Suriyanın Əl-Bab şəhərində hücum: "41 nəfər həlak olub"

Əl-Bab Fotonun müəllifi Getty Images

Özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın əlindən alınmış Suriyanın Əl-Bab şəhərində baş verən avtomobil partlayışı 41 nəfərin ölümünə bais olub, fəallar bildirir.

Suriya İnsan Hüquqları Müşahidə qrupuna əsasən partlayış üsyançıların Əl-Bab yaxınlığındakı buraxılış məntəqəsini darmadağın edib.

Məlumata görə, partlayıcı qurğunu intiharçı işə salıb.

Yerli mənbələrə istinad edən Reuters agentliyi xəbər verir ki, həlak olanlardan 35 nəfər yerli sakindir. Daha 6 nəfərin Türkiyənin dəstəklədiyi qiyamçı qrupların üzvü olduğu bildirilir.

Baş verən partlayışa görə məsuliyyəti heç kim üzərinə götürməyib.

İD şəhəri tərk edəndən sonra Əl-Baba Türkiyənin dəstəklədiyi qiyamçı birləşmələr daxil olub.

Fevralın 16-da Türkiyə ordusu Əl-Babı aldığını bildirib. Lakin şəhərdə faktiki olaraq döyüşlər davam edib.

Əl-Bab şəhəri Türkiyə ilə sərhəddən 30 km aralıda yerləşir.

O, İD-nin Hələb əyalətindəki son istehkamı hesab olunurdu.

Türkiyə ilə yanaşı Əl-Bab şəhərinə qarşı əməliyyatda Suriya ordusu da iştirak edib. O, şəhərə doğru cənub-qərb istiqamətindən irəliləyib.

Lakin gözlənildiyinin əksinə olaraq, İD döyüşçülərinin ciddi müqavimət göstərməsi əməliyyata əngəl törədib.

Bu barədə daha geniş