Britaniya mətbuatı: Yaxşı seksin yeddi xeyri

Fotonun müəllifi Sean Gallup
Image caption Almaniyada Türkiyə səfirliyinin qarşısında jurnalistin azad edilməsi üçün nümayiş keçirilib

Alman siyasilər: Erdoğanı ölkəyə buraxmayın

"The Guardian" yazır ki, Almaniya kansleri Angela Merkel-ə Türkiyə prezidenti Recep Tayyip Erdoğanın Almaniya jurnalistinin İstanbul həbsxanasında saxlanması ilə əlaqədar ölkəyə buraxılmaması üçün çağırışlar ucalır.

Bəzi məlumatlara görə 2011 və 2014-cü illərdə Almaniyada təbliğat mitinqləri keçirmiş Erdoğan bu il də burada aprel referendumundan əvvəl mitinq keçirməyi planlaşdırır. Aprel ayında Türkiyədə keçiriləcək referendum Erdoğana prezident kimi məhdudiyyətsiz səlahiyyətlər verə bilər və Almaniyadakı türklərin səsləri bu mənada rəmzi məna daşıyır.

Die Welt qəzetinin müxbiri Deniz Yücel ötən ay Türkiyədə həbsxanaya salınmış ilk alman jurnalist olduqdan sonra Merkel hökuməti Almaniya partiyalarının güclü təzyiqi altındadır. Hakim koalisiya və müxalifət xanım Merkeli Erdoğanı ölkəyə buraxmamağa çağırır.

Şimali Reyn-Vestfaliya regionunun daxili işlər naziri və hakim koalisiyaya daxil olan sosialist partiyasının üzvü Ralf Jäger deyib ki, onun nazir olduğu torpaqda Erdoğan mitinqləri keçirilməməlidir. Bavariya xristian sosialistlərindən Stephan Mayer isə bildirib ki, alman jurnalisti həbsə atan adamın Almaniyada yürüş keçirməyə mənəvi haqqı yoxdur.

Almaniyanın kürd əsilli millət vəkili Sevim Dağdelen deyib ki, öz ölkəsində demokratiyanı ləğv etmiş Erdoğanı Almaniya torpağına buraxmamaq Merkelin siyasi vəzifəsidir.

Avstriya artıq bundan əvvəl Erdoğanın buradakı türk diasporası arasında təbliğat aparmasına qadağan qoyub.

Lakin kanslerin sözçüsü bildirib ki, Erdoğana qadağan qoyulması yanlış mesaj verə bilərdi.

Steffen Seibert deyib ki, Almaniya hökuməti hazırda Türkiyədə demokratiyaya qeyri-məqbul miqyasda hüdud qoyulması faktını tənqid edir, "lakin biz elə həmin demokratiyanı öz ölkəmizdə məhdudlaşdıra bilmərik".

Lakin sosial demokratların xarici işlər üzrə sözçüsü Niels Annen hökumətin qadağan qərarını istisna etməsini təqdir etsə də, bildirib ki, Türkiyə ilə Avropa İttifaqı arasında miqrant sazişinin təşəbbüsçüsü olan Merkel innən belə Türkiyədə demokratiyanın vəkilliyini edə bilməz.

"The Guardian" yazır ki, Almaniyada yaşayan 1, 4 milyon türkün Türkiyə səsvermələrində iştirak etmək hüququ var və onların səsləri Erdoğanın partiyası üçün simvolik məna daşıyır.

Londondakı Kings College Universitetinin eksperti Alexander Clarkson deyib ki, Almaniyada yaşayan türklərin cəmi 40 faizi seçkidə iştirak edib və onlardan da 60 faizi Erdoğana səs verib.

Alimin sözlərinə görə Almaniyadakı türklərin böyük əksəriyyətini Türkiyə siyasəti qətiyyən maraqlandırmır.

Trump CNN-lə barışıb?

Fotonun müəllifi Mark Wilson

"The İndependent" yazır ki, CNN Donald Trump-ın xeyrinə olan rəy sorğusu nəticələrini efirə verdikdən sonra, deyəsən Ağ Evin sözçüsü Sean Spicer-in telekanala münasibəti dəyişib.

Halbuki həm cənab Trump, həm də onun mətbuat katibi keçmişlərdə telekanalı kəskin tənqid atəşinə tutmuşdular.

CNN ötən həftə Trump administrasiyasının qəzəbinə gəldiyinə görə Ağ Evin mətbuat konfransına buraxılmamışdı.

Lakin cənab Spicer CNN-nin verdiyi son reportaj barədə Tvitterdə yazıb.

CNN-nin keçirdiyi rəy sorğusuna görə Trump-ın Konqresdəki çıxışına tamaşa edənlərin 57 faizi bu nitqdən "çox razı" qalıb. Rəyi soruşulanların 70 faizi bu çıxışdan sonra ABŞ-ın düzgün yolda olduğuna inandığını deyib.

Yaxşı seksin sağlamlığa xeyri var

Fotonun müəllifi George Marks

"The Telegraph" qəzeti yazır ki, seks sağlamlığın rəhnidir və onun ilk növbədə sağlam yuxuya təsiri var.

Avstraliyadakı Mərkəzi Queensland Universitetindən davranış və yuxu araşdırmaçısı doktor Michele Lastellan deyib ki, sağlam və dərin yuxunun təminatçılarından biri də seks və orqazmdır.

Ekspertin sözlərinə görə burada yeganə balanssızlıq qadın və kişilərdə orqazm üçün lazım olan vaxt ola bilər.

Elmi hesablamalara görə kişilərin maksimum həzz alması üçün zəruri vaxt təxminən 7-14 dəqiqə, qadınlar üçünsə 10-20 dəqiqədir.

Lakin bu vaxtadək aparılmış başqa tədqiqatlar çox seksin başqa sağlamlıq faydalarını da üzə çıxarıb.

"The Telegraph" onlardan yeddisini təqdim edib. Bu məlumatlara görə seks:

Adamı cavan göstərir

2013-cü ildə Edinburq Kral Xəstəxanasında ahıl yaş psixoloqu doktor David Weeks demişdi ki, aktiv seks həyatı qadın və kişiləri öz yaşlarından 5-7 yaş arasında daha cavan göstərir.

İnfarktdan qoruyur

2010-cu ildə Massachusetts-dəki New England Tədqiqatlar İnstitutu 1000 kişi arasında aparılmış müşahidədən bu nəticəyə gəlmişdi ki, həftədə azı iki dəfə sekslə məşğul olmaq infarkt vurmasının qarşısını 45 faiz alır.

Alimlər deyirdilər ki, bu həm insanın emosional, həm də fiziki fəallığı ilə əlaqədar ola bilər.

İmmun sistemini yaxşılaşdırır

Pennsylvania-dakı Wilkes Universitetinin alimləri bidlirirlər ki, həftədə bir və ya iki dəfə sekslə məşğul olmaq insanın immun sistemini gücləndirir, bu isə adamların daha az soyuqdəymələrə məruz qalmasına kömək edir.

1999-cu ildə aparılmış elmi tədqiqat göstərib ki, sekslə müntəzəm məşğul olanlarda immunoqlubolin antigeni 30 faiz artmış olur.

Lakin digər tərəfdən məsuliyyətsiz seks insanı bir çox dəri-zöhrəvi xəstəliklərinə məruz qoya bilər.

Beyin funksiyasını yaxşılaşdırır

2013-cü ildə İtaliyadakı Pavia Universitetinin alimləri müəyyən ediblər ki, müntəzəm seks kəllə sinirlərinin inkişafına kömək edir. Bu isə ruhi sağlamlığın şərtlərindən biri sayılır.

Bu mülahazilələr sonradan Princeton Universitetinin siçovullar üzərində apardığı tərübələrdə də təsdiqlənib.

Prostat xərçəngi riskini azaldır

2014-cü ildə Montreal Universitetinin alimləri aşkar etmişdilər ki, 20-dən çox qadınla seksual təcrübəsi olan kişilərdə prostat vəzi xərçənginin riski 19 faiz azalmış olur.

Bu nəticəyə gəlinməsi üçün 3200 kişi üzərində 4 il müddətində müşahidə və müayinə aparılmışdı.

İş stresini azaldır

2006-cı ildə Şotlandiyadakı Paisley Universitetində 22 kişi və 24 qadın üzərində aparılmış təcrübə göstərmişdi ki, sekslə müntəzəm məşğul olan insanlar işdə müxtəlif streslərin öhdəsindən daha yaxşı gəlirlər.

Mükəmməl idman kimidir

Son vaxtlarda aparılmış araşdırmalar göstərib ki, SMS göndərən zaman insanın 33, avtobus dalınca qaçarkən 99, seks zamanı isə bütün 657 əzələsi hərəkətə gəlir.

Fizioterapevt Mike Aunger deyib ki, "yataq otağında bütün əzələlər lazımdır, ələlxüsus da ürək əzələləri…"

Yaxşı, bəs, yaxşı seksin özü nədir?

Doktor Aunger deyir ki, mükəmməl seks azı 30 dəqiqə çəkməlidir.

"45 dəqiqə isə daha mükəmməldir", doktor deyir.

Əlaqəli mövzular