İlham Əliyev və Həsən Ruhani İran-Azərbaycan əlaqələri və Dağlıq Qarabağ münaqişəsi haqqında danışıblar

İlham Əliyev və Həsən Ruhani, 5 mart 2017 Fotonun müəllifi President.az

Bazar günü Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti Həsən Ruhani mətbuat konfransı keçirib. Bu, liderlərin geniştərkibli görüşündən sonra baş verib.

"Bir çox önəmli məsələlər öz həllini tapıb və bu gün İran-Azərbaycan əməkdaşlığı demək olar ki, bütün sahələri əhatə edir", APA Prezident İlham Əliyevdən sitat gətirir.

"Ötən il bizim ticarət dövriyyəmiz 70 faizdən çox artıb. Bu, əldə edilmiş razılaşmaların nəticəsidir", cənab Əliyev deyib.

İRİNN telekanalında canlı yayımlanan mətbuat konfransı zamanı Prezident Ruhani deyib ki, İran "bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşmağın zəruriliyini vurğulayır. Ümid edirik ki, Qarabağ münaqişəsi də öz həllini tapacaq. Münaqişələr müzakirə və siyasi yollarla öz həllini tapmalıdır".

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Video: İlham Əliyev ilə Həsən Ruhani arasındakı görüş

Prezident Əliyev qeyd edib ki, İran "Azərbaycana sərmayə qoymağa başlayıb, buna görə minnətdarıq. Eyni zamanda ... Azərbaycan da Rəşt-Astara dəmir yolunun çəkilişi üçün böyük həcmdə maliyyə resurslarını səfərbər edib. Birgə icra etdiyimiz Şimal-Cənub Nəqliyyat Dəhlizi tarixi hadisədir".

Prezident Həsən Ruhani isə öz növbəsində deyib ki, ötən üç il ərzində "iki ölkənin əlaqələri həm siyasi və həm də mədəniyyət sahəsində çox inkişaf edib", APA xəbər verir.

İran prezidenti qeyd edib ki, görüşdə "ekologiya, Xəzər dənizində ətraf mühitin qorunması, Xəzəryanı ölkələrin əldə etdiyi razılıqların icrası üçün davamlı əlaqələr qurmaq və Xəzərin ekoloji təmizliyini qorumaq məsələlərini müzakirə etdik. Xəzər dənizində neft yataqlarının birgə işlədilməsi ilə bağlı çoxlu müzakirələrimiz olub. Bu gün də bu müzakirəni davam etdirdik. Qərara alındı ki, iki ölkənin neft nazirləri razılıq əldə olunana kimi müzakirəni davam etdirsinlər".

Prezident Əliyevlə Prezident Ruhani arasında görüşlər tez-tez baş verir. BBC Monitoring-in məlumatına əsasən Prezident Əliyev deyib ki, son il ərzində o, artıq üçüncü dəfədir ki, İrana səfər edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş