Britaniya mətbuatı: Hitlerin sevimlisi, Goebbels-in məşuqəsi, həm də Kremlin casusu olan aktrisa

Fotonun müəllifi Getty Images

Rusiya neft hasilatında Səudiyyəni ötübmüş

"The İndependent" yazır ki, Rusiya Səudiyyə Ərəbistanını ötərək dünyanın ən böyük neft hasilatçısına çevrilib.

Məqalədə deyilir ki, bu hadisə ötən dekabrda hər iki ölkə qlobal neft qiymətlərinin düşməsinin qarşısını almaq məqsədilə istehsalı ixtisar etmək barədə razılaşma əldə edəndə baş verib.

Rusiya dekabr ayında günə 10, 49 milyon barrel neft hasil edib ki, bu da noyabr ayındakı hasilatdan günə 29 min barrel azdır. Eyni zamanda Səudiyyə Ərəbistanı öz hasilatını günə 10, 72 milyon barreldən 10, 46 milyon barrelə endirib.

Beləliklə, Rusiya ötən dekabrdan dünyanın ən böyük neft istehsalçısına çevrilib.

Bu ötən mart ayından bəri ilk dəfədir ki, Rusiya neft hasilatında Səudiyyə Ərəbistanını geridə qoyur.

Səudiyyə Ərəbistanı və neft ixrac edən ölkələrin OPEC kartelindəki başqa ölkələr ötən ilin noyabrında ümumi hasilatı günə 1, 2 milyon barrel ixtisar etmək barədə razılaşma əldə etmişdilər.

Bu ixtisar yanvar ayının 1-dən başlayıb və 6 ay müddətində davam etməlidir.

OPEC üzrə ixtisarda ən böyük pay Səudiyyə Ərəbistanının üzərinə düşüb.

"The İndependent" yazır ki, Rusiya da daxil, qeyri-OPEC ölkələri də neft hasilatını azaltmaq öhdəliyi götürüblər.

Ötən noyabrdan bəri neft qiymətləri 20 faiz artıb.

Bu müddət ərzində dünyanın üçüncü ən böyük neft hasilatçısı Birləşmiş Ştatlar olub. Amerika ötən dekabrda günə 8, 8 milyon barrel neft çıxarıb, halbuki noyabr ayında bu rəqəm 8, 9 milyon barrel idi.

Səudiyyə Ərəbistanında neft hasilatı günə 8, 26 milyon barreldən 8 milyion barrelə enib.

Fotonun müəllifi Getty Images

Qiymətlər qalxıb, amma...

Lakin "The Telegraph" yazır ki, dünya neft qiymətlərinin bu qısamüddətli yüksəlişi artıq təhlükə qarşısındadır.

Məqalədə deyilir ki, OPEC və Rusiya vəd etdikləri hasilat ixtisarını tam yerinə yetirmirlər və Amerikanın şist sənayesi yenidən meydana atılır.

"The Telegraph" yazır ki, neft daşımaları barədə qlobal məlumatlara görə OPEC və 11 qeyri-OPEC ölkəsinin vəd etdikləri günə 1, 8 milyon barrel hədəfinə heç yaxlınlaşma belə olmayıb.

PVM Oil Associates broker qrupundan Tamas Varga qəzetə bildirib ki, onların hesablamasına görə yanvar ayında vəd olunmuş ixtisarın yalnız 40 faizi baş verib.

Ekspertin fikrincə, əgər ixtisar müddəti üçün müəyyən edilmiş 6 ay uzadılmazsa, bütün razılaşmalar iflasa uğrayacaq.

Cənab Varga deyib ki, Rusiya vəd etdiyi günə 300 min barrel ixtisarının heç üçdə birini də etməyib.

JP Morgan şirkətindən David Martin deyib ki, neft qiymətlərinin sabitləşdirilməsi üzrə OPEC-ə yalnız "kafi" qiymət vermək olar.

Ötən bazar ertəsi neft qiymətləri bir azca qalxsa da, ABŞ-da artmaqda olan şist hasilatı və anbarlarda azalmaq bilməyən neft ehtiyatı qiymətlərin gözlənilən civarda artmasına imkan verməyib.

Neft qiymətlərinin azacıq yüksəlişinə dolların zəifliyi "kömək" edib.

Bu arada xəbər verilir ki, neft ixtisarları barədə razılaşdırılmış altı ay müddəti gözlənilən nəticəni verməsə, ixtisar müddəti iyul ayından o yana da uzadıla bilər.

Commerzbank diqqəti həm də belə bir məqama çəkir ki, Səudiyyə Ərəbistanı bu il, hər il qış aylarında olduğu kimi istehsalı azaltmayıb və ola bilsin, bunu sonradan ixtisarın bir hissəsi kimi təqdim edəcək.

Buna baxmayaraq, Birləşmiş Ştatlarda istehsalın artması maliyyə menecerlərini neft qiymətlərini bir qədər də artırmağa şirnikləndirib. Ayın əvvəllərindən neft qiymətləri təqribən 2 dollar artıb.

ABŞ-ın enerji şirkətləri artıq beşinci həftədir ki, neft quyularının sayını artırmaqda davam edir.

Ekspertlərin fikrincə, getdikcə artmaqda olan ABŞ hasilatı son nəticədə neft qiymətlərini yenidən üzüaşağı dartacaq.

Fotonun müəllifi Keystone Features

Hitlerin sevimlisi, Goebbels-in məşuqəsi, həm də Kremlin casusu olan aktrisa

"The Guardian" yazır ki, müharibədən sonrakı Almaniyanın ən məşhur aktrisalarından biri Sovet kəşfiyyatçısı çıxıb.

Almaniyada üzərindən məxfilik götürülmüş sənədlərdən aydın olub ki, nasist rejimi ilə iddia olunan əlaqələrinə görə aktyorluq sənətindən 2 il müddətində yasaqlanan Marika Rökk əslində 1940-cı ildən etibarən Üçüncü Reyxin sirlərini Kremlə ötürürmüş.

Rökk 1913-cü ildə Qahirədə, macar valideynlərinin ailəsində doğulmuş və uşaqlığını Budapeştdə keçirmişdi.

Onun operetta ulduzu kimi karyerası nasist dövrünə təsadüf etmişdi.

2004-cü ildə 90 yaşında vəfat edənədək aktrisa az qala 40 filmdə çəkilmişdi.

Belə güman edilir ki, aktrisa casusluğa öz meneceri, DTK agenti Heinz Hoffmeister tərəfindən cəlb edilib.

Bununla belə, bu casusluqda Rökk-ün rolu və onun hansı informasiyaları Moskvaya ötürə biləcəyi müəmmalı olaraq qalır.

Belə güman edilir ki, aktrisanın əri, kinorejissor Georg Jacoby də casusluq edirmiş.

"The Guardian" yazır ki, sənədlər, aktrisanın daxil olduğu Krona adlı casus şəbəkəsinin Moskvaya ötürdüyü məxfi məlumatların arasında Barbarossa əməliyyatının və Kursk döyüşünün planlarının olduğunu göstərib.

Bu şəbəkəyə əfsanəvi sovet kəşfiyyatçısı Yan Çernyak rəhbərlik edirdi. Bu mahir casusu "gözəgörünməzliyinə" görə "kölgəsiz adam" adlandırırdılar.

Çernyakın özünü Sovet hərbi kəşfiyyatı 1940-cı illərdə Berlində tələbə olduğu vaxt "verbovka etmişdi".

Onun 35 nəfərlik casus şəbəkəsinə bankirlər, hərbi zabitlər, nazirlər və hətta aktrisa Olqa Çexova da daxil idi.

Rökkün sovet kəşfiyyatçısı olduğu ilk dəfə 1951-ci ildə Gehlen tərəfindən aşkar edilibmiş. Almaniya birləşənədək Qərbi Almaniyanın kəşfiyyat xidməti BND belə adlanırdı.

Lakin yarım əsrdən sonra məxfiliyi götürülən bu məlumatı indi ilk dəfə Bild qəzeti dərc edib.

1951-ci ildə Rökk 16 illik aktyorluq karyerasına son qoyduğunu elan etmişdi.

O vaxtın qəzetləri yazırdılar ki, aktrisa Düsseldorfda xalis İsveçrə yun malları satmaq üçün butik açır.

Lakin qərbi Almaniya kəşfiyyatı bildirir ki, bu, sovetlərə casusluq işini intensivləşdirmək üçün edilmiş ağıllı konspirasiya gedişi idi.

Nasist rejimi Rökk-ə Hollywood-un Ginger Rogers və Rita Hayworth kimi ulduzlarını kölgədə qoyacaq sənətkar kimi baxırdı.

Bu da deyilirdi ki, Hitlerin ən çox sevdiyi aktrisalardan olan Rökk bir müddət Üçüncü Reyxin təbliğat naziri Joseph Goebbels-in məşuqəsi olmuşdu.

O kino şöhrətinə 1935-ci ildə "Yüngül süvari" (Leichte Kavallerie) filmində çəkildikdən sonra yetişmişdi.

O tez-tez təbliğat filmlərində Johannes Heesters-lə yanaşı çəkilər, filmlərə özünün macar aksenti ilə ekzotika gətirərdi.

Rökkün özünün casusluqda şübhəli bilindiyindən xəbərinin olub-olmadığı məlum deyil.

Onun casusluq fəaliyyətinə son qoyulması üçün hər hansı bir tədirin görülüb-görülmədiyi də naməlumdur.

Müharibədən sonrakı iki ildə ona filmlərdə çəkilməyi vaxtilə nasist rəhbəriyi ilə əlaqələrinə görə qadağan etmişdilər.

"Ola da bilsin ki, Rökk hər iki rejimin ikili casusu olub" - yazır "The Guardian".

1940-cı il, noyabr tarixli açıqcada Rökk Adolf Hitlerə çiçək dəstəsi göndərdiyi üçün təşəkkürünü bildirirdi.

Əlaqəli mövzular