübahisələr aparırdılar," Harun yada salır. "Onlar həmişə internetdə nə isə axtarırdılar, hətta, dərs vaxtı da. Biz məktəbdə kompüterdə bir layihə görürdük və uşaqlardan biri "İslam Dövləti"ni axtarışa verdi və qarşısına bir video çıxdı. Mən ondan həmin səhifəni bağlamasını istədim, lakin müəllim bizə yaxınlaşdı. O, nə isə eşitmişdi. Müəllim soruşdu: "O nə idi elə?", və hamımız cavab verdik: "Heç nə." Mən bilirdim ki, bu videolara baxmaq yaxşı şey deyil, lakin bunu edən yeganə adam da mən deyildim. Bunun mənim başıma gəlməsi, ədalətli deyil."

Prevent proqramı

Məsələnin məktəb heyətinə agah olmayan digər yanı isə, digər uşaqların Harunu ələ salması olub. Bunu, Prevent-in onun işi üzrə işləyən nümayəndəsi aşkar edib.

Oğlan özü bu haqda könülsüz danışır. Amma, həm müsəlman, həm də qeyri-müsəlman uşaqlar ona "terrorçu" deyə müraciət edirmişlər.

Bu ələsalmalar, oğlanın yalnız izolyasiyasına yox, İD-yə marağının artmasına səbəb olub. Tədricən o, məsələ üzrə mütəxəssisə çevrilir. Bütün bunlar, onun bir gün sinifdə "İslam qruplaşması"nı müdafiə etməsi fikrini deməsi ilə nəticələnir. Bu da, öz növbəsində onların evinə Məryəmi gətirir.

"Anam mənə bir gün dedi ki, bizə bir nəfər gələcək. Mən Məryəmin evə girdiyi və qorxduğunu gördüm. Məryəm bizə nə üçün gəldiyini izah etdi və mən düşündüm ki, yəqin məni həbs edəcəklər," oğlan söyləyir.

Bütün adının verilməsini istəməyən Məryəm, Londonun Kensington və Chelsea rayonları üzrə Prevent proqramı işçisidir. O danışır ki, Harunun inamını qazanmaq üçün uzun zaman çalışıb."

"Yalnız bir neçə görüşdən sonra, o, internetdə gördüyü şeylər haqqında danışmağa başladı," Məryəm deyir.

Fotonun müəllifi Thinkstock
Image caption Prevent proqramının işçisinin sözlərinə görə, radikallaşma internet-söhbətlərdə baş verir

Təxminən bir il birgə işdən sonra, onlar Harunun tapdığı həmin səhifələrə baxır və müzakirə edirdilər.

Məryəm digər üsullara da əl atırdı: məsələn Harundan onu xoşbəxt edən, maraqlandıran və qorxudan şeylərin siyahısını istəyir.

Xoşbəxt edən şeylər siyahısına "ailə", "sülh" və "islam" kimi sözlər daxil idi. Maraqlandığı sözlərə daxil olan ilk söz "müharibə" olur. Harunu qorxudan şeylər isə, "İD" və "məktəb" imiş. Bu da Məryəmdə, onun məktəbdə ələ salınması fikrini yaradır.

Harunun anası onun internetə girişinə məhdudiyyət qoysa da, o, istədiyi videolara baxmaq üçün yollar tapırdı.

"Anası onunla bacarmayıb," Məryəm deyir.

İndi buna heç ehtiyac belə yoxdur. Anti-terror proqramının işçiləri Harunla işlərini bitiriblər və o, ən vacib olanı anlayıb: "Pis şeylər etmək olmaz - pis səhifələrə daxil olmaq olmaz."

"Məryəm mənə bunun nəticələrini və niyə pis olduğunu başa saldı. Əgər tez-tez bunlara baxarsan, beynin korlana bilər və özün və ya bir başqası İD-yə qoşula bilər. O, çətinə düşdüyü kimi, sən də həbs olunarsan," üzündə hələ də xüsusi bir emosiya yaranmayan Harun deyir.

"Riskləri azaltmaq"

Lakin, bu həqiqətənmi Harunun başına gələ bilərdi?

"Biz, onun terrorçu olduğunu demirik. Lakin, o, buna meylli idi," Məryəm izah edir.

"Söhbətə daxil olub, onu radikallaşdıracaq biri ilə danışa bilərdi. Küçədə elə bir söz işlədə bilərdi ki, yanından keçən potensial radikal maraqlı biri eşidərdi.

Harun - həssas uşaq, nələrisə görür və onlar haqqında fikir formalaşdırır. Biz deyə bilmərik ki, proqramımız olmadan hansı vəziyyət yaranacaqdı. Biz onun bomba götürüb kimisə hədələdiyini demirik, lakin, mümkün riskləri azaltmağa çalışırıq."

Harun əvvəlki qədər hər şey ilə maraqlanır.

Məryəm və onun komandası Haruna təhsili üçün "təhlükəsiz mühit" adlandırdıqları bir ortam təqdim ediblər. Evdə, məktəbdə, rayonda onu əhatə edən insanlar, eləcə də, digər ictimai fəallar, Harunun ətrafındakı böyük dünyanı indi daha təhlükəsiz şəkildə görməsi üçün kömək edirlər.

Böyüdükdə hansı peşəni seçəcəyi sualına Harun, hüquqşünas və ya mühasib deyə cavab verir.

"Ya da ki, jurnalist," qısa fasilədən sonra, gülümsəyərək əlavə edir.