Ağ Ev: Trump-n kürəkəni Kushner də rus səfiri ilə görüşüb

Jared Kushner Fotonun müəllifi Reuters
Image caption Jared Kushner prezident Trump-n müşaviri və kürəkənidir

ABŞ prezidenti Donald Trump-n milli təhlükəsizlik üzrə keçmiş müşaviri Michael Flynn ilə baş müşavir Jared Kushner, ötən ilin dekabr ayında (rəsmi fəaliyyətə başlamamışdan öncə) Rusiyanın ABŞ-dakı səfiri Serqey Kislyak ilə New Yorkda yerləşən Trump Tower binasındakı görüşüb, Ağ Ev təsdiq edib.

"Görüşdə onlar, münasibətlər və əlaqələri müzakirə ediblər," Ağ Evin nümayəndəsi Hope Hicks New York Times-a (NYT) bildirib.

O, görüşün 20 dəqiqə sürdüyünü əlavə edib.

Rus səfiri ilə bağlı əvvəl baş verən söz-söhbətdə Trump-ın hazırda istefa vermiş müşaviri Michael Flynn və ABŞ-ın baş prokuroru Jeff Sessions-ın adı hallanıb.

Lakin, onlardan fərqli olaraq Kushner, rus səfiri ilə seçkilərdən sonra, administrasiya dəyişilməmişdən və rəsmi fəaliyyətə başlamamışdan qabaq görüşüb.

NYT qeyd edib ki, keçid dövründə nümayəndələrin xarici rəsmilərlə görüşməsində qeyri-adi və yolverilməz heç nə yoxdur.

Trump-n müttəfiqləri ilə rusiyalı hakim nümayəndələr arasında baş tutan istənilən görüş hazırda diqqət mərkəzindədir. Belə ki, FTB, Moskvanın Amerika seçkilərində mümkün müdaxiləsi və prezidentin yaxınlarının bunda iştirakı ilə bağlı araşdırma aparır.

Kislyak-ın Flynn və Kushner ilə dekabrda görüşü, administrasiyasını təhvil verməyə hazırlaşan keçmiş prezident Barack Obama-ın Rusiyaya yeni sanksiyalar tətbiqinə hazırlaşdığı və Moskvani seçkinin nəticəsinə təsir edən kiber-hücumlarda ittiham etdiyi bir dövrə təsadüf etdiyində görə əhəmiyyət kəsb edib.

Prezident seçki kampaniyası ərzində iki dəfə rus səfiri ilə görüşdüyü ortaya çıxan baş prokuror Sessions, cümə axşamı günü bildirib ki, FTB-in Rusiyanın ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı istintaqında iştirakdan uzaqlaşır.

Rusiya hakimiyyət orqanları, Amerika seçkilərinin nəticələrinə hər hansı bir şəkildə müdaxiləni inkar edirlər.

Eləcə də Donald Trump, Kreml ilə özü və ya komandasının üzvləri arasında əlaqənin mümkünlüyünü inkar edir.

"Jeff Sessions dürüst insandır. Senatdakı dinləmələrdə o belə bir şey deməyib. O, cavabını daha dəqiq ifadə edə bilərdi, lakin, görünür ki bu, qəsdən edilməyib," Trump bildirib. O, əlavə edib ki, "demokratlar çox uzağa gedirlər" və ittihamları "əcinnə ovu" adlandırıb.

Bu barədə daha geniş