Britaniya mətbuatı: Alimlər həyat ola biləcək 7 planet aşkar ediblər

Fotonun müəllifi NASA

"The Guardian" yazır ki, alimlər Balıqlar bürcündə ölçücə Yer planetinə bənzəyən birdən-birə 7 yeni planet kəşf ediblər.

Bu planetlər sönməkdə olan cırtdan ulduzun ətrafında fırlanırlar. Ulduzun işığı zəif olsa da planetlər ona o qədər yaxındırlar ki, alimlərin fikrincə bu planetlərdən bəzilərində həyatın mövcud olması tamamilə mümkündür.

Məqalədə deyilir ki, kainatda "zəka qardaşlarımızı" axtaran alimlər ilk dəfədir ki, məqsədə bu qədər yaxınlaşıblar.

Alimlər ümid edirlər ki, teleskopların yeni nəsli Günəş sistemindən kənarda olan bu planetlərdə həyatın olub-olmamasının dəqiqləşdirilməsi işində aparıcı rol oynayacaq.

Bu ilk dəfədir ki, təxminən Yer planetinin ölçüsündə olan bu qədər planet bir bir-birinə bu qədər yaxınlıqda aşkar edilib.

Yeni aşkar edilmiş planetlər Trappist-1 adlı cırtdan ulduzu əhatələyiblər və Yerdən 39 işıq ili aralıdadırlar. Bu cırtdan ulduzun işığı Günəşdən 200 dəfə azdır.

Belçikadakı Liege Universitetindən astrofizik Michael Gillon deyib ki, bu planetlərdən bəzilərində maye halında su ola bilər.

Alimlərin fikrincə, ulduzdan sayca 5-ci aralı planetdə həyatın olması daha həqiqətəuyğundur.

Lakin buradakı həyat formalarının necə ola biləcəyini söyləmək çətindir, çünki bu planetlərə düşən "günəş işığının" rəngi Yerdəki kimi sarı yox, çəhrayıdır.

5-ci planetin səmasındakı günəş, bizim günəşdən 10 dəfə böyük görünməlidir.

Alimlər deyirlər ki, bu planetlərin hər birinin səthindən digər planetlər bizim Ay boyda görünməlidirlər.

Astronomlar Trappist-1 ulduzu və onun ətrafılndakı planetlərdən 3-nü ötən il Çilidəki Atakama səhrasında yerləşən teleskopla kəşf etmişdilər. Teleskop planetləri birbaşa görməsə də, onlar bir-birinin qarşısından keçərkən saldıqları kölgəni qeydə alırdı.

Bundan sonra isə Çilidəki rəsədxananın məlumatları NASA-nın Spitzer fəza teleskopuna göndərilib. Kosmosda olan bu teleskop nəzərlərini tam 21 gün sözü gedən ulduz sisteminə "zilləyib" və daha dörd planeti görə bilib.

Planetlər bir-birlərinə o qədər sıx orbitlərə malikdirlər ki, bəziləri ulduzu bir günə, bəziləri 13 günə dövrələyə bilir.

Bu sistemdə ulduza yaxın olan planetlər cazibə qüvvəsi tərəfindən "kilidlənib". Yəni bizim Ay kimi onlar da öz oxları ətrafında fırlanmırlar və yalnız bir tərəfləri görünür.

Bu axtarışda iştirak etməmiş alimlərdən Leyden rəsədxanasının astrofiziki Ignas Snellen deyib ki, bu planetlərin tapılması onu heyrətə gətirib.

"Onlar bir neçə il əvvəl bu axtarışa başlayanda, mən ürəyimdə demişdim ki, bu, havayı vaxt itkisidir - deyir alim, İndi isə görürəm ki, səhv etmişəm".

Bundan sonra alimlərin diqqəti bu planetlərin atmosferinin olub-olmamasına yönələcək. Bu atmosferdəki qazların öyrənilməsi sözü gedən planetlərdə həyatın olub-olmaması sualına cavab üçün çox mühümdür.

Əgər o planetlərin də atmosferlərindəki qazlar Yerdəki kimidirsə, deməli oralarda da həyat var.

ABŞ Avropaya dost olmayan münasibət göstərə bilər

"The Telegraph" qəzetinin yazdığına görə Donald Trump-ın baş strateqi deyib ki, Britaniya Avropa İttifaqını tərk etdikdən sonra, bu ittifaq ABŞ-dan heç də dost münasibət gözləməməlidir.

Bəzi məlumatlara əsasən Steve Bannon Almaniyanın Washington-dakı səfirinə deyib ki, Birləşmiş Ştatlar gələcəkdə Avropa İttifaqı ölkələri ilə ayrı-ayrılıqda ikitərəfli münasibətlərə üstünlük verəcək.

Bəzi mənbələrin Reuters agentliyinə dediyinə görə Ağ Evin baş strateqi səfir Peter Wittig-ə deyib ki, o Aİ-ni qüsurlu qurum hesab edir.

Bu da xəbər verilir ki, bu söhbət ABŞ vise-prezidenti Mike Pence Brüsselə səfər etməzdən bir həftə əvvəl yer alıb. Pence-in bu səfərindən məqsədi Avropa İttifaqını prezident Donald Trump-ın "sarsılmaz" dəstəyinə əmin etmək idi.

Mənbələr bildirirlər ki, Ağ Evin verdiyi bütün zəmanətlərə baxmayaraq ABŞ-dan Aİ-yə qeyri-dost münasibət gözlənilir.

Almaniya hökuməti və səfir Wittig görüşün məxfiliyini əsas gətirərək şərh verməkdən boyun qaçırıblar.

Ağ Ev rəsmiləri Reuters-in mənbələri tərəfindən verilmiş informasiyanın düzgün olmadığını bildiriblər.

"Onlar cəmi üç dəqiqə ayaqüstü söhbət ediblər" - deyib bir Ağ Ev rəsmisi.

Sözü gedən mənbə isə bildirir ki, Bannon-un verdiyi mesaj onun 2014-cü ildə Vatikan konfransındakı çıxışına bənzəyir. O vaxt Bannon demişdi ki, Avropa "millətçilik üçün əsnəyir" və şəxsən o "pan-Avropa deyilən bir şeyə inanmır".

Narahatlıq doğuran budur ki, Trump-ın özü də Britaniyanın Avropa İttifaqından çıxmasını alqışlayıb.

Avropa İttifaqında missiyasını başa vurmaqda olan ABŞ səfiri Anthony Gardner deyib ki, prezident Trump-ın seçki komandası Avropa İttifaqını daha hansı ölkələrin tərk edə biləcəyi ilə maraqlandırdı.

Qaranlıqda görmək üçün kök yemək lazımdırmı?

Fotonun müəllifi Sean Gallup

"The İndependent" yazır ki, valideynlərimizin daim bizi ən yaxşı televiziya proqramlarından əvvəl yatağa göndərmələri, riyaziyyatdan ev tapşırığını etməyimiz üçün üstümüzə qışqırmaları, "düyməni düz bağla" əmrləri "uşaqlığımızı viran etməyibmi?"

Amma heç şübhəsiz bunlardan da zəhlətökəni bizim tərəvəz yeməyə məcbur edilməyimiz olub.

Bu sahədə Britaniyada uydurulmuş ən böyük valideyn yalanı - "qaranlıqda görmək istəyirsənsə, kök ye" demələridir, qəzet yazır.

Amma nəzərə alsaq ki, valideynlik İncili yoxdur, bu inancın haradan gəldiyini necə bilə bilərik?

Lakin deyəsən bu uydurmanın içində bir həqiqitin olması üzə çıxıb.

Belə deyirlər ki, kök A vitamini ilə zəngin olduğu üçün gözlərə xeyirlidir.

Yəni kök yeyən adamın gözləri daha yaxşı görə bilər. Amma qaranlıqda görə bilmək söhbəti çox güman ki, İkinci Dünya Müharibəsi illərində aparılan Britaniya təbliğatından gəlir.

Britaniya hökuməti 1940-cı ildə bütün ölkə boyunca gecələr işıq yandırmağı qadağan etmişdi ki, alman təyyarəçilər hədəfi görə bilməsinlər.

Britaniya Kral Hərbi Hava Qüvvələri radar texnologiyasını kəşf etmişdilər, amma bunu məxfi saxlayırdılar.

Dünya Kök Muzeyinin kuratoru John Stolarczyk yazır ki, Britaniya İnformasiya Nazirliyi kök məsələsindən çox məharətlə istifadə etmişdi.

Müharibə illərində işıq yandırmaq qadağanı zamanı yaxşı görmək üçün kök yeməyi məsləhət görən plakatlar hazırlanmışdı.

Vətəndaşlarına qaranlıqda görmək üçün kök yeməyi məsləhət görən bir ölkənin təyyarətutan lokatorları icad etməsinə almanlar çətin ki, inanardılar.

Əlaqəli mövzular