Britaniya mətbuatı: Rusiya "Gözəl və bədheybət" filmini qadağan edə bilər

Bu həftəsonu Britaniya mediasında:

  1. Əcnəbilər London mülklərini gizlətmək üçün "xüsusi vergi" ödəyirmişlər
  2. Rusiya məşhur filmi "homoseksuallığa görə" qadağan edə bilər

"The Observer" yazır ki, London mülklərini gizli saxlamaq istəyən 200-dən çox əcnəbi zəngin belə mülklər üçün ildə 218 min funt sterlinq əlavə vergi ödəməyə hazırdır.

Fotonun müəllifi Oli Scarff/Getty

Bu vergi qaydası onların hər birinin qiyməti 20 milyon funtdan artıq olan malikanələrinin bəyan edilməməsinə imkan verir.

Hökumət "qeryi-təbii şəxslərə" aid vergi qaydasını 2013-cü ildə çirkli pullarını London mülkləri ilə yumaq istəyənlərin aşkar edilməsi məqsədilə qəbul edib. Burada "qeyri-təbii şəxslər" dedikdə həm də ofşor şirkətlər nəzərdə tutulur.

Lakin Kral Vergi və Gömrük idarəsinin açıqladığı rəqəmlərdən görünür ki, meqa-malikanələrin sahibləri real adlarının açıqlanmasındansa, həmin bu "illik vergini" ödəmək yolunu seçiblər. Qanunlara görə ofşor şirkət vasitəsilə mülk almaq cinayət sayılmır.

20 milyonluq evi olana 200 min nə puldur ki?...

Supervarlılara məsləhətlər verən mühasib Jamie Morrison deyib ki, onun müştəriləri üçün "şəxsi sirlər bahalı vergi ödənişlərindən vacibdir".

HW Fisher hüquq firmasında partnyor olan Morrison deyib ki, "sənin Londonda 20 milyon funtluq evin varsa, onu gizli saxlamaq üçün ildə 220 min funt elə də çox pul deyil".

"The Observer" yazır ki, Britaniya Vergi və Gömrük İdarəsinin 2015-2016-cı illər üçün vergi hesabatlarına görə Birləşmiş Krallıqda qiyməti 20 milyon funtdan baha olan malikanələrə sahib 210 "qeyri-təbii şəxs" var.

Bu da qeyd olunur ki, belə vergi qaydası işə düşəndən bəri onu ödəmək istəməyənlər və adları açıqlananlar 5 faizdən də az olub.

Maraqlıdır ki, qayda tətbiq olunandan hökumətin vergi gəlirləri ötən il 25 milyon funtdan 44 milyon funta sıçrayıb.

"The Observer" yazır ki, Britaniyanın ən bahalı mülki olan Hanover Lodge Londonun Regent's Park rayonunda yerləşir və onu 2012-ci ildə mühafizəkarlar partiyasından olan Lord Bagri 120 milyona Cəbəllütariqdə qeydiyyatdan keçmiş Green Palace Gardens Limited ofşoruna satıb.

Deyilənlərə görə bu ev rus milyarder Andrey Qonçarenkoya məxsusdur. Amma Gazprom şirkətinin rəhbərlərindən olan Qonçarenko "məlum olan bu sirr" barədə qəzetə açıqlama verməkdən imtina edib.

Yenə də Knightbridge, yenə də Hyde Park

"The Observer" yazır ki, dəbdəbəli Knightsbridge yaşayış kompleksindəki One Hyde Park ünvanında hər birinin dəyəri 20 milyon funtdan baha olan 20 lüks mənzil ofşor şirkətlərə satılıb. Qəzetin torpaq reyestrində apardığı araşdırma göstərib ki, 2011-ci ildə buradakı ən bahalı mənzil Britaniyanın Virgin adalarında qeydiyyatdan keçmiş Water Property Holdings Limited şirkətinə 135 milyon funt sterlinqə satılıb. Mülk ən yuxarı üç mərtəbədə yerləşən 2 mənzildən ibarətdir.

Britaniya bələdiyyə polisinin məlumatına görə ötən on ildə ümumi dəyəri 180 milyon funt olan evlərə sahib ofşor şirkətlər barədə mümkün çirkli pulların yuyulması ittihamı ilə cinayət araşdırması aparılıb.

Qəzet yazır ki, bunlara misal olaraq London mənzillərinin birindən Nigeriyada Delta ştatının keçmiş qubernatoru James İborinin çırkli pullarının yuyulması üçün istifadə edilməsini göstərmək oalr.

İbori 2012-ci ildə o korrupsiya ittihamları ilə həbs edilib. İstintaq onun vəzifə başında ikən 50 milyon funt sterlinqin oğurlanmasında iştirak etdiyini göstərmişdi. O Londonun şimalındakı Hampstead-də aldığı mənzil üçün 2, 2 milyon funt nəqd pul ödəyib. Hazırda onun Dorsetdə yerləşən başqa bir malikanəsi də araşdırılır.

Sirr var sərvətdən baha

Londonun Mayfair, Belgravia, Knightsbridge, Kensington və Chelsea kimi bahalı rayonlarında 500 mülkə sahib London Central Portfolio firmasının baş direktoru Naomi Heaton deyib ki, adi insanlara bahalı mülkləri gizli saxlamaq üçün bu qədər pulun ödənməsi qəribə gələ bilər, lakin bu xüsusilə də müəyyən ölkələrdən gələn alıcılar üçün mühümdür.

"Adamların onların sərvətindən xəbərsiz olması bu adamlar üçün çox vacibdir" - deyib Heaton.

Maliyyə aşkarlığı kampaniyaçıları deyirlər ki, hər bir kəs sərvətini bəyan etməyə məcbur edilməyincə ölkədə kriminalların çirkli pulları yumasının qarşısnı almaq mümkün olmayacaq.

"Söhbət superzəngin kriminallardan gedəndə, onlar üçün məxfilik puldan dəyərlidir" - deyib Global Witness təşkilatından Chido Dunn.

Rusiya məşhur filmi homoseksuallığa görə qadağan edə bilər

"Sunday Telegraph" qəzetində Rebecca Hawkes yazır ki, Rusiya Disney-in məşhur "Gözəl və bədheybət" (Beauty and the Beast) filmini qadağan edə bilər.

Fotonun müəllifi Getty Images

Buna səbəb filmdəki paralel süjetlərdən birində Josh Gad-in oynadığı LeFou obrazının özünün homoseksual olduğunu aşkar etməsidir.

Rusiyanın mədəniyyət naziri Vladimir Medinski bu filmi ayrılıqda araşdırıb bu nağılla ölkənin homoseksual təbliğatı qadağan edən qanunu arasında ziddiyyətin olub-olmamasını müəyyən etməlidir.

Millət vəkillərindıən Vitali Milonov da filmin 16 martda keçiriləcək rəsmi premyerasından əvvəl onun "yaxşıca araşdırılmasına" çağırıb.

Medinski isə deyib ki, film ölkənin qanunlarına uyğun təhlil ediləcək.

"Gözəl və bədheybət" nağılının "gey məqamı" barədə filmin rejissoru Bill Condon Attitude Magazine jurnalında dərc olunmuş müsahibəsibndə bəhs edib.

O izah edirdi ki, LeFou bəzən Gaston, bəzən isə "kiss Gaston" olmaq istəyir.

"O nə istədiyini özü də bilmir. O öz hissiyyatından baş açmağa çalışır" - deyib rejissor.

Attitude jurnalının redaktoru Matt Cain də deyib ki, bu film gey icması tərəfindən alqışlanacaq.

O filmdəki bu məqamı "Disney üçün suayrıcı anı" adlandırıb.

Redaktor bildirib ki, Disney filmdəki bu epizodla homoseksuallığın "normal və təbii bir hal" olduğu barədə mesaj verir.

"Bu mesaj bütün dünya ölkələri üçün verilir" - deyib Cain.

Lakin Rusiyadan gələn xəbərlərdən başa düşülür ki, "mesajı salamlamaq istəməyən" ölkələr də var.

Əlaqəli mövzular

Bu barədə daha geniş