Türkiyə nümayişə görə Almaniya səfirinə etiraz edib

nümayiş Fotonun müəllifi Getty Images

Türkiyə, Almaniyada türkiyəli nazirin çıxış edəcəyi nümayişin ləğv edilməsindən sonra Ankaradakı Almaniya səfirinə nota verib.

Ədliyyə naziri Bekir Bozdağ prezident Recep Tayyip Erdoğanın mübahisəli islahatlarının dəstəklənməsi üçün Gaggenau şəhərində çıxış etməli idi.

Lakin yerli hakimiyyət orqanları planlanmış yerin kifayət qədər böyük olmadığını bəyan edərək mitinq üçün icazəni geri götürüb.

Türkiyə ötən həftə türk əsilli alman jurnalisti həbs etdikdən sonra əlaqələr daha da gərginləşib.

Die Welt üçün işləyən Deniz Yücel, terror təbliğatı və Türkiyə hökumətini aşağılamaqda ittiham olunur.

Bir çox türk yazarlar və jurnalistlər 2016-cı ilin iyulunda cənab Erdoğana qarşı baş tutmamış dövlət çevrilişindən sonra həbs edilib.

"Qəbuledilməzdir"

Almaniya səfirinə etiraz verilməsi barədə qərarı Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu verib, Reuters nazirlikdəki mənbələrə istinadla bildirib.

Cənab Bozdağ artıq Almaniyaya planlaşdırılan səfərini təxirə salıb.

"Bizə daim insan hüquqları, demokratiya, qanunun aliliyi, azad söz haqqında mühazirə deyən Almaniya hökumətinin Türk icmasının təşkil etdiyi görüşə icazə verməməsi qəbuledilməzdir", türkiyəli nazir bildirib.

Gaggenau rəsmiləri isə bildirib ki, nümayiş ərazinin kiçikliyinə görə ləğv edib.

"Tədbir indi regionda geniş miqyasında tanınırdı və şəhər böyük sayda turist gözləyirdi," yerli hakimiyyət orqanları bildirib.

"Bad Rotenfels zalının avtomobil dayanacaqları və çıxış yolu bu tələbatın ödənilməsinə kifayət etmir".