MN: "həlak olmuş hərbçilərin nəşi döyüş meydanından çıxarılıb"

dağlıq qarabağ Fotonun müəllifi Getty Images

Azərbaycanın Müdafiə Nazirliyi fevralın 24-dən 25-ə keçən gecə cəbhədə atəşkəsin pozulması nəticəsində həlak olmuş beş hərbi qulluqçunun nəşlərinin döyüş meydanından çıxarıldığını bildirib.

Nazirlik qeyd edib ki, prosesdə beynəlxalq vasitəçilər iştirak edib.

Bundan əvvəl Azərbaycan meyitlərin təxliyəsi planının pozulmasına görə Ermənistan tərəfini ittiham edib. Erməni tərəfi isə prosesin baş tutmamasında qarşı tərəfi günahlandırıb.

"Hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu və Cəfərov Zakir Nazim oğlunun nəşlərinin döyüş meydanından çıxarılması məqsədilə ATƏT və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələrinin vasitəçiliyi ilə fevralın 26-da saat 12.00-da müvafiq tədbirlərin həyata keçirilməsi planlaşdırılırdı", Nazirliyin bəyanatında deyilib.

"Lakin meyitlərin çıxarılması proseduru başlayanda Ermənistan beynəlxalq vasitəçilərin iştirakı ilə əvvəlcədən əldə edilmiş razılığın şərtlərini pozaraq əməliyyatın keçirilməsinə mane olmaq məqsədilə bilərəkdən qəbuledilməz yeni tələblər irəli sürüb", rəsmi məlumatda bildirilib.

Bundan başqa, Ermənistan Silahlı Qüvvələrinin cəbhənin digər istiqamətlərində Azərbaycanın mövqelərini müxtəlif çaplı silahlardan, artilleriya qurğularından "atəşə tutduğu və bir neçə istiqamətdə planlı surətdə diversiya həyata keçirməyə cəhd göstərdiyi" bəyan edilib.

Qarşılıqlı ittihamlar

Erməni tərəfi azərbaycanlı hərbçilərin cəsədlərinin "neytral zonadan" çıxarılması prosesinin baş tutmamasında qarşı tərəfi günahlandırıb.

Tanınmamış "DQR Müdafiə Nazirliyinin" məlumatına əsasən, bunun səbəbi "daha əvvəl əldə edilmiş razılaşmaların Azərbaycan tərəfindən pozulması" olub.

Yerli mətbuata verdiyi izahatda "DQR prezident administrasiyası rəhbərinin müavini David Babayan" deyib ki, erməni tərəfi heç vaxt "süni şəkildə maneələr törətməyib və törətmir".

"Azərbaycan tərəfi üzərinə götürdüyü öhdəlikləri [cəsədlərin çıxarılması ilə başlı] öz qaydasında yerinə yetirsə, heç bir problem ola bilməz", - deyə David Babayan razılaşma ilə bağlı "bəzi məxfi məqamları" açıqlamayıb.

David Babayan deyir ki, ATƏT-in fəaliyyətdə olan sədrinin Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Andrzej Kasprzyk-in vasitəçiliyi ilə "azərbaycanlı hərbçilərin cəsədlərinin neytral zonadan çıxarılması üzrə razılaşmanın həyata keçirilməsi prosesi davam etməkdədir".

Fevralın 26-da ATƏT Minsk Qrupunun həmsədrləri tərəfləri təmas xətti yaxınlığındakı ağır texnikanı əvvəlki mövqelərə çəkməyə və güc tətbiq etməmək barədə öhdəliyə əməl etməyə çağırıb.

Bundan başqa tərəflər fevralın 25-də ATƏT-in şəxsi nümayəndəsinin vasitəçiliyi ilə əldə edilən razılaşmaya uyğun olaraq cəsədlərin evakuasiyasının təmin edilməsinə də çağrılıb.

Səfirlərin bəyanatında deyilib ki, onlar Azərbaycan və Ermənistanın müdafiə nazirliklərindən və digər mənbələrdən fevralın 25-də təmas xəttində atəşkəs rejiminin ciddi surətdə pozulması və insan tələfatı oması barədə məlumat alıblar.

Bu barədə daha geniş