Ağ Ev sözçüsü Sean Spicer bəzi media qurumlarını brifinqə niyə buraxmayıb?

Press briefing room at the White House Fotonun müəllifi Getty Images

Ağ Ev bir sıra böyük qəzet və yayımçını öz qeyri-rəsmi mətbuat brifinqinə buraxmayıb.

BBC, CNN, New York Times və digərləri mətbuat katibi Sean Spicer tərəfindən görüşdən kənar edilib.

Bundan bir neçə saat öncə Prezident Donald Trump mediaya bir daha hücum edərək deyib ki, "saxta xəbərlər ... xalqın düşmənidir".

Media qrupları Ağ Evin bu addımını tənqid edib: New York Times bunu "demokratik ideallara təhqir" adlandırıb.

Keçmişdə Prezident Trump New York Times və CNN-i xüsusilə tənqid edib.

Onun köməkçilərinin Rusiya kəşfiyyat rəsmilərilə əlaqə saxlamasını iddia edən məlumatlar prezidenti xüsusilə qəzəbləndirib.

Cümə günü cənab Trump-ın çıxışından az sonra bir sıra seçilmiş media qurumunun nümayəndələri "gaggle" kimi tanınan qeyri-rəsmi görüş üçün cənab Spicer-in ofisinə dəvət olunub.

Fotonun müəllifi AP
Image caption Sean Spicer xəbərdarlıq edib ki, Ağ Ev xəbərlərdə gedən "səhv məlumatlara" qarşı "aqressiv olaraq təzyiq" göstərəcək

ABC, Fox News, Breitbart News, Reuters və Washington Times otağa buraxılıb.

Bəzilərinin görüşə niyə buraxılmadığı barədə suala cavab verən Sean Spicer deyib ki, bu, iştirak edən müxbirlərin ehtiyatını "genişləndirmək" üçün nəzərdə tutulub.

O həmçinin xəbərdarlıq edib ki, Ağ Ev xəbərlərdə gedən "səhv məlumatlara" qarşı "aqressiv olaraq təzyiq" göstərəcək.

Politico, Buzzfeed və Daily Mail həmçinin kənarlaşdırılıb - amma CNN yeganə böyük ABŞ telekanalı idi ki, görüşə buraxılmasın.

Əlaqəli mövzular