Britaniya mətbuatı: "Türkiyənin Rusiyaya sığınması niyə acınacaqlı nəticələnə bilər?"

Erdoğan, Putin Fotonun müəllifi OZAN KOSE

"The Economist" özünün son sayında yazır ki, Türkiyənin Rusiyanın "qucağına sığınmasının" acınacaqlı nəticəsi ola bilər, çünki Putin və Erdoğan tamamilə fərqli və bir-birinə zidd məqsədlər güdürlər.

Məqalədə deyilir ki, prezident Recep Tayyip Erdoğanın İstanbuldakı iqamətgahının lap yaxınlığında yerləşən "Dəniz donanması muzeyinin" hər güşəsində geosiyasi düşmənçiliklərin təsvirini görmək olar.

Burada əlcəzairli Hasan paşanın da büstü var. Bu həmin admiral Hasan paşadır ki, onun komandanlığı altında türk donanmasını Rusiya donanması son gəmisinədək yandıraraq məhv edib.

Və yaxud sultanların gəzdiyi Mahmudiyyə gəmisinin qalıqları da buradadır. Bu gəmi 18-ci əsrdə baş vermiş Krım müharibəsində Sevastopolun blokadasında iştirak edib.

Hərçənd burada Türkiyənin 2015-ci ildə vurub saldığı Rusiya təyyarəsinin qalıqları yoxdur, yazır "The Economist".

Məqalədə deyilir ki, həmin təyyarənin vurulması 18-ci əsrdəki kimi müharibəyə səbəb olmayıb, sadəcə qarşılıqlı təhqir və sanksiyalarla nəticələnib. Sonra isə, ötən ilin iyununda Erdoğan Putindən üzr istəyib.

İki ölkə barışıblar, köhnə layihələri bərpa ediblər və ikitərəfli ticarətlərini 5 dəfə artıraraq, ildə 100 milyard dollara çatdırmağa söz veriblər.

Məqalədə deyilir ki, bundan da heyrətamiz olanı iki ölkə liderlərinin ötən dekabrda Suriyanın Hələb şəhəri uğrunda döyüşlərdə atəşkəs barədə razılaşma əldə etməsidir.

"Öz çəkişmələrinin kəllə-çarxında Putin və Erdoğan bir-birlərini İslam Dövlətini dəstəkləməkdə ittiham edirdilər, indi isə iki avtokrat Suriyada bu təşkilata qarşı hava zərbələrini koordinasiya edirlər" - deyilir məqalədə.

"The Economist" yazır ki, iki ölkənin yaxınlaşma sürətini hətta ötən dekabrda Rusiyanın Türkiyədəki səfirinin Ankarada qətlə yetirilməsi də səngitməyib.

Bütün bunlara baxmayaraq, bu yaxınlaşmadan iki tərəfin gözləntiləri müxtəlif və daban-dabana ziddir.

"Belə görünür ki, cənab Erdoğan Putinlə münasibətlərindən öz Qərb müttəfiqlərindən güzəştlər qoparmaq üçün istifadə edir. Putinin məqsədi isə NATO-nun ən zəif həlqəsini - yəni Türkiyəni bir az da boşaltmaqdır. Onların ikisindən biri sonunda pərt qalacaq" - yazır məcmuə.

Cənab Erdoğanın Putinlə dostlaşmasının səbəblərindən biri də, onunla düşmənçiliyin çox ağrılı olması idi.

Türkiyə Rusiyanın təyyarəsini vurub salandan sonra Putin Türkiyənin Yaxın Şərqə bütün yollarını kəsdi.

Rusiyanın təyyarələri Suriya ərazisində Türkiyənin, etnik əmoğluları da daxil, əlaltılarını, cazasızlıq şəraitində vurmağa başladı.

Rusiyanın raketdən müdafiə sitemləri Türkiyə təyyarələrini Suriya səmalarına həsrət qoydu.

Rusiyanın sanksiyaları Türkiyəyə ticarət və turizm sahəsində azı 10 milyard dollara oturdu.

Rusiya hazırda daha mökəm partnyordur. Erdoğan hökuməti Türkiyənin ilk atom stansiyasının tikilməsini Rusiyanın Rosatom şirkətinə həvalə edib.

Ən başlıcası isə Erdoğan özünün ən böyük xəyalından - qan içində üzən Suriya prezidentinin devrilməsi fikrindən əl çəkib.

Bunların əvəzində Rusiya Türkiyəyə Suriyanın içərisində bufer zonası yaratmaq izni verib. Türkiyə İŞİD-i onun sərhədboyu son istehkamlarından məhrum edib, amerikalıların dəstəklədiyi kürd YPG qüvvələrinin üstünə yeriyib.

Lakin cənab Putin başqa məsələlərdə səxavətli olmağa elə də tələsmir. Türkiyə ərzaq məhsulları üzərinə qoyulmuş sanksiyalar hələlik qüvvədə qalır.

"The Economist" yazır ki, Türkiyə əlbəttə, NATO üzvlüyünü Rusiya ilə müttəfiqliyə dəyişmək niyyətində deyil. Amma buna baxmayaraq, Türkiyə bir etibarlı müttəfiq kimi Qərbin gözündən düşməkdə davam edir.

Belə şayiələr də dolaşır ki, Erdoğanın hakim AK partiyasındakı yaxın yoldaşları bəzi NATO öhdəliklərindən çəkinməyi düşünürlər. Eyni narahatlıq ordu ilə bağlı da mövcuddur. İyul çevriliş cəhdindən sonrakı repressiyalarda bir çox qərbyönlü zabitlərin həyat və karyeraları alt-üst olub.

Moskva Universitetindən Kerim Has "The Economist" məcmuəsinə bildirib ki, repressiyalar Türkiyə ordusu və polisində Amerika nüfuzuna güclü zərbə vurub.

Məqalədə deyilir ki, hazırda Türkiyədəki antiqərb şivəni bir qədər azalıb. Buna səbəb Erdoğanın ABŞ-ın yeni prezidenti Donald Trump-a ümidlər bəsləməsidir.

Erdoğan inanmaq istəyir ki, Trump Fethullah Güleni ekstradisiya edəcək və ABŞ kürdlərin YPG qüvvələri ilə bütün əlaqələrini kəsəcək.

Amma cənab Trump bu gözləntiləri doğrultmasa, onda Putin və Erdoğan bir qədər də yaxınlaşacaqlar. Türkiyə Rusiayaya anti-Əsəd qüvvələri danışıqlar masasına gətirmək üçün lazımdır. Türkiyənin isə turistlərə, qaza ehtiyacı var...

Lakin əgər yeni bir böhran qopsa, Putin Türkiyə ilə NATO arasındakı uçurumu bir az da dərinləşdirəcək.

"The Economist" Türkiyənin keçmiş prezidentlərindən birini iqtibas edib: "Böyük dövlətlərlə münasibətlər qurmaq ayı ilə bir yatağa girmək kimidir".

"Əgər bu ayı Rusiyadırsa, oyaq qalmaq məsləhətdir" - yazır "The Economist".

London: Moskva Monteneqroya (Çernoqoriya) çevriliş etmək istəyib

Fotonun müəllifi SAVO PRELEVIC
Image caption İddialara görə Moskva bu ölkədə keçiriləcək seçki günündə Monteneqronun baş nazirini fiziki cəhətdən məhv etməyi planlaşdırırmış.

"The Telegraph" qəzetinin müdafiə məsələləri müxbiri Ben Farmer Britaniya hökumət mənbələrinə istinadən yazır ki, Rusiya Monteneqronun qərbyönlü liderini zorakı çevrilişlə devirməyə cəhd göstərib.

Məqalədə deyilir ki, bu iddialara görə Moskva bu ölkədə keçiriləcək seçki günündə Monteneqronun baş nazirini fiziki cəhətdən məhv etməyi planlaşdırırmış.

Bu çevriliş Monteneqronun NATO-ya üzv olmasının qarşısını almalıymış.

"The Telegraph" Britaniya hökumətindəki mənbədən aldığı məlumat əsasında yazır ki, çevriliş ötən ilin 16 oktyabrında həyata keçirilməliymiş.

Həmin mənbənin verdiyi məlumata görə Britaniyanın xarici işlər naziri Boris Johson bu məsələni amerikalı həmkarı Rex Tuillersonla müzakirə edib.

İnterpol hazırda bu çevrilişi həyata keçirməyə hazırlaşan iki rus kəşfiyyat zabiti üçün axtarış elan edib.

Məqalədə deyilir ki, bu iki zabit seçkiyəqədərki dövrdə aylarla müşahidə aparmış və serb millətindən olan bir neçə şəxsdən ibarət çevriliş qrupu hazırlamışdı. Onlardan biri yerli polisin formasında baş nazir Milo Djukanovic-i qətlə yetirməliymiş.

Kreml bu iddiaları qətiyyətlə rədd edib, Monteneqronun baş prokuroru isə birbaşa Moskvanı yox, "rus millətçilərini" ittiham edib.

Monteneqronun moskvapərəst müxalifəti bu idiaları "saxta" adlandırıb.

Xəbər verilir ki, iddiaları araşdıran Britaniya və ABŞ kəşfiyyatçıları Monteneqroya yüksək səviyyədə Rusiya müdaxiləsinin əlamətlərini aşkar ediblər.

Hazırda bu işlə bağlı həbs edilmiş 21 nəfər prokurorluq orqanlarına ifadə verir.

Monteneqronun müdafiə naziri Predrag Bosković "The Telegraph" qəzetinə deyib ki, çevriliş planının Rusiya kəşfiyyatı tərəfindən cızıldığına heç bir şübhə ola bilməz.

Bu yaxınlarda Britaniya hərbi kəşfiyyatı MI6-nın rəhbəri Alex Younger deyib ki, Rusiya kimi ölkələr Qərbi Avropada demokratiyanın əsaslarını sarsıtmaq cəhdləri göstərirlər.

Oktyabr çevriliş cəhdindən əvvəl Moskva dəfələrlə Monteneqroya NATO-ya qoşulmaq planlarından əl çəkməsi barədə xəbərdarlıq verib.

Moskva, əhalisi 600 min nəfər olan bu ölkənin özünün nüfuz dairəsində olduğunu düşünür və özü Monteneqronun Adriatik dənizi limanlarına sahiblənmək istəyirdi.

"The Telegraph" yazır ki, seçkidən əvvəlki aylarda Moskva Monteneqronun rusiyapərəst müxalifəti - Demokratik Cəbhənin dəstəklənməsi üçün milyonlarla dollar vəsait xərcləmişdi.

Ölkənin xüsusi prokuroru bəyan edib ki, paytaxt Podqoritsada seçkilər elan edilərkən çox güman Rusiya agentləri parlament qarşısındakı müxalif izdihamın arasında olublar.

Hökumət mənbəyindən alınan məlumata görə bu izdiham müəyyən siqnalla parlament binasına soxulmalı və hakimiyyəti devirməli idi.

Prokuror deyib ki, onlardan polis formasında olan bəziləri vətəndaşlara atəş açacaq və kütləni hərəkətə gətirəcəkdi.

Prokuror Milivoje Katnic deyib ki, çevrilişdən məqsəd təkcə hakimiyyəti dəyişmək yox, həm də ölkə başçısını qətlə yetirmək olub.

Bu arada NATO-nun yüksək rütbəli rəsmilərindən biri deyib ki, alman əsgərlərin Litvada guya zorlama törətdikləri barədə saxta xəbərin arxasında Rusiya dayanır.

Ömrün cəmi 117 günü seksdə keçir

"The İndependent" belə bir sual verir: Adamların sekslə nə qədər məşğul olduğu ilə maraqlanmısızmı?

Məqalədə deyilir ki, nəhayət bu suala cavab verəcək araşdırma aparılıb. Bu sizə həm də özünüzü "qonşu oğlanla" müqayisə etmək imkanı verəcək, qəzet yazır.

Mintel bu məqsədlə 2000 kişi və qadın arasında onların seks həyatlarına dair sorğu keçirib.

Bu sorğunun şərtlərindən biri də bu idi ki, rəyi soruşulanlar verilən sualları səmimi cavablandırmalıydılar.

Hərçənd belə sualların cavabında səmimi olmaq bəzən o qədər də asan olmur.

Buna baxmayaraq sorğu Britaniyada seksin çox maraqlı mənzərəsini göstərir.

Nəticələrə görə adamların hər beş nəfərdən biri sekslə həftədə bir neçə dəfə məşğul olur.

İnsanların yalnız 3 faizi bu işi hər gün görür.

Orta Birləşmiş Krallıq sakini öz həyatında 5778 dəfə cinsi əlaqədə olur.

Seksual baxımdan fəal kəsimin 16-60 yaşlılar olduğu nəzərə alınarsa, insanlar ömürlərinin orta hesabla 2808 saatını seksdə keçirirlər.

Bu, orta insan ömrünün cəmi 0, 45 faizi, başqa sözlərlə ömrün 117 günü deməkdir.

Bəziləri ona görə də deyirlər ki, öləndə yatmaq lazımdır, qəzet yazır.

Əlaqəli mövzular