ABŞ: Baş prokuror Rusiya səfiri ilə görüşünə görə qınanılır

Jeff Sessions. Photo: 29 November 2016 Fotonun müəllifi AFP
Image caption Jeff Sessions ötən il Senatın Silahlı Xidmətlər Komitəsinin üzvü idi.

Baş prokuror Jeff Sessions Donald Trump-ın prezident kampaniyası dövründə iki dəfə Rusiya səfiri ilə görüşüb, ABŞ hökuməti təsdiqləyib.

Həmin vaxt senator olan cənab Sessions yanvar ayında keçirilən məhkəmə iclasında bildirib ki, onun ruslarla heç bir əlaqəsi olmayıb.

O, çərşənbə günü vurğulayıb ki, "heç vaxt kampaniyanın məsələlərini müzakirə etmək üçün Rusiya rəsmiləri ilə görüşməyib".

Demokratlar onu "andını pozmaqda" ittiham edib və istefaya göndərilməsini tələb edib.

Onlar, həmçinin, Jeff Sessions-dan seçki kampaniyalarına Rusiya müdaxiləsi iddialarını araşdıran təhqiqatdan uzaq durmağı tələb edib. Cənab Sessions bu prosesi baş prokuror kimi müşahidə edir.

ABŞ kəşfiyyat icması bu qənaətə gəlib ki, Demokratik təşkilatların rus haker hücumlarına məruz qalması kimi iddia edilən məsələ cənab Trump-ın Demokratların lideri Hillary Clinton-u məğlub etməsi niyyəti ilə həyata keçirilib.

Ötən ay cənab Trump-ın Milli Təhlükəsizlik Üzrə Müşaviri Michael Flynn Rusiya səfiri ilə Moskvaya qarşı sanksiyalarla bağlı müzakirə aparması iddialarına görə Ağ Evi aldatdığı əsası ilə işdən qovulub.

İttihamın əsasını nə təşkil edir?

Washington Post-un xəbərinə və ədliyyə nazirliyinin təsdiqinə görə, cənab Sessions ötən il iki dəfə Senatın Silahlı Xidmətlər Komitəsinin üzvü kimi Rusiya Səfiri Sergey Kislyak ilə görüşüb.

Qəzet yazır ki, onlar sentyabr ayında Cənab Sessions-ın ofisində təkbətək söhbət aparıb və yay boyunca bir neçə digər səfirlərlə görüşüb.

O, il boyunca 25-dən çox xarici səfirlə görüşlər keçirib.

Lakin o cənab Trump-ın kampaniyası komandasının əsas fiquru olduğu zaman və mediada seçkilərə Rusiyanın müdaxiləsinə dair artan hesabatlar fonunda cənab Kislyak ilə görüşüb.

Cənab Sessions nə deyir?

Məhkəmə iclası zamanı cənab Sessions-dan soruşublar ki, əgər Trump kampaniyasından kiminsə Rusiya ilə əlaqədə olması barədə sübutlar olsaydı, o nə edərdi?

O deyib ki, "bu hərəkətlərdən xəbərsizdir".

Sonra o deyib: "Mənim ruslarla rabitəm olmayıb."

"Mən kampaniyanın məsələlərini müzakirə etmək üçün heç vaxt Rusiya rəsmiləri ilə görüşməmişəm. İddialar barədə bilmirəm. Bu, yalandır", cənab Sessions çərşənbə günü bildirib.

Fotonun müəllifi AP
Image caption Rusiya Səfiri Sergey Kislyak məsələyə şərh verməyib

Yeni sorğu haqqındadır?

Cənab Sessions-ın görüş xəbəri konqres komitəsinin seçkilərə Rusiyanın müdaxiləsi iddialarını araşdırmaq barədə qərarından sonra gəlir.

Daxili kəşfiyyat qrupu Donald Trump-ın kampaniyası ilə Moskva arasında təmasları dərindən öyrənəcək.

Ağ Ev indiyədək seçki kampaniyasına hansısa müdaxiləni təkzib edib, eləcə də Rusiya seçkilərə qarışması barədə ittihamları rədd edib.

İndiyə qədər, Respublikaçı senatorlar Demokratların istintaq tələbləri ilə razılaşmağa könülsüz yanaşıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş