Britaniya mətbuatı: Trump Rusiya ilə ondan qorxduğu üçün yaxınlaşmaq istəyir?

Trump Fotonun müəllifi Alex Wong
Image caption Trump-ın nüvə müharibəsi barədə dedikləri sosial mediada nifrət doğurub.

"The Telegraph" yazır ki, Donald Trump ötən cümə axşamı keçiridyi mətbuat konfransında öz ölkəsinin Rusiya ilə münasibətləri barədə suallarla üzləşməli olub.

Trump jurnalistləri inandırmağa çalışıb ki, iki ölkə, yəni ABŞ və Rusiya arasında münasibətlər yaxşılaşmasa, əsl "nüvə holokostu" törəyə bilər.

"Rusiyanın son zamanlar atdığı addımları Putinin onu sınağa çəkməsi kimi qəbul edirmi" sualına cavab verərkən Trump deyib ki, onun üçün Rusiyaya sərt münasibət sərgiləmək daha "asan" olardı.

Lakin o deyib ki, "Amerika və dünya üçün onun Rusiya ilə isti münasibətlərə can atması daha yaxşı olar".

"Biz çox qüdrətli nüvə ölkəsiyik və onlar da, - deyib Trump, - Mənə məlumat veriblər. Mən həmin brifinqdən sizə deməyə ixtiyarım olan bir şeyi deyə bilərəm. Çünki ən sadə kitabı oxuyan da bunu deyə bilər. Nüvə holokostunun misli-bərabəri olmayacaq".

"Əgər bizim Rusiya ilə yaxşı münasibətlərimiz olsa, inanın mənə yaxşı olar. Pis olmaz" - deyib Trump.

"The Telegraph" yazır ki, Trump-ın nüvə müharibəsi barədə dedikləri sosial mediada nifrət doğurub.

Qəzetdə dərc edilmiş tvitlərdən birində belə deyilir:

"Donald acıqlı mətbuat konfransında deyir ki, ruslarla dost olmaq yaxşı şeydir, yoxsa "nüvə holokostu" baş verər. Qorxaq axmaq".

"The Telegraph" yazır ki, son günlərdə Rusiaynın hərbi təyyarəsi Qara dənizdə ABŞ gəmisinin başı üstündə qıy vurub, Rusiyanın casus gəmisi ABŞ-ın şərq sahilinə gəlib çıxıb. Rusiya qadağan olunmuş nüvə raketlərini yerləşdirib.

Amma mətbuat konfransında Trump-ın sözündən belə çıxıb ki, Putinin davranışını bağışlamaq olar, çünki ola bilsin, Rusiya prezidenti mümkün müttəfiqlikdən əlini üzüb.

"Siz də Putinin yerinə olsaydınız, deyərdiniz: OK, deməli köhnə vaxtlara qayıdırıq. Nə olar? Belə getsə, Putin bizimlə heç cür razılığa gəlməz" - deyib Trump.

Məqalədə deyilir ki, Trump əvvəllər də Rusiya və ABŞ-ın nüvə qüdrəti barədə danışıb. Amma o dekabrda demişdi ki, Rusiya ilə nüvə silahlanması yarışına hazırdır.

Prezident bu mətbuat konfransında xəbər mediası üzərinə yenidən fövqəladə hücuma keçib və deyib ki, mətbuatın Ağ Evdəki "xaosdan" yazmasına baxmayaraq, onun ofisi "yaxşı sazlanmış maşın kimi işləyir".

Bir sıra vəzifəli respublikaçılar Trump administrasiyasının Rusiya ilə əlaqələrinin dərindən öyrənilməsinə çağırıblar, demokratlar isə müstəqil araşdırma tələb edirlər.

ABŞ-ın BMT səfiri Trump-ın bəyanatını təkzib edib

Fotonun müəllifi Win McNamee
Image caption BMT-dəki səfiri Nikki Haley elan edib ki, ABŞ Fələstin münaqişəsinin iki dövlət prinsipinə tamamilə sadiq qalır

"The İndependent" yazır ki, Donald Trump-ın Ağ Evdəki xaos barədə yazan medianı kəskin tənqid etməsinə baxmayaraq administrasiyada baş verən bəzi hadisələr söhbətin ən azı ziddiyyətlərdən getdiyini göstərir.

Məsələn ABŞ-ın BMT-dəki səfiri bəyan edib ki, ABŞ İsrail-Fələstin münaqişəsinin həlli kimi "iki dövlət prinsipini tamamilə dəstəkləyir".

Bundan ikicə gün əvvəl prezident İsrail baş naziri Benjamin Netanyahu ilə keçiridiyi mətbuat konfransında bunun tamamilə əksini elan etmişdi.

O bəyan etmişdi ki, ABŞ artıq ayrıca Fələstin dövlətinin yaradılması ideyasına bağlı deyildir.

Trump əslində bu bəyanatı ilə Amerikanın Yaxın Şərqdəki 40 illik siyasətinin dəyişdiyinin siqnalını vermişdi.

Lakin indi, Trump-ın BMT-dəki səfiri Nikki Haley elan edib ki, ABŞ Fələstin münaqişəsinin iki dövlət prinsipinə tamamilə sadiq qalır.

O deyib ki, ABŞ-ın bu siyasətdən əl çəkdiyini kim deyirsə, demək böyük "səhv" edir.

ABŞ-ın BMT-dəki səfiri deyib: "Biz əlbəttə dalandan çıxış yolu axtarırıq. Yəni tərəfləri danışıqlar masası arxasına gətirməyin yollarını düşünürük. Onları razı salmaq üçün nə etməliyik?"

"The İndependent" yazır ki, bir sıra vəzifəli rəsmilər Trump-ın Yaxın Şərq siyasətini 180 dərəcə döndərməsindən narahatlıq ifadə ediblər.

Fələstin Azadlıq Təşkilatının baş katibi və baş danışıqçısı Saeb Erfekat deyib ki, Trump-ın baxışları "aparteidə" bənzəyir.

Siyasətçi deyib ki, İsrail-Fələstin münaqişəsinin çözümündə iki dövlət prinsipinin alternativi yalnız bütün tarixi Fələstin ərazisində "hər bir kəsə - xristianlara, yəhudilərə, müsəlmanlara bərabər hüquqlar verən vahid dünyəvi və demokratik dövlət ola bilər".

O iki dövlət prinsipinin qorunub saxlanması üçün "konkret addımların atılmasına" çağırıb.

Lakin cənab Trump mətbuat konfransında Fələstin-İsrail münaqişəsinin həllinə biganə münasibət nümayiş etdirib:

"Mən baxıram iki dövlət prinsipinə və bir dövlət prinsipinə…və hər iki tərəfi qane edən variantı seçirəm. Mənim üçün fərqi yoxdur, mənə ikisi də qəbuldur" - demişdi Trump.

Bu arada BMT-nin baş katibi Antonio Guterres və Ərəb Liqasının rəhbəri Ahmed Abulqeyt bəyan ediblər ki, Fələstin məsələsinin həlli yolu yalnız iki dövlət prinsipindən keçir.

"The İndependent" yazır ki, Avropa İttifaqı tərəfindən keçirilmiş rəy sorğusu müstəqil Fələstin dövlətini dəstəkləyən israillilərin və fələstinlilərin sayınına azaldığını göstərib, lakin ümumilikdə çoxluq hələ də iki dövlət prinsipini dəstəkləyir.

Hazırda israillilərin 55, fələstinlilərin 44 faizi iki dövlət prinsipini dəstəkləyir. İkimillətli bir dövlətin qurulmasını dəstəkləyənlər 24 faiz təşkil edirlər.

4000 il əvvəl yoxa çıxmış heyvan həyata qayıda bilər

"The Guardian" yazır ki, kökü 4 min il bundan əvvəl kəsilmiş mamontlar alimlərin səyi nəticəsində həyata qayıda bilər.

Məqalədə deyilir ki, bu ideya alimlərin çox cəsarətli gen mühəndisliyi sayəsində gerçəkləşək.

Amerika Elmi Tərəqqi Assosiasiyasının bu həftə Bostonda keçirilən illik konfransında təcrübələrə başçılıq edən alim deyib ki, Harvard Universitetinin komandası hibrid rüşeymin yaradılması hədəfinə yaxınlaşıb.

İşlər bu şəkildə davam edərsə, mamontların Asiya filindən alınmış genlərin köməyi ilə yaradılması iki il müddətində həyata keçirilə bilər.

"Bizim komandamız fil-mamont rüşeyni yaratmaq vəzifəsini yerinə yetirməkdədir, - deyib professor George Church, - Əslində bu, bir sıra mamont xüsusiyyətləti olan fil kimi bir canlı olacaq. Məncə biz bu məqsədə iki ilə yetişə biləcəyik".

Bu üsulla yaradılacaq yeni heyvanın qulaqları balaca, dərialtı piyi qalın, pırtlaşıq tükləri uzun və qanı soyuğa davamlı olacaq.

Mamont genləri fillərin DNT-sinə gen mühəndisliyi vasitəsilə birləşdiriləcək.

Komanda indiyədək hüceyrə səviyyəsində işləyirdi, lakin indi toxuma və rüşeym mərhələsinə keçə bilib.

Xəbər verilir ki, alimlər 2015-ci ildən bir neçə mamont DNT-si nüsxəsi yarada biliblər.

Professor Church deyir ki, bu araşdırma həm də Asiya filinin formalarını dəyişməklə onun kökünün kəsilməsinin qarşısını ala bilər.

Lakin Manchester Universitetinin professoru Matthew Cobb mamont yaradılmasına o qədər də müsbət baxmır. O deyir ki, bu, sadəcə olaraq genlərin birləşdirilməsi yox, fillər kimi yeni bir sosial heyvanın yaradılmasıdır.

"Görəsən bu yeni fili köhnə fillər necə salamlayacaqlar?" - deyib alim.

Lakin doktor Church deyib ki, yeni heyvanın yetişdirilməsi prosesi başqa bir filin bətnində yox, tamamilə süni mühitdə həyata keçiriləcək.

Bir çox alimlər belə olduqda prosesin ən azı 10 il uzanacağını düşünürlər.

Amma doktor Church bildirir ki, onun qrupu artıq bətndən kənarda siçan dölünü yetişdirə bilib və bu işə 10 gün vaxt sərf olunub. Bu siçan balasının təbii yolla dünyaya gəlməsi üçün lazım olan vaxtdan iki dəfə azdır.

Əlaqəli mövzular