Britaniya mətbuatı: Londonda "kabab mükafatları" mərasimi keçirilib

Fotonun müəllifi Spencer Platt
Image caption Çinin vetodan istifadəsi təəccüb doğurub
  • Rusiya və ABŞ Təhlükəsizlik Şurasında "toqquşdular"
  • Trump Amerikanı "birpartiyalı sistemlə" qorxudur
  • Bir rus Danimarkada ərzaq israfçılığına necə son qoydu?
  • Kabab sənayesi Britaniya iqtisadiyyatına 2, 8 milyard funt sterlinq verib

Rusiya və ABŞ Təhlükəsizlik Şurasında "toqquşdular"

"The Telegraph" yazır ki, Rusiya Suriya hakimiyyətinin münaqişədə kimyəvi silahlardan istifadəsi ilə bağlı hazırlanmış BMT sanksiyasına veto qoyub.

Bu qətnaməni ABŞ, Britaniya və Fransa dəstəkləyirdi.

Məqalədə deyilir ki, Rusiyanın ötən çərşənbə axşamı qoyduğu veto son altı ildə Moskvanın 7-ci vetosudur.

"The Telegraph" yazır ki, Rusiya bu müddət ərzində BMT Təhlükəsizlik Şurasındakı daimi üzv yerindən Suriya prezidenti Əsədin hakimiyyətini müdafiə üçün istifadə edib.

Bu da xəbər verilir ki, Çin də Rusiyanın vetosuna qoşulub, lakin bunun özünün spesifik səbəbi var.

Beləki bu veto Çin helikopterlərinin Suriya hökumətinə satışını qadağan etmiş olardı.

Qərb ölkələrinin ittihamlarına görə Əsəd rejimi xlorin qazı ilə dolu çəlləkləri məhz belə helikopterlərdən atırdı.

Bu da qeyd olunur ki, sözü gedən qətnaməyə görə BMT Təhlükəsizlik Şurasındakı deyişmə, Trump Ağ Evə gələndən bəri Kreml və Washington arasındakı ilk qarşıdurmadır.

ABŞ-ın BMT-dəki səfiri Nikki Haley deyib ki, BMT-də bir üzv ölkənin başqa bir ölkənin öz əhalisini qırması faktını müdafiə etməsi kədərlidir.

O bildirib ki, belə hərəkətlər dünyanı daha təhlükəli yerə çevirir.

Rusiyanın BMT-dəki səfir müavini Vladimir Safronkov deyib ki, Qərbin Moskvanı tənqid etməsini "hiddət doğuran hal" adlandırıb.

O Qərb nümayəndələrinə müraciətlə "Qoy Allah hakiminiz olsun" deyib.

Safronkov deyib ki, Qərb nümayəndələri Rusiyanı veto hüququndan istifadəyə məcbur etməklə təxribat törədiblər.

Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin bu qətnaməni tamamailə qeyri-məqbul adlandırmış və Cenevrədə keçirilən Suriya sülh danışıqlarını pozacağı ilə hədələmişdi.

Lakin Rusiyanın bu qətnaməyə veto qoyacağı əvvəlcədən məlum olsa da, Çinin vetodan istifadəsi təəccüb doğurub.

Trump Amerikanı "birpartiyalı sistemlə" qorxudur

Fotonun müəllifi Alex Wong
Image caption "The İndependent" yazır ki, Trump-ın bu müsahibəsi demokratlarr tərəfindən çox sərt qarşılanacaq

Donald Trump "Fox and Friends" proqramına deyib ki, Amerika Birləşmiş Ştatları onun prezidentliyi altında birpartiyalı sistemə çevrilə bilər.

Bu müsahibəsində ABŞ prezidenti Nümayəndələr Palatasının demokrat lideri Nancy Pelosi-ni "səriştəsizlikdə" ittiham edib.

O deyib ki, hazırda ABŞ Senatında azlıqda qalan demokratlar Pelosinin rəhbərliyi altında ciddi təhlükə ilə üzləşə bilərlər.

Amma "respublikaçı Trump" bunu da əlavə edib ki, o, bütün hallarda "ikipartiyalı sistemin" tərəfdarıdır.

"Mən Nancy-nin bəyanatlarına diqqət edirəm və düşünürəm ki, o səriştəsizdir, - deyib -Trump, - Onun rəhbərliyi altında demokratların partiyası getdikcə kiçilib".

"Müəyyən mənada bütün bunları görmək mənim üçün ağırdır, çünki mən ikipatrtiyalı sistemi xoşlayıram. Amma belə getsə, bizdə tezliklə birpartiyalı sistem olacaq. Amma düşünürəm ki, ikipartiyalı sistem daha sağlam və daha yaxşıdır" - deyir Trump.

"The İndependent" yazır ki, Trump-ın bu müsahibəsi demokratlarr tərəfindən çox sərt qarşılanacaq.

Trump seçki kampaniyası ərzində qütbləşmiş ABŞ cəmiyyətini birləşdirmək kimi vədlər vermişdi.

Bir rus Danimarkada ərzaq israfçılığına necə son qoydu?

Fotonun müəllifi BEN STANSALL
Image caption Böyük Britaniyada 2015-ci ildə 7, 3 milyon ton ərzaq zibilxanaya atılıb

"The İndependent" qəzetinin başqa bir məqaləsində deyilir ki, bir nəfərin təşəbbüsü bütün Danimarkada ərzaq israfçılığına son qoyub.

13 yaşındaykən Rusiyadan Danimarkaya köçmüş Selina Juul bu ölkədəki ərzaq israfçılığının miqyasından dəhşətə gəlmişdi.

Məhz bundan sonra onun başlatdığı təşəbbüs nəticəsində Danimarkada ərzaq israfçılığı 25 faiz azalıb.

Ən başlıca israfçılıq ölkənin supermarketlərində və restoranlarında baş verirdi.

Xanım Juul BBC-yə müsahibəsində deyib ki, o öz ölkəsində kommunizim və infrastrukturun iflasının şahidi olub.

"Mən ərzağın daim çatışmadığı ölkədən gəlmişdim" - deyib xanım Juul.

Onun "Ərzaq İsrafına Son" təşəbbüsü hökuməti hərəkətə gətirib.

Danimarkanın topdansatış şirkətlərindən Dagforanın ictimai əlaqələr idarəsinin başçısı Maria Noel BBC-yə deyib ki, Juul-un bu təşəbbüsü əvvəl-əvvəl divanəlik kimi görünürdü.

"Amma o Danimarkadakı mentaliteti tamamilə dəyişdi" - deyib Noel.

Xanım Juul Danimarkadakı ən böyük ucuz ərzaq mağazaları şəbəkəsi Rema 1000-i inandıra bilib ki, bütün kəmiyyət endirimlərini ərzaq vahidinin ucuzlaşdırılması ilə əvəz etsin.

Şirkətin baqqallarından Max Skov Hanser deyir ki, əvvəllər Rema 1000 hər gün 80-100 bananı zibil yeşiklərinə atırdı.

Lakin bananların tək-tək satışı zibilxanaya atılan məhsulu 90 faiz azaldıb.

Son beş ildə Danimarka ərzaq israfçılığına qarşı mübarizədə Avropanın liderinə çevrilib.

Ötən il Danimarkada bir xeyriyyə cəmiyyəti endirimli qiymətlərlə ərzaq satan supermarket açıb. Burada ərzaq malları adi supermarkertlərdəkindən 30-50 faiz ucuzuna satılırdı.

Wefood təşkilatı Danimarkada hər il israf olunan ərzağı 700 min ton azaltmağı planlaşdırır.

Lakin xanım Juul deyib ki, ən böyük israfçılar elə istehlakçılardır.

O bildirib ki, ərzaq israfçılığı təbiətə, cəmiyyətə, habelə ərzağı istehsal edən insanlara, hətta ətləri satılan heyvanlara hörmətsizlikdir.

Böyük Britaniyada 2015-ci ildə 7, 3 milyon ton ərzaq zibilxanaya atılıb.

Kabab sənayesi Britaniya iqtisadiyyatına 2, 8 milyard funt sterlinq verib

Fotonun müəllifi LOUISA GOULIAMAKI
Image caption Mükafatların çoxunu London kababçıları qazanıb

"The Daily Mail" yazır ki, bu həftə dünyanın ən böyük mükafatlarından biri olan Oscar xəbər başlıqlarına çıxsa da, Britaniyada tamam başqa bir mükafat mərasimi heç də az dəbdəbəli olmayıb.

Britaniya Kababları Mükafatı (The British Kebab Awards) mərasimi Londonun mərkəzində yer alıb.

Böyük Britaniya boyunca kababxanaların mükafat mərasimində 1200 adam iştirak edib.

"The Daily Mail" yazır ki, London kabab mükafatlarının təqdim olunması mərasimindəki ləziz ətirlər Hollywood-un parıltısını heç edə bilərdi.

Qəzet yazır ki, kabab mükafatları mərasimində də məşhurlar olub.

Əvvəla bu təqdimat Radio 1-in məşhur DJ-ləri Scott Mills və Chris Stark tərəfindən işıqlandırılırdı.

Mükafat mərasimində London meri Sadiq Khan və müxalif leyboristlərin lideri Jeremy Corbyn çıxış ediblər.

Baş nazir Theresa May isə bu kabab ətirli mərasimə qatılmasa da, iştırakçıları tədbir münasibətilə təbrik etməyi unutmayıb.

"The Mail" yazır ki, bu mərasimə qatılanlar təkcə partiya liderləri olmayıb. Tədbirdə həmçinin kiçik biznesləri dəstəkləyən 50-dək millət vəkili iştirak edib.

Kababxanaların işi lap Oscar mükafatlarında olduğu kimi kateqoriyalar üzrə qiymətləndirilirdi.

Burada "ən yaxşı sifarişçiyə çatdırma", "ən yaxşı təzə kababxana", "ən yaxşı qiymət" və "ilin kababı" kimi kateqoriyalar var idi.

Məqalədə deyilir ki, yarışa İrlandiya, Şotlandiya və Uels kababxanaları qatılsa da, mükafatların çoxu London kababçılarına qismət olub.

London kababçılarının əksəriyyətini türklər təşkil edirlər.

Britaniya Kababları Mükafatı təşkilatından İbrahim Doğuş deyib ki, bu sahədə rəqabət ildən-ilə kəskinləşir.

Doğuş bildirib ki, əslində seçki dairələri üzrə kababxanaları millət vəkilləri təqdim ediblər.

"The Mail" yazır ki, "kabab sənayesi" hər il Britaniya iqtisadiyyatına 2, 8 milyard funt sterlinq verir.

Əlaqəli mövzular