Britaniya mətbuatı: Facebook intihar cəhdlərinin qarşısını alacaq

Fotonun müəllifi Sean Gallup

Avropa boyunca icbari hərbi xidmət tətbiq ediləcək

"The Guardian" qəzeti yazır ki, İsveç iyulun 1-dən etibarən ölkədə hərbi mükəlləfiyyət elan edilməsinə dair qərar qəbul edib.

Bu isə o deməkdir ki, hərbi mükəlləfiyyət yaşı çatmış gənclər icbari qaydada hərbi qulluğa cəlb ediləcəklər.

Hökumət bundan əvvəl ordu sıralarını könüllü əsasda doldurmağa cəhd göstərmişdi.

Təhlilçilər bildirirlər ki, İsveçin bu addımı Rusiyanın Baltika regionunda artan hərbi fəallığı ilə bağlıdır.

2010-cu ildə İsveçin mərkəz sağçı hökuməti 100 illik mükəlləfiyyətin ləğvindən sonra orduya çağırışları ləğv etmişdi.

Lakin Soyuq müharibənin sonundan bəri İsveç ordusunun tərkibi 90 faizi azalıb.

Lakin ölkədə işsizliyin artdığı bir vəziyyətdə orduya 4000 nəfərin səfərbər edilməsi hədəfi güclə yerinə yetirilib.

Məhz buna görə də ötən həftə sosial-demokratlar və yaşıllar hərbi mükəlləfiyyətə dair qərara səs veriblər.

Sözü gedən qərara görə 1999 və 2000-ci illərdə doğulmuş 100 min kişi və qadın yeniyetmələrə anketlər paylanıb.

Bunların arasından seçilmiş 13 min nəfər 2018 və 2019-cu illərdə hərbi təlimlərə cəlb olunacaq.

İsveçin Müdafiə Nazirliyi bildirib ki, belə bir tədbirə səbəb "Avropada təhlükəsizlik mühitinin pisləşməsidir".

"Biz Krımın Rusiya tərəfindən ilhaq olunduğu bir mühitdə yaşayırıq" - deyib müdafiə naziri Peter Hultqvist AFP agentliyinə, - Onlar bizim sərhədlərimizin yaxınlığında getdikcə daha çox manevr keçirirlər.".

"Biz gördük ki, ordu sıralarını könüllülərlə doldura bilmirik. Odur ki, axırda könüllülük prinsipi ilə yanaşı hərbi mükəlləfiyyət məsələsinə əl atdıq." - deyib nazir.

"The Guardian" yazır ki, İsveçin belə tədbirlərə əl atması Rusiyanın bölgədə davam edən hərbi fəaliyyəti ilə bağlıdır.

2013-cü ildə iş o yerə çatmışdı ki, İsveşin hava hücumundan müdafiə sistemi Rusiyanın "saxta bombardman əməliyyatında" iştirak edən təyyarələri "tuta" bilməmişdi.

İsveç NATO üzvü olmasa da, alyansla tərəfdaşlıq barədə müqavilə imzalayıb.

"The Guardian" yazır ki, İsveç faktiki olaraq icbari xidməti tətbiq edən ikinci Avropa ölkəsi olub. Bundan əvvəl Norveç hərbi mükəlləfiyyət barədə qərar qəbul etmişdi.

Bu da qeyd edilir ki, İsveç və Norveçdə hərbi mükəlləfiyyət həm oğlanlara, həm də qızlara eyni dərəcədə tətbiq ediləcək.

"The Guardian" yazır ki, Avropada bir sıra ölkələr Soyuq müharibənin başa çatması ilə bağlı hərbi mükəlləfiyyəti ləğb ediblər.

Buna baxmayaraq Belarus, Danimarka, Estoniya, Finlandiya, Litva, Moldova və Norveçdə icbari hərbi xidmət saxlanıb.

Cənubi Avropada Kipr, Yunanıstan və Türkiyə icbari hərbi xidmət qaydasını saxlayıblar.

Mərkəzi Avropada yalnız Avstriya və İsveçrə öz vətəndaşları üçün 6 aylıq məcburi hərbi qulluq tədbir edirlər.

Almaniya ümumi hərbi mükəlləfiyyəti 2011-ci ildə ləğv etsə də, icbari hərbi qulluq prinsipinə qayıtmaq məsələsini müzakirə edir.

Norveç ümumi hərbi mükəlləfiyyətin müddətini 2015-ci ildə də uzadıb. Maraqlıdır ki, həmin müddətdə 10 min çağırışçının 33 faizini qızlar təşkil ediblər.

Facebook intiharlara qarşı

Fotonun müəllifi Peter Macdiarmid

"The İndependent" yazır ki, Facebook istifadəçilərindən kimin intihara meylli olduğunu aşkar etmək üçün süni zəkadan istifadə etmək qərarına gəlib.

Sosial media istifadəçilərinin post və kommentlərindən onların intihara nə dərəcədə meylli olduqlarını aşkar edən alqoritm yaradıb.

Facebook-da yazılmız bəzi postlardakı müəyyən söz və ifadələr "həyəcan siqnalı" rolunu oynayavcaq.

"Hər şey qaydasındadırmı" və ya "mən səndən narahatam" kimi ifadələr intihar cəhdinin aşkara çıxarılması üçün siqnal hesab ediləcək.

Məqalədə deyilir ki, süni zəka aləti bi postları baxılmaq üçün canlı redaktorlara göndərəcək.

Facebook bundan əvvəl intihar cəhdlərinin qarşısının alınması üçün istifadəçilərin siqnallarına arxalanırdı.

Facebook şirkətinin istehsalat meneceri Vanessa Callison-Burch BuzzFeed saytına deyib ki, süni zəka müxtəlif həyəcan siqnallarını daha yaxşı təhlil edib nəticə çıxarmaq qabiliyyətinə malikdir.

Hazırda bu sistem ABŞ-da sınaqdan keçirilir.

Bundan başqa Facebook özünün canlı yayın və ya Facebook Live proqramına diqqət yetirəcək. Burada bir neçə intihar halları qeydə alınıb.

İndi belə yayınları seyr edənlər, intihar şübhəsi doğuran hallar barədə Facebook menecerlərinə dərhal xəbər verə biləcəklər.

Belə bir sistem canlı intihar cəhdlərini, belə cəhdlər hələ başa çatmamış dayandıra bilər.

Facebook şəbəkəsinin layihə rəhbərlərindən Jennifer Guadagno deyib ki, "intihar yayınlarının" yarımçıq dayandırılması ilə bu məsələ həll edilə bilməz.

Ekspertin fikrincə, əksinə intihar cəhdlərinin qarşısı hələ canlı yayın başa çatmamış dayandırılmalıdır.

Facebook bundan əvvəl süni zəkadan terror və qısnama hallarının qarşısının alınması üçün istifadə etməyə başlayıb.

Laboratoriyada süni insan yetişdirilməsi

"The Telegraph" yazır ki, tezliklə laboratoriya şəraitində canlı insan yetişdirilə bilər.

Məqalədə deyilir ki, alimlər yalnız gövdə hüceyrələrindən istifadə edərək, məməli rüşeymi yarada biliblər.

Cambridge Universitetinin alimləri iki siçanın gövdə hüceyrələrini "qarışdırıraq" 3D qəlibindən istifadə ediblər.

Qadın bətnini imitasiya edən kolbanın içindəki kimyəvi maddələr mühitində dörd gün inkişaf etdirildikdən sonra hüceyrələr yaşayan siçan rüşeyminə çevrilib.

Əldə olunmuş nəticə "biomühəndisliyin şedevri" adlandırılıb.

Bu metod sperm və yumurtaya ehtiyac olmadan laboratoriya şəraitində insan rüşeyminin inkişaf etdirilməsinə yol aça bilər.

Alimlər bildirirlər ki, insan rüşeyminin ilkin mərhələlərdə öyrənilməsi çox sayda hamiləliyin baş tutmaması səbəblərini aydınlaşdıra bilər.

Buna baxmayaraq insan rüşeynminin laboratoriyada yetişdirilməsi böyük etik suallar doğuracaq.

Məqalədə deyilir ki, hazırkı qaydalara görə alimlər yalnız süni mayalandırmada artıq qalmış materiallardan istifadə edə bilərlər və bu materiallar 14 gün ərizndə məhv edilməlidir.

Bundan əvvəl rüşeymin laboratoriya şəraitində yetişdirilməsinə cift hüceyrələrindən istifadə olunmaması mane olurdu.

Bu təcrübədə gövdə cift hüceyrələrindən istifadə ilə insan rüşeyminin yetişdirilməsinə imkan yaradılıb.

Lakin bütün bunlara baxmayaraq bir çox aparıcı alimlər insanın laboratoriyada yetişdirilməsinin yaradacağı ziddiyyətlərdən ehtiyatlı olmağa çağırırlar.

Əlaqəli mövzular