Britaniya mətbuatı: Öz qapısına 11 qol vuran komanda

London Fotonun müəllifi JUSTIN TALLIS

London "qapılarını bağlamağa" hazırlaşır

"The Telegraph" yazır ki, Britaniyaya yeni Avropa miqrantlarının gəlişinə mart ayından son qoyulacaq.

Baş nazir Theresa May Avropa İttifaqından çıxmaq barədə təşkilatın nizamnaməsinin 50-ci maddəsinə məhz həmin vaxtdan start verəcək.

Martın əvvəllərindən habelə ölkənin Avropa İttifaqından çıxış prosesinin və danışıqların başlanğıcı olacaq.

Məqalədə deyilir ki, bundan sonra Avropa İttifaqı ölkələrindən gələnlərin ölkəyə avtomatik qəbulu dayandırılacaq.

Hələlik Britaniyaya gəliş-gediş üçün viza rejiminin tətbiq edilib-edilməyəcəyi bəlli deyildir.

Eyni zamanda hazırda Britaniyada yaşayan 3, 6 milyon avropalıya burada daimi yaşamaq hüququ veriləcək.

50-ci maddənin işə salınması ilə paralel Britaniya öz sərhədlərini öz qüvvələri qorumağa başlayacaq.

Lakin bütün bunlar Londonla Brüssel arasında ciddi toqquşmaya səbəb ola bilər. Avropa İttifaqı sərbəst hərəkət qaydasının danışıqlar prosesi bitənədək saxlanmasını istəyirdi. Bu isə 2019-cu ildə baş verə bilər.

Lakin Britaniya rəsmiləri narahatdırlar ki, həmin müddətdə çox sayda miqrant ölkəyə gələ bilər.

Rəsmilərin narahatlığı əsasən də Rumıniya və Bolqarıstan kimi ölkələrdən miqrant axınının baş verə biləcəyindəndir.

Lakin bir sıra təhlilçilər prosesin rəsmilərin istədiyi kimi rahat keçəcəyinə inanmırlar.

Britaniyanın Aİ-dən çıxışı məsələsi Lordlar palatasında müzakirə edilməlidir.

Belə bir ehtimal var ki, yuxarı palata Aİ vətəndaşlarının Birləşmiş Krallığa gediş-gəlişinin xüsusi qaydalarına dair müxalifətin təklifini qəbul edə bilər.

Bu təkliflər Aİ vətəndaşları üçün əslində sərbəst gediş-gəlişin saxlanmasını nəzərdə tutur.

Hollandiya avrozonanı tərk edə bilər

Fotonun müəllifi EMMANUEL DUNAND
Image caption Hollandiyada keçiriləcək parlament seçkilərində ifrat sağçı Geert Wilders-in qalib gələcəyi gözlənilir

"The İndependent" qəzeti yazır ki, Hollandiyada millət vəkilləri Avropa İttifaqının vahid valyutası olan avronun bundan sonra da saxlanmasının məqsədəuyğunluğuna dair hesabatın hazırlanmasını sifariş ediblər.

Xəbər verilir ki, bu məsələ gələn ay keçiriləcək parlament seçkilərindən sonra "hərtərəfli müzakirəyə" çıxarılacaq.

Avroya dair hesabatın hazırlanması üçün təşəbbüs müxalif xristian-demokratlar tərəfindən qaldırılıb, lakin böyük səs çoxluğu ilə qəbul olunub.

"The İndependent" yazır ki, Hollandiyada avrozonadan çıxmaq barədə məsələ bütün Avropa boyunca avroskeptizmin yayıldığı vaxtda ortaya çıxıb.

Avropa İttifaqının gələcəyinə şübhə Hollandiya da populist patiyaların yüksəlişinə təkan verib.

Hesabatın hazırlanması üçün aparılacaq tədqiqatda Hollandiyanın avrodan çıxmasının mümkünlüyü məsələsi araşdırılmalıdır.

Xristian-demokrat Pieter Omtzigt deyib ki, avrodan narahatlıq Avropa Mərkəzi Bankının faizləri yüksəltməsi ehtimalı ilə bağlıdır.

Bu narahatlıq xüsusən də əmanətçilər və pensiyaçılar arasında güclüdür.

Sözü gedən araşdırmanın nəticələri bir neçə aydan sonra açıqlanacaq və o vaxtadək parlamentin tərkibi dramatik şəkildə dəyişmiş olacaq.

Bununla yanaşı Holland seçicilərin əksəriyyəti avronun saxlanmasına tərəfdardır.

Hollandiyada keçiriləcək parlament seçkilərində ifrat sağçı Geert Wilders-in qalib gələcəyi gözlənilir, lakin o koalisya hökuməti qurmaq üçün başqa siyasi partiyalarla razılaşma əldə etməli olacaq. Hazırkı vəziyyətdə bu real görünmür. Buna görə də mərkəz-sağçı koalisiyanın qururlacağı daha ağlabatandır.

"Avro ilə bağlı problemlər həll edilməyib" - deyib cənab Omtzigt.

Belə bir şəraitdə siyasi partiyalar avronu saxlamağın xeyir və ziyanları barədə fikir mübadiləsini davam etdirilər.

Rusiyada xokkey rüsvayçılığı

Rusiyada böyük xokkey üzrə Superliqanın iki komandası bazar günü keçirilən matçda öz qapılarına toplam 20 qol vurublar.

Arxangelskdə keçirilən matçda Baykal-Energiya yerli Vodnik klubuna 11-9 hesabı ilə qalib gəlib.

Əvvəlcə Vodnik öz qapısına üç qol vurub, buna cavab olaraq Baykal öz qapısından 9 top keçirib. Sonra Vodnik öz qapısına qollar vurmağa başlayıb.

Komandaların belə hərəkətinə səbəb o olub ki, onlar final mərhələsində daha zəif rəqiblə qarşılaşmaq istəyirdilər.

İndi Rusiyanın Böyük Xokkey Federasiyası komandaları cəzalandırmağa hazırlaşır.

"The Guardian" yazır ki, oyun Vodnik komandası üçün böyük əhəmiyyətə malik idi. Beləki Vodnik bu matçda qalib gəlsəydi, ölkə çempionu ilə qarşılaşmalı olacaqdı.

Baykal komandası üçün oyun nəticəsinin elə bir fərqi yox idi. Çünki Baykal artıq daha zəif rəqiblə qarşılaşacaqdı.

Buna baxmayaraq öz qapısına qol "gəlhagəlinə" onlar da "zarafat" üçün qoşulublar.

Beləliklə, 11-9 hesabı ilə başa çatan matçda bütün qolları komandalar öz qapılarına vurublar.