Britaniya mətbuatı: Alimlər beyindən "pis xatirələri", inəklərdən buynuzu yox edəcəklər

Bu həftəsonu Britaniya mətbuatında:

  1. İfrat sağçı Geert Wilders Hollandiyanın baş naziri ola bilərmi?
  2. "Acı" xatirələri beyndən silmək mümkün olarsa...
  3. Buynuzsuz "iribuynuzlu" malqara

Mərakeşlilərə "zirzibil" deyən siyasətçi baş nazir ola bilər

"The Observer" qəzeti yazır ki, Hollandiyanın populist siyasətçisi Geert Wilders şənbə günü özünün seçki kampaniyası zamanı ölkənin mərakeşli əhalisini təhqir etməklə qalmaqala səbəb olub.

Hollandiyaya mühacirətə qarşı çıxan ifrat sağçı, mərakeşliləri "zirzibil" adlandırıb və deyib ki, "Hollandiyanın əzəmətini" ona qaytarmaq istəyir.

Fotonun müəllifi Getty Images

Xəbər verilir ki, 53 yaşlı Wilders bu bəyanatı onu əhatələyən polis və təhlükəsizlik əməkdaşlarının yanında, partiyasının istehkamı olan Spijkenisse şəhərində verib.

"Hollandiyada çoxlu Mərakeş zir-zibili var…Hamısı yox…Amma Hollandiyadakı Mərakeş zirzibilinə görə küçələrimiz, xüsusilə də gənclər üçün təhlükəli yerə çevrilib…Buna son qoymaq lazımdır" - deyib siyasətçi. O jurnalistlərlə şəhər bazarında gəzərkən danışıb.

Wilders ümid edir ki, populizmin bütün dünyadakı yüksəlişi qarşıdan gələn parlament seçkisində onu da hakimiyyətə gətirəcək.

Onun kampaniyası müsəlman miqrasiyasını dayandırmağa, məscidləri bağlamağa və Hollandiyanın Avropa İttifaqından çıxmasına çağırır.

"The Observer" yazır ki, Wilders artıq bir neçə həftədir, seçkiqabağlı rəy sorğularının lideridir.

Onun yüksəlişini Avropanın getdikcə millətçiliyə yuvarlanmasından narahat liderlər diqqətlə izləyirlər.

"Əgər ölkənizi geri qaytarmaq, Hollandiyanı hollandlarınkı etmək, öz eviniz etmək istəyirsinizsə, Azadlıq Partiyasına səs verin - deyir Wilders, - Xahiş edirəm, gəlin Hollandiyanı özümüzə qaytaraq".

Hakimiyyətə gələrsə, Quranı qadağan edəcəyini vəd edən siyasətçi ötən dekabrda ölkənin mərakeşli icması barədə dediyi təhqirlərə görə məsuliyyətə cəlb edilib.

Rəy sorğuları Wilders-in PVV partiyasının seçkidə parlamentin 150 yerlik aşağı palatasında 24-28 mandat ala biləcəyini göstərir.

Bu, baş nazir Mark Rutte-nin hakim VVD partiyasından 2-4 yer çoxdur.

Bununla belə, Wilders hətta seçkidə udsa belə, başqa partiyalarla koalisya qurmadan hakimiyyətə gələ bilməyəcək və əksər partiyalar millətçilərlə heç bir koalisiyaya getməyəcəklərini deyiblər.

Həmin partiyalar PVV-nin bir çox proqram müddəalarını konstitusiyaya zidd hesab edirlər.

Belə görünür ki, Holandiyanın gələcək hökuməti 3-4 partiyanın koalisiyasından ibarət olacaq.

Xatirələr olmasaydı…

"The İndependent" yazır ki, alimlər "acı xatirələrin" beyindən "silinə" biləcəyini prinsip etibarilə sübut ediblər.

Belə bir hadisə fantastika janrında çəkilmiş məşhur "Ləkəsiz zəkanın əbədi parıltısı" filmində təsvir edilib.

Fotonun müəllifi Getty Images
Image caption "Acı xatirələrin" beyindən "silinə" biləcəyi prinsipi məşhur "Ləkəsiz zəkanın əbədi parıltısı" filmində təsvir edilib

Siçanlar üzərində aparılmış təcrübələrdən aşkar edilib ki, elektrik vurmasını xarakterizə edən səslə bağlı qorxulu xatirəni "yandırıb-söndürmək" mümkündür.

Lakin alimlər deyiblər ki, belə bir təcrübənin insanlar üzərində aparılması etik suallar doğurur və buna görə də hələ tezliklə baş verməyəcək.

Bununla belə, onlar inanırlar ki, bu metoddan nə vaxtsa gələcəkdə, məsələn bəzi insanlardakı "post-travmatik stres" pozuntusunun aradan qaldırılması və ya narkotik maddə aludəçiliyinə son qoyulması üçün istifadə edilə bilər.

Amerikanın Elmi Tərəqqi Assosiasiyasının Bostonda keçirilən illik konfransında çıxış edən professor Sheena Josselyn deyib ki, alimlər beynin "xatirələr yığılan konkret hüceyrələrini" aşkar ediblər.

"Odur ki, hiz indi xatirələrin cəmləşdiyi həmin nahiyəni hədəfləyə bilərik - deyib alim, - Beynin həmin hissəsində hüceyrələrin fəaliyyətini tormozlamaq mümkündür…Bu bir növ xatirələrin yaddaşdan silinməsidir".

Təcrübə zamanı "yaddaşı silinmiş" siçanlar elektrik səsinə elə də reaksiya verməyiblər.

Bu da bəlli olub ki, beynin sözü gedən hissəsindəki hüceyrələrin yenidən hərəkətə gətirilməsi xatirələri və yaddaşı bərpa edir.

"Beləliklə, biz yaddaşı istədiyimiz vaxt "yandıra" və istədiyimiz vaxt "söndürə" bilərik" - deyib alim.

Alimin sözlərinə görə burada ən xoşagələn məqam budur ki, xatirə problemini həll edərkən bütün beyni təsirə məruz qoymağa ehtiyac qalmır.

Toronto Universitetinin professoru Josselyn deyib ki, gələcəkdə "istiyə tuşlanan raket" kimi beynin lazım olan hissəsini hədəfləyən preparatlar hazırlana bilər.

"Ləkəsiz zəkanın əbədi parıltısı" adlı filmdə ər-arvad ayrıldıqdan sonra biri digərinin yaddaşındakıları pozmağa cəhd edir. Lakin filmdə heç də hər şey onların planlaşdırdığı kimi olmur.

Alimlər bunu da deyirlər ki, beyində "pis xatirələrə" cavabdeh olan yalnız bir neçə hüceyrə var və onları hədəfləyərkən başqa hüceyrələr də zədələnə bilər.

Amma əgər xatirələr insanın ömrünü alt-üst edirsə, alimlərin fikrincə, kompromisə getmək olar.

Professor Josselyn deyir ki, burada etika başlıca problemdir.

"Çünki biz müəyyən mənada xatirələrimizin məcmusuyuq" - deyir alim.

Alimin fikrincə, yaddaşla birlikdə səhvlər və səhvlərdən öyrəndiymiz təcrübələr də silinə bilər.

İnsan beynində xatirələr enqram deyilən hissədə toplaşır. Bu hissədəki hüceyrələr müəyyən ardıcılıqla "atəş aça" bilir.

Buynuzsuz "iribuynuzlu" malqara

"The Sunday Telegraph" qəzeti Boston konfransında haqqında danışlmış başqa bir elmi araşdırmadan yazıb.

Alimlər fermerlərin və ferma itlərinin təhlükəsizliyini təmin etmək üçün buynuzsuz inək yetişdirmək qərarına gəliblər.

California Universitetindən heyvan genetiki doktor Alison Van Eenennaam aşkar edib ki, inəklərin Aberdin-anqus növündən alınmış "buynuzsuzluq" geni ilə məşhur ağ-qara südlük Holstein inəklərinin genlərini cütləşdirməklə buynuzsuz inək yetişdirmək olar.

Məqalədə deyilir ki, Britaniya fermalarında buynuzlu inəklərlə işləmək böyük risk təşkil edir. Buynuzlu inəklər heç də təkcə fermerlər üçün yox, yaxınlıqdakı yaşayış məntəqələrinin insanları üçün başağrısı yaradırlar.

İnəklərin Hereford və Angus kimi yalnız bir neçə növü buynuzsuz doğulur.

Birləşmiş Krallıqda fermerlərin təhlükəsizliyini təmin etmək üçün hazırda malqara ağrılı "buynuzsuzlaşdırma" prosedurundan keçirilir, halbuki gen mühəndisliyi həm insanlar, həm də heyvanlar üçün daha ağrısız həyata keçirilə bilər.

California Universiteti alimləri süni mayalandırma yolu ilə yetişdirdikləri iki bozuvu Spotigy və Buri adlandırıblar. Onlar ümid edirlər ki, bu buzovlar yetkinliyə çatanda dünyaya özləri kimi buynuzsuz buzovlar gətirəcəklər.

Əgər təcrübələr uğurlu olarsa, onilliklərlə davam edən buynuzsuzlaşdırma seleksiyasına ehtiyac qalmayacaq.

Amma hələlik cavabsız qalan suallar da var. Gen mühəndisliyi ilə yetişdirilmiş inəklər ət tədarükü və ya sağım üçün nə dərəcədə ziyansız olacaq?

Odur ki, eksperimental inəklərdən fermalarda istifadəyə hələki nə Britaniyada, nə də ABŞ-da rəsmi icazə verilməyib.

Bundan başqa California alimləri yalnız erkək malqara verən genetik texnika üzərində işləyirlər, çünki buğalar inəklərə nisbətən daha tez böyüyürlər.

Alimlər habelə sətəlcəmə davamlı inəklərin yaradılması barədə düşünürlər. Bu, fermalarda antibiotiklərdən istifadənin miqyasını daralda bilərdi.

Əlaqəli mövzular