Britaniya mətbuatı: Neft ölkəsi Venesuelanın vətəndaşları 8 kilo arıqlayıblar

venesuela əhalisi Fotonun müəllifi FEDERICO PARRA

"The İndependent" qəzetinin yazdığına görə neft ölkəsi Venesuelada iqtisadi böhran o qədər sərtdir ki, ölkə əhalisinin 75 faizi orta hesabla 8 kiloqram arıqlayıb.

Bu barədə aparılmış araşdırmada deyilir ki, kəskin inflyasiya və ərzaq qıtlığı ilə bağlı indi venesuelalıların üçdə biri gündə yalnız bir, ya iki dəfə yemək yeyir.

Bu rəqəmləri ölkənin Yaşayış Şəraitinin Öyrənilməsi adlı ümummilli sorğu aşkara çıxarıb. Sorğunu Venesuela universitetləri keçiriblər.

Sorğu bunu da müəyyən edib ki, venesuelalıların 32 faizi, yəni 9, 6 milyon insan gündə uzağı iki dəfə yemək yeyir. Bu rəqəm 2015-ci ildən bəri 11, 3 faiz artıb.

Hazırda ölkədəki ailələrin 82 faizi yoxsulluq içində yaşayır və adamların 93 faizi gəlirlərinin onları doyunca yedirmədiyini söyləyir.

Venesuela 2014-cü ildə qlobal neft qiymətləri düşəndən bəri iqtisadi böhran yaşayır. Həmin vaxtdan bəri milli valyuta çöküb, inflyasiya isə 800 faiz artıb.

Bütün bunlar qiymət artımına səbəb olub və ölkəyə lazımi ərzaq məhsullarının gətirilməsinə əngəl törədib.

Buna görə də venesuelalılar getdikcə daha çox, nisbətən ucuz ərzaq olan kartofun ümidinə qalıblar.

Venesuela Tibb Müşahidəsi qrupundan Maritza Landaeta Fox News telekanalına deyib ki, venesuelalıların yemək vərdişləri 2014-cü ildən bəri xeyli dəyişilib. Əvvəllər onlar kartofdan daha çox düyü, düyü, çörək və xəmir xörəkləri yeyərdilər.

"Bir çox analar deyirlər ki, onlar öz uşaqlarına indi yalnız banan və balqabaq yedirdirlər" - deyib Landaeta.

İqtisadi problemlər və siyasi sabitsizlik prezident Nicolas Maduroya qarşı geniş etirazlara səbəb olub.

İranın "Sasani imperiyası" xülyası

Fotonun müəllifi MAJID ASGARIPOUR

"The Economist" məcmuəsinin son sayında İran və Yaxın Şərq mövzusunda aktual məqalə dərc olunub.

Məqalədə deyilir ki, İsrailin davakar müdafiə naziri Aviqdor Liberman Münhen Təhlükəsizlik Konfransında çıxış edərkən Yaxın Şərqin üzləşdiyi problemi belə təsvir edib: "İran, İran və bir də İran".

Səudiyyə Ərəbistanının xarici işlər naziri isə deyib ki, İran 2015-ci ildə dünyanın 6 gücü ilə nüvə sazişi imzaladıqdan bəri, Yaxın Şərq regionundakı düşmənçiliklərini bir az da artırıb.

"The Economist" yazır ki, narahat olan ölkələrin arasında ABŞ da var. Trump administrasiyası bu ayın əvvəllərindən etibarən İrana qarşı yeni məhdud sanksiyalar irəli sürüb və İranın raket sınaqları ilə bağlı Tehrana rəsmi xəbərdarlıq verib. Tehran bu xəbərdarlığa cavab olaraq daha bir raket buraxıb.

Bu, regionda və dünyada yeni bir qarşıdurmanın və düşmənçiliyin yarana biləcəyindən xəbər veririrmi? "The Economist" jurnalı bu suala mənfi cavab verir.

Məqalədə deyilir ki, hadisələrin bundan sonrakı inkişafı İrandan asılı olacaq.

İran nüvə sazişini onun üzərinə qoyulan sanksiyalar siyasətinin sonu kimi başa düşüb. Amma bu əslində belə deyil.

Bu sazişdən məqsəd İranın nüvə qabiliyyətinə məhdudiyyət qoymaq idi və vəssalam.

Bu sazişin şərtlərinə uyğun olaraq İran nüvə silahı hazırlana biləcək qədər uran zənginləşdirməkdən çəkinməli idi.

Tehran həmçinin uran zənginləşdirən sentrifuqların sayını kəskin şəkildə azaldıb.

Bu məhdudiyyətlər 15 illik müddətə nəzərdə tutulub.

Bu sazişin əvəzində bütün Qərb dünyası İran üzərindəki sanksiyaları qaldırmalı idi.

Əslində hər iki tərəf bu sazişlə üzərinə düşən öhdəlikləri yerinə yetirib. İran uranın zənginləşdirilməsi sahəsində heç bir cığallıq etmir, öz növbəsində BMT də Tehran üzərindəki sanksiyaları qaldırıb.

Digər tərəfdən nüvə sazişini kəskin tənqid etməsinə baxmayaraq ABŞ-ın yeni prezidenti Donald Trump da bu sazişi ləğv etməyə tələsmir.

Bununla belə İranın üzərindəki bir çox sanskiayalar hələlik qüvvədə qalır. Söhbət ilk növbədə ABŞ tərəfindən qoyulmuş sanksiyalardan gedir.

ABŞ sanksiyaları İranda insan haqları, ballistik raket sınaqları, terrora dəstək kimi məsələlərlə bağlıdır.

Bu sanksiyalar, İrana münasibətdə ümumən yumşaq mövqe tutan keçmiş prezident Obamanın zamanında daha da sərtləşdirilib.

Üstəlik bu sanksiyaların etibarlıq müddəti ötən dekabrdan daha 10 ilə uzadılıb.

Senat bu sanksiyaların uzadılmasına 99-0, nümayəndələr palatası isə 419-1 nisbəti ilə səs verib.

Amerika şirkətlərinin İranla iş görməsi üzərindəki qadağan hələ yerindədir.

Lakin Liberman bu qənaətdədir ki, bütün bunlara baxmayaraq İran Yaxın Şərqdəə təhlükə olaraq qalır.

Onun təmsili şiə orduları, bu orduya dəstək verən Qüds qüvvələri var və onların fəaliyyəti İranın sərhədlərini çoxdan aşıb.

"İraq hazırda İranın vassalıdır, İranın oyuncağı olan Hizbullah Livanda ən qüdrətli qüvvədir və Tehran Əsəd rejimini həm canlı qüvvə, həm də silahlarla dəstəkləyir - yazır məcmuə, - Yəmən qiyamçılarını təlimləndirən də İrandır. Əhalilərinin böyük kəsimini şiələr təşkil edən Səudiyyə və Bəhreyn İranı onların ərazisində terror dəstələri saxlamaqda ittiham edirlər".

Buna baxmayaraq, "The Economist" yazır ki, Amerika İranla bağlanmış nüvə sazişini ləğv etməməlidir. Necə də olsa, bu saziş İranı nüvə silahı istehsal etməyin kandarından geri qaytarıb.

"The Economist" məcmuəsinin qənaətinə görə bununla yanaşı Trump administrasiyası İran üzərinə təzyiqlərini daim saxlamalıdır.

Bu o vaxtadək davam etdirilməlidir ki, "İran Sasani imperiyasını bərpa etmək xülyasından" əl çəksin, "The Economist" yazır.

Dünyanın ilk "transgender kuklası"

"The Telegraph" yazır ki, "dünyanın ilk transgenfer kuklası" adlanan məhsul ilk dəfə olaraq New York Oyuncaq Yarmarkasında təqdim edilib.

Bu kuklanın prototipi 16 yaşlı transgender Jazz Jennings-dir. O dünyaya oğlan kimi gəlsə də, 5 yaşından qız kimi yaşamağa başlayıb.

Satışa bu iyuldan çıxarılacağı gözlənilən kuklaların hər birinin qiyməti təxminən 100 dollar olacaq.

Məqalədə deyilir ki, Tonner Doll şirkəti Jennings-in üzərində modelləndirilmiş bu kuklalara çəhrayı paltarlar geyindirib.

Xanım Jennings-in xatirə kitabının üz qabığındakı şəkil də buna bənzəyir.

Bu kuklanın təsvirini İnstagrama yükləyən Jenner deyib: "Mən ümid edirəm ki, bu oyuncaq transgender insanlara həyatdakı layiqli yerini verəcək və onları müsbət mənada təqdim edəcək".

Tonner Doll şirkətinin sahibi Robert Tonner deyib ki, Jazz-də onun insanlarda qiymətləndirdiyi bütün cəhətlər - "qoçaqlıq, ağıl və istedad kimi xüsusiyyətlər var".

Jazz Jennings isə deyib ki, bəziləri bu kuklanın niyə transgender adlandırılmasına təəccüb edəcəklər.

Axı bu əslində qız kuklasıdır. Jennings isə bildirir ki, söhbət də elə bundan gedir.

"Mən adi bir qız uşağıyam" - deyib Jennings.

Əlaqəli mövzular