Rusiya və Çin BMT-də Suriyaya qarşı sanksiyalara veto qoyub

Kimyəvi silahın ləğvi - 2014-cü il Fotonun müəllifi Getty Images
Image caption Suriyada kimyəvi silah ehtiyatları hələ 2014-cü ildə məhv edilməli idi

Rusiya və Çin BMT-nin kimyəvi silahdan istifadə etməkdə şübhələndiyi bir sıra Suriya məmurlarına qarşı sanksiyaların tətbiq edilməsi qərarına qarşı veto qoyub.

Rusiya artıq yeddinci dəfədir ki, Suriya hökumətini qorumaq üçün BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə qarşı çıxır.

Çin də həmçinin 2011-ci ildə Suriyada vətəndaş müharibəsi başladıqdan sonra bu ölkəyə qarşı sanskiyanı nəzərdə tutan 6 qətnamənin qəbulunu əngəlləyib.

Böyük Britaniya, Fransa və ABŞ tərəfindən hazırlanan qətnamənin lehinə 9 ölkə, əleyhinə isə Çin, Rusiya və Boliviya səs verib.

Efiopiya, Qazaxıstan və Misir bitərəf qalıb. Əgər veto olmasaydı, qətnamə qəbul olunmuşdu.

Bir qədər əvvəl Rusiya prezidenti Vladimir Putin sanksiyaların danışıq prossesinə mane olacağını bildirərək Suriya rəhbərliyinə qarşı sanksiyaların tətbiq edilməsini yersiz adlandırmışdı.

Suriya 2013-cü ildə Rusiya və ABŞ-ın iştirakı ilə əldə olunan razılaşmaya görə, kimyəvi silahları məhv etməliydi.

Suriya hökuməti kimyəvi silahdan istifadə etdiyini təkzib etsə də, BMT və kimyəvi silahları qadağan edən təşkilat tərəfindən təhqiqat aparılıb.

Nəticədə Suriya hökumətinin 2015-ci ildə kimyəvi silahdan istifadə edərək 3 hücüm həyata keçirdiyi məlum olub.

Bu barədə daha geniş