Britaniya mətbuatı: İranda qadağandır, amma Əhmədinejad "hey tvitləyir"

Fotonun müəllifi Scott Olson
Image caption Kompüter Obamanın evli olduğunu tam dəqiqliklə nümayiş etdirib, amma Trump, necə deyərlər təhlildən "subay çıxıb"

"The İndependent" yazır ki, mükəmməl kompüter alqoritmi Trump-ın xətalı tvitlərini təhlil etdikdən sonra onun "subay adam kimi yaşadığını" müəyyənləşdirib.

Süni zəka sisteminə əsaslanan və sosial media hesabları əsasında adamların "vətəndaşlıq vəziyyətlərini" 86 faiz dəqiqliklə müəyyənləşdirdiyini iddia edən proqrama görə cənab Trump "evli deyilmiş".

Məqalədə deyilir ki, bu alqoritm proqramı Sankt Peterburqdakı İTMO Universitetinin və Sinqapur Milli Universitetinin alimləri tərəfindən yaradılıb.

Alimlər kompüteri insanların Tvitter, İnstagram və Foursquare kimi platformalardakı postları əsasında onların evli və ya subay olmasını aşkar etməyə təlimləndiriblər.

İnsanın vətəndaşlıq vəziyyətinin müəyyən edilməsi məqsədilə kompüter proqramı tvitlərin uzunluğu, tez-tez post edilən şəkillərin xarakteri kimi parametrləri təhlil edir.

Sözü gedən proqramı hazırlamış ekspertlər onu San Francisco-da keçirilən Süni Zəka Konfransında nümayiş etdiriblər.

Burada nümunə olaraq Barack Obama və Donald Trump-ın sosial media vərdişləri təhlil edilib.

Kompüter Obamanın evli olduğunu tam dəqiqliklə nümayiş etdirib, amma Trump, necə deyərlər təhlildən "subay çıxıb".

Proqramın müəllifləri deyiblər ki, buna səbəblərdən biri də Trump-ın subaylar kimi gecə tvitləməsi ola bilər. Onun köməkçiləri ertəsi gün bu postları redaktə edirlər.

"Biz hamımız bilirik ki, onun arvadı Melaniadır, - deyib Sankt Peterburq professoru Andrey Filçenkov, - Belə çıxır ki, bu halda biz Trump-ın yox, onun köməkçilərinin evli-subay olmasını təhlil etmiş oluruq…"

Məqalədə deyilir ki, eksperiment zamanı "insanın gələcək psixoloji portreti" yaradılır.

"Bir çox alimlər insanın vətəndaşlıq vəziyyətini onun psixoloji tipi ilə əlaqələndirirlər" - deyib proqramın müəlliflərindən Kseniya Buraya.

"The İndependent" yazır ki, bu yaxınlarda Trump kampaniyasının özünün müəyyən seçici çevrələrini hədəfləyən təkmil profilləmə texnologiyalarından istifadə edib.

Sürixdə çıxan Das Magazin məcmuəsi iddia edib ki, Trump kampaniyasının kirayələdiyi Cambridge Analytica şirkəti milyarderin komandasına hansı demoqrafik reginolardakı elektoratın hədəflənməli olduğunu dəqiq göstərib.

Cambridge Analytica şirkətinin başçısı Alexander Nix iftixar hissi ilə deyib ki, "biz Birləşmiş Ştatlarda hər bir vətəndaşı - bütün 220 milyonluq əhalini təhlıil etmişik".

İranda qadağandır, amma Əhmədinejad "hey tvitləyir"

Fotonun müəllifi Twitter/Courtesy
Image caption Əhmədinejad 2017-ci ilin əvvəlində Twitterə qoşulub

"The Guardian" yazır ki, Tvitter İranda qadağan altında olsa da, onun keçmiş mühafizəkar prezidenti Mahmud Əhmədinejad elə hey tvitləyir.

Məqalədə deyilir ki, bir vaxtlar Tvitterin öz ölkəsində qadağanına dəstək vermiş Əhmədinejad İranda Tvitter-ə qoşulan siyasətçilərdən biridir.

Əhmədinejadın ilk tvitlərindən birinə qoşulmuş videoda o tərəfdarlarını onu @Ahmadinejad1956 ünvanında izləməyə çağırırdı.

"Allahın adı ilə dünyanın bütün azadlıqsevər insanlarına" - yazıb Əhmədinejad ingiliscə.

Əhmədinejadın Tvitter hesabında belə bir bioqrafik qeyd verilib: "Ər, ata, baba, universitet professoru, prezident, mer və vüqarlı iranlı".

"The Guardian" yazır ki, Tvitter xidməti milyonlarla adi vətəndaş üçün bağlı olsa da, ölkənin prezident Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərif də daxil bir çox vəzifəli rəsmiləri müntəzəm olaraq tvit edirlər.

Hətta ölkənin ali rəhbəri Əli Xamaneyinin ofisi də bir neçə dildə Twitter hesabı saxlayır.

Müxtəlif proqramlar vasitəsi ilə hər halda Tvitterə girişi olan iranlılar yazırlar ki, Əhmədinejadın 2009-cu ildə ziddiyyətli qələbəsindən sonra bloklanmış bu sosial media platformasından indi onun özünün istifadə etməsi qəribədir.

"The Guardian" yazır ki, həmin prezident seçkisinin ardınca Twitter kütləvi etirazların təşkilində istifadə edilən ilk sosial media olmuşdu.

Yaşıllar hərəkatına, İranda həm də "Twitter inqilabı" deyirlər.

Bundan sonra Twitter və başqa sosial media şəbəkələri Yaxın Şərqdə və Ərəb baharı zamanı etirazların əsas platforması olmuşdular.

"The Guardian" yazır ki, özünün mühafizəkar mövqeyinə baxmayaraq 2013-cü ilədək prezident olmuş Əhmədinejad hazırda hakim elitanın gözündən düşüb. Beləki hətta Xameneyi onu ötən il keçirilən prezident seçkisinə qatılmaqdan çəkindirib.

Rusiyada xuliqanlığı "idman" növünə çevirmək çağırışı səslənib

Fotonun müəllifi Carl Court
Image caption Fransada ingilis və rus azarkeşlər arasında dava

"The Telegraph" qəzetinin müxbiri James Ducker yazır ki, Manchester United komandası Avropa Liqası çərçivəsində Rostov klubu ilə görüşmək üçün gələn həftə Rusiyaya yollanacaq və bununla əlaqədar Moskvada "futbol xuliqanlığı" mövzusu yenidən gündəmə gəlib.

Bu məsələ ilə əlaqədar Rusiya millət vəkillərindın biri bu ilin Dünya Çempionatı ərəfəsində "futbol xuliqanlığını leqallaşdırmaq və onun özünü idman növünə çevirmək təklifi" verib.

Bundan az əvvəl, şəhbə günü Moskvanın CSKA və Sankt Peterburqun Zenit klublarının görüşü zamanı piterli azarkeşlər moskvalı "həmkarlarına" tüstü bombaları və daş-kəsəklə hücum etmişdilər.

Məhz bu xoşagəlməz toqquşmaların ardınca Dövlət Dumasının üzvü İqor Lebedev ölkədə xuliqanlıq probleminin həlli üçün olduqca qəribə bir təklif irəli sürüb.

Eyni zamanda Rusiya Futbol İttifaqı şurasının üzvü olan millət vəkli hər biri silahsız 20 xuliqandan ibarət iki komandanın döyüşünü təşkil etməyi təklif edib.

Lebedevin bu barədə bəyanatı Rusiyanın millətçi LDP partiyasının rəsmi saytında yerləşdirilib.

Bu həmin Lebedevdir ki, ötən yay Marseldə keçirilmiş Avropa Çempionatı matçında baş vermiş rüsvayçı toqquşmalara görə öz ölkəsinin futbol xuliqanlarını məhd etmişdi.

İndi isə millət vəkili "bu zorakılığın düzgün istiqamətləndirilməsini" təklif edir.

Avropa Liqasının 16 komandası arasında yarışan United və Rostov dörd gün sonra Rostov şəhərində qarşılaşacaqlar.

Lebedev deyib ki, onun təklifi həyata keçərsə, həm də "intizamsız və fərsiz döyüşçü olan" İngiltərə azarkeşlərinə yaxşı dərs olar.

"Rusiya yeni idman növünün pioneri olar - deyib millət vəkili, - Tutaq ki, İngiltərə azarkeşləri gəlirlər və dava salmaq istəyirlər. Onda onlara imkan verilir. Müəyyən edilmiş vaxtda, elə stadionda".

Lebedev həm də iddia edib ki, belə "yarışlar" çox sayda azarkeş toplaya bilər. Lakin bəyanatının sonunda millət vəkili Dünya Çempionatına tamaşa etmək üçün gələcək əcnəbi azarkleşlərə təhlükəsizlik təminatı verib.

United Rostova yollanan azarkeşlərini ayıq-sayıq olmağa çağırıb.

Əlaqəli mövzular