Britaniya mətbuatı: Türkiyə əsgərinə hicab və saqqal icazəsi?

Fotonun müəllifi AFP

Türkiyə əsgərinə hicab və saqqal icazəsi?

"The Independent" yazır ki, "Türkiyədə nə qədər vücud tükünün ictimai yerlərdə nümayiş etdirilməsinin məqsədəuyğunluğu məsələsi" gündəmə gələrək ölkədəki siyasi ab-havanı yenidən gərginləşdirib.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın opponentləri onu Türkiyə hərbiyyəsini "islamlaşdırmaq" cəhdində ittiham edirlər.

Türkiyə Müdafiə Nazirliyi bəyan edib ki, silahlı qüvvələrdə xidmət edən qadınların başlarını örtə bilmələri üçün hərbi məcəllədə dəyişikliklər ediləcək. Digər tərəfdən mühafizəkar müsəlman qruplar orduda xidmət edən kişilərə saqqal saxlamaq hüququnun tanınmasına çağırışlar edirlər.

Tənqidçilər bildirir ki, bu dəyişikliklər Türkiyə ordusunun ölkədə dünyəviliyin müdafiəçisi olmaq funksiyasından və əsası Mustafa Kemal Atatürk tərəfindən qoyulmuş prinsiplərdən uzaqlaşdırılmasına və Erdoğan-a sadiq daha dindar hərbi qüvvə yaradılmasına xidmət edəcək.

Qəzet xatırladır ki, dəyişikliklər barədə söhbətlər ötən ilin iyulunda baş tutumamış çevriliş cəhdindən bu yana hərbi xidmətə ilk çağırış zamanına təsadüf edir.

Prezident Erdoğan silahlı qüvvələrin üç növünü artıq öz akademiyalarına rəhbərlikdən məhrum edib. İndi bu akademiyalar Müdafiə Nazirliyinin kurasiyasında olacaq.

Bütün bu şayiə və dedi-qodular həm də Türkiyənin siyasi sistemini dəyişə biləcək aprel referendumunun ərəfəsində dövr edir.

Prezidentin öz hərbi müşaviri, polkovnik Ali Yazıcı hərbi çevriliş cəhdində iştirakda ittiham edilərək həbs olunub və onun yerinə 1997-ci ildə islamçılara rəğbəti ilə əlaqədar ordudan qovulduğu iddia edilən briqada generalı Adnan Tanrıverdi gətirilib.

Cənab Tanrıverdi Sadat adlı hərbi xidmətlər təlimi bürosunun sahibidir və indi hökumət opponentləri narahatdırlar ki, o, prezident Erdoğan-ın düşmənlərinə qarşı vuruşmağa hazır hərbiləşdirilmiş dəstələr yaratmaq işinə cəlb edilə bilər.

Mühafizəkarlar deyirlər ki, hərbçi xanımlara baş örtüsü icazəsinin verilməsi onların qətiyyətini artıracaq. Onların artıq reklam plakatı da var. Bu 23 yaşlı kompüter tələbəsi Merve Gürbüzdür. O tezliklə Türkiyənin ilk hicablı qırıcı pilotuna çevrilə bilər.

Silahlı qüvvələrdə işləyən qadınlara hicab, kişilərə isə saqqal saxlamaq icazəsi artıq verilib. Bu qanun fövqəladə vəziyyətdə, parlament müzakirəsi olmadan fərman şəklində qəbul olunub.

Tənqidçilər deyirlər ki, hicab və saqqal icazəsinin həqiqi xidmətdə olan hərbi qulluqçulara da veriləcəyi indi məntiqli görünür. Rəsmilər bu barədə hələlik hər hansı qərarın olmadığını deyirlər.

İndi Türkiyə hökuməti Erdoğan, AKP və Gülenin birləşərək dünyəviçilər üzərinə hücum etdiyi vaxtları xatırlmağaı xoşlamır, lakin tənqidçilər deyirlər ki, prezident çevriliş cəhdi ittihamından siyasi opponentləri üzərinə hücum aləti kimi istifadə edir.

Lakin hazırda NATO-nun böyüklüyünə görə ikinci ordusunun islamlaşdırılması bir sıra keçmiş zabit və generalları narahat edir.

Keçmiş kontradmiral Türker Ertürk deyib: "Nələrin baş verdiyi aydındır. Onlar yeni hərbiyyə qururlar və buna akademiyalar üzərində nəzarəti ələ almaqla başlayıblar".

Təqaüddə olan general Erdoğan Karakuş isə deyib ki, baş örtüyünün orduya gətirilməsi siyasi məsələdir.

Bununla belə, Türkiyədə hakimiyyəti tənqid etmək təhlükəli bir iş olaraq qalır. Məsələn Hürriyet qəzeti hicab məsələsindən ordunun "narahat olduğunu" yazdıqdan sonra onu prokurorluqla hədələyiblər.

Bunu qəzetin məqaləsini "iyrənc" adlandıran Erdoğanın özü edib.

Prezident öz hədəsi ilə bir qədər də uzağa gedib.

"Bizi bir-birimizə qarşı qoymaq istəyənlər ağır bədəl ödəyəcəklər" - deyib Erdoğan.

Fotonun müəllifi Alamy

Britaniya parlamenti "dikdaban" petisiyasını müzakirə edib

"The Telegraph" qəzeti isə yazır ki, Britaniyada işgüzar qadınların rəsmi geyimi barədə müzakirələr səngimək bilmir.

Britaniya parlamentinin bir millət vəkili ofisdə dikdaban ayaqqabı geyinməyə məcbur edilən qızının ayağını sındırmasından şikayət edib.

Bundan əvvəl hökumət qadınların geyiminə seksist müdaxiləyə görə şirkətlərə qarşı sərt tədbir görəcəyini vəd etmişdi.

Nazirlər deyirlər ki, ölkə boyunca qəbul ediləcək geyim məcəlləsi şirkətləri diskriminasiyaya qarşı qanunları pozmaq, işçilərindən "seksuallaşdırılmış geyimlər" tələb etmək imkanından məhrum edəcək.

Leyborist millət vəkili Gill Furniss bildirib ki, onun 27 yaşlı qızı Emily "iş geyimi" ucbatından yıxılaraq ayaq darağı sümüklərini sındırıb və buna görə ona heç kompensasiya da ödənilməyib.

Belə bir sınma vaxtilə David Beckham-i 2002-ci ilin Dünya Çempionatında oynamaqdan məhrum etmişdi.

Millət vəkili deyib ki, bir çox şirkətlər qadınlar üçün "alçaldıcı" geyim məcəllələri tətbiq edirlər.

"Onlara bəzən dodaqlarına qırmızı boyanın hansı çalarını vurmaq da diqtə edilir" - deyib millət vəkili.

"The Telegraph" yazır ki, 150 min insan parlamentin saytına göndərilmiş petisiyanı imzaladıqdan sonra millət vəkilləri bu problemi müzakirə etmək qərarına gəliblər.

Bu petisiyanı London resepsionçusu Nicola Thorp hazırlayıb. O dikdaban ayaqqabı geyinmək üçün müdirləri tərəfindən evə göndərildikdən sonra bir daha iş yerinə getməyib.

İndi millət vəkilləri qadınların geyimlərinə və paltarlarına dair iş normativlərini dəqiqləşdirəcək maddənin cinsi bərabərlik maddəsinə daxil edilməsini düşünürlər.

Millət vəkilləri bildiriblər ki, qadınların iş yerində nə geyindikləri onların insan haqqıdır və bu şəkildə də təsbit edilməlidir.

Qadın siyasətçilərin fikrincə, bir çox şirkətlərin əsaslandığı geyim məcəlləlləri 1970-ci illərdən qalıb və qanundankənar elan olunmalıdır.

Fotonun müəllifi EPA
Image caption Mr Kuczynski won a narrow presidential election run-off against Keiko Fujimori in June

Venesuela naziri Peru prezidentini "it" və "qorxaq" adlandırıb

"The Guardian" yazır ki, Venesuelanın solçu hökumətinin nazirlərindən biri qonşu Perunun prezidenti Pedro Pablo Kuczynski-ni Birləşmiş Ştatlara xidmət edən "qorxaq it" adlandırıb.

78 yaşlı keçmiş Wall Street bankiri Kuczynski Peruda keçirilən prezident seçkisində ötən il qalib gəlib və o vaxtdan bəri Venesuelanın mərhum lideri Hugo Chavez-in adını daşıyan çavizm hərəkatını kəskin tənqid edir.

O Nicolas Maduro hökumətini xüsusilə özünün ABŞ-da etdiyi son çıxışlarından biri ilə qəzəbləndirib.

Kuczynski həmin çıxışında demişdi ki, Latın Amerikası ümumilikdə özünü "yaxşı təlim görmüş it kimi aparır", amma bircə Maduronun Venesuela hökuməti "problem" olaraq qalır.

Prezident Maduro Peru prezidentindən dərhal üzr istəməsini tələb etmişdi. Bundan sonra Maduronun hiddətli xarici işlər naziri Delcy Rodríguez, Chavezə həsr olunmuş tədbirlərdən birində Peru başçısının "cavabını" verib.

"Qoca kişidir, təhqir etmək istəmirəm, amma o ortalıqda əl tulası kimi vurnuxur və imperiyanın qarşısında quyruq bulayaraq onu Venesuelaya müdaxilə etməyə çağırır. Bu başdan xarab adama heç fikir verən də yoxdur" - deyib nazir.

Rodríguez Peru liderini həmçinin Chavezin xatirəsini Kolumbiyada keçirilən tədbirdə təhqir etməkdə günahlandırıb.

"Mən qalxıb ona demişəm. Burda da deyirəm: Bura bax, cənab Kuczynski, sən qorxağın biri qorxaq, bizim komandanımız Hugo Chavezin xatirəsini nə cəsarətlə təhqir edirsən?"

Bunun ardınca Peru hökuməti Venesuelanın "təhqiramiz" şərhlərini rədd edib və bildirib ki, rəsmi etiraz notası verəcək.

Perunun xarici işlər naziri Ricardo Luna konqres qarşısında etdiyi çıxışda deyib ki, onun venesuelalı həmkarının dedikləri qeyri-məqbuldur.

Nazir habelə prezident Kuczynski-nin bənzətməsini müdafiə edərək deyib ki, prezident "bütün savadlı adamların çevrəsində işlədilən metafordan" istifadə edib və heç kimi təhqir etmək fikri olmayıb.

"The Guardian" yazır ki, hazırda Braziliya və Argentinanın sağ təmayüllü hökumətləri ilə yola getməyən solçu Venesuela Latın Amerikasında təklənib və Boliviya, Kuba, Ekvador və Nikaraqua kimi ölkələrə üz tutub.