Britaniya mətbuatı: Frutarianlıq - yalnız meyvə yemək adamı "nə günə" qoya bilər?

Fotonun müəllifi Getty Images

WikiLeaks yenə də ABŞ-a sataşdı…

"The Guardian" yazır ki, WikiLeaks Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) aid olduğu iddia edilən sənədləri internetə faş etdikdən sonra ABŞ kəşfiyyatı yeni pərtliklə üzləşib.

İddia olunduğuna görə, bu sənədlərdə MKİ-nin mobil telefonlara, kommunikasiya aplikasiyalarına və başqa elektron cihazlara haker müdaxiləsi üçün nəzərdə tutulmuş alətlərdən söhbət gedir.

Məqalədə deyilir ki, bu sənədlərin həqiqiliyi təsdiqlənərsə, hadisə bir daha ABŞ kəşfiyyatının öz sirlərini qorumaqda acizliyinə dəlalət edəcək.

Bu sənədlərə görə, Britaniya kəşfiyyatı və MKİ birlikdə istifadəçilərin televizorlarına müdaxilə texnikası üzərində işləyiblər. Bu haker sistemi evində Samsung televizoru olan hər bir adamın gizli dinlənməsinə imkan verməliydi.

Weeping Angel (Hönkürən mələk) adlı haker proqramı Samsung F8000 markalı televizorların sahiblərinin məxfi müşahidə edilməsi üçün yaradılmışdı.

WikiLeaks-in "Vault 7" (Seyf 7) adlandırdığı bu sızma məxfi sənədlərin MKİ-nin 200 əməkdaşı olan Kiberkəşfiyyat Mərkəzindən oğurlandığı güman edilir.

WikiLeaks bildirib ki, mediaya sızdırılmış 9000 məxfi sənəd onun əlində olan materialların yalnız üçdə biridir.

MKİ məxfi sənədlərin sızmasına dair xəbərlərə şərhdən imtina edib.

WikiLeaks bu dəfə də sızmanın mənbəyi barədə bəyanatında yayğın məlumat verib.

Bəyənatda deyilir ki, "arxiv çox güman ABŞ-da keçmiş hökumət hakerləri arasında sirkulyasiya edirmiş və icazəsiz bir şəkildə ehtiyatsızlıqdan yayılıb".

"The Guardian" yazır ki, bu son sızma Donald Trump-ın komandası və Rusiya arasındakı mümkün əlaqələrə dair iddiaları qızışdıra bilər.

Belə ki, bundan əvvəl bir sıra ABŞ rəsmiləri WikiLeaks-i Rusiya kəşfiyyatının icraçısı kimi ittiham etmişdilər, lakin eyni zamanda Trump, Clinton emaillərinin yayılması ilə bağlı şərhində bu faşetmə saytını çox bəyəndiyini demişdi.

WikiLeaks-in baş redaktoru Julian Assange deyib ki, "bu sızma siyasi və hüquqi baxımdan müstəsna əhəmiyyət kəsb edir".

Amma bu dəfə WikiLeaks internetə yaydığı sənədlərdəki şəxs adlarını qara zolaqlarla örtməyi unutmayıb.

WikiLeaks bu materialları əvvəlcədən Almaniyanın Der Spiegel və İtaliyanın La Repubblica nəşrləri ilə paylaşmışdı.

Rusiyada sürgündə olan qaçaq ABŞ kəşfiyyatçısı Edward Snowden yayılmış sənədlərin həqiqi nüsxələrə bənzədiyini bildirib.

Fotonun müəllifi PA

Frutarianizm - vegetarianlığın ekstremizmi

"The İndependent" qəzetinin müxbiri Rachel Hosie vegetarianlığın yeni və daha ekstremal forması olan frutarianizmdən (fruitarianism) yazıb.

Müxbir qeyd edir ki, "buna meyvə pəhrizi deməyə tələsməyin, çünki bu, pəhriz yox, həyat tərzidir".

"Bu heç detoks və ya artıq çəkidən xilas olmaq da deyil, - yazır müxbir, - Məhz həyat tərzidir…"

Məqalədə deyilir ki, adından da göründüyü kimi, frutarianlıq çiy meyvədən (bəzi qoz-fındıq istisnaları ilə) başqa heç nə yeməməyi nəzərdə tutur.

Adamlar bu "pəhrizə" müxtəlif dərəcədə əməl edirlər. Bir çox frutarianların dediyinə görə, onların qidalanmasının 75 faizini çiy meyvələr, 25 faizini isə qoz-fındıq və dənli bitkilərin dəni təşkil edir.

Deyilənlərə görə, ən məşhur frutarian Apple şirkətinin rəhmətlik rəhbəri Steve Jobs olub. O bir müddət belə qidalanıb və sonradan iddia edirmiş ki, həmin dövrdə yaradıcılığı xeyli güclənib.

Amma filmdə Steve Job rolunu oynayan aktyor Ashton Kutcher qəhrəmanının "yolu ilə" bircə ay getdikdən sonra xəstəxanaya düşüb.

Buna baxmayaraq, İnstagram-dakı fotolara əsasən demək olar ki, dünyada təxminən, əksəriyyəti cavan qızlardan ibarət 475 min frutarian var.

"The İndependent"- in müxbiri frutarian olmağın necəliyini öyrənmək qərarına gəlib və təcrübəyə başlayıb.

Müxbir frutarian təcrübəsinin 1-ci günü barədə yazır: "Səhər yeməyimə böyük bir kasada meyvə salatı və bir stəkan portağal şirəsi ilə başladım. Bir saat sonra artıq acmışdım və banan yedim. 11.30-da artıq o qədər ac idim ki, quru meyvə və fındıq tozundan preslənmiş Nakd qəlyanaltısı yeməli oldum. Saat 12-də özümü pis hiss edirdim. Köpmüşdüm, amma ac idim. Meyvə adamı doyuzdurmur hikmətinin düzlüyünə inandım…"

Müxbir yazır ki, günün qalan hissəsində meyvə kəpəkləri və avakado yeyib.

O Allaha şükür edir ki, avakadonu yeyib, çünki yalnız texniki baxımdan meyvə sayılan bu bəhər onu həmin gün xilas edib.

Müxbir şərabın "frutarianlıq dinində" icazəli olub-olmadığını öyrənmədən axşam bir az çaxır içib. Hər halda üzüm də meyvədir…

Məqalədə deyilir ki, müxbirin yediyi bütün qidalar dadlı idi, amma karbohidrat boşluğu dolmurdu ki, dolmurdu…

Daha sonra fındıq yağı da yeyib.

"Günün sonunda başa düşdüm ki, mən üst-üstə 14 pay meyvə yemişəm. Bu təbii ki, sağlam bir şey ola bilməzdi. Qanımdakı şəkərin miqdarını da bilmirdim" - yazır müxbir.

Rachel Hosie yazır ki, ikinci gününə donmuş giləmeyvələrdən başlayıb, lakin artıq səhər saatlarında möhkəm qarın ağrısına düşüb.

Avakado naharından sonra qarın ağrısı şiddətlənib. Müxbir köpdüyünü, qazlarla dolu olduğunu, başının fırlandığını yazır.

İkinci günün axşam planlarını, dostlarla görüşü də köp və qaz təhlükəsinə görə ləğv edib.

"Başa düşdüm ki, frutarianlıqla adam arasına çıxmaq tutmur" - yazır müxbir.

Vəziyyətdən çıxmaq, daha doğrusu özünü aldatmaq üçün bananı əzərək blinçikə çevirməyə çalışıb.

Müxbir yazır ki, ikinci gecə yatağa uzananda artıq 6 aylıq hamiləyə bənzəyirmiş.

Nəhayət 3-cü gün səhər meyvə yeməyini davam etdirib, lakin az sonra özünü ciddi şəkildə pis hiss edib.

Elə həmin gün frutarianlığın daşını atıb və özünü pizza ilə tərəvəz salatına tutub.

Ömründə belə dadlı pizza yemədiyini yazır.

Bununla belə, Rachel Hosie frutarianizmi antireklam etmək istəmədiyini yazır: "Sadəcə frutarianlıq mənim üçün deyil."

Amma adamlar niyə belə bir pəhrizə keçirlər? Müxtəlif səbəbləri var:

Xörək bişirməmək, detoksasiya, kalorilərin ixtisarı, "təbiətsevərlik" və "mənəvi ucalıq"…

Radikal frutarianlar deyirlər ki, insan yalnız ağacdan özü qopub düşən meyvələrlə qidalanmalıdır. "Amma bu dünyada belə bir yeri harda tapasan?" - yazır müxbir.

Məqaləyə görə, frutarianlıq ekstremal dərəcədə çətin pəhrizdir və onu əksər dietoloqlar sadəcə olaraq tövsiyə etmirlər.

Dietoloq Lisa DeFazio deyir ki, "frutarianlarda B12 vitamininin, kalsiumun, D vitamininin, yodun, omega-3 yağ turşularının çatışmazlığı olur və bu, qan azlığı, halsızlıq və immun sisteminin zəifliyi kimi fəsadlara səbəb ola bilər".

Alimlərin fikrincə, ümumiyyətlə, yalnız bir və ya iki qida növünə əsaslanan pəhrizlər sağlam sayıla bilməz.

Özünə gəlincə isə müxbir yazır ki, frutarianlıq onun vanna otağı ilə müfəssəl tanış olmasına imkan yaradıb…

Fotonun müəllifi SPL

Uşağa ana bətnindəykən laylay deyərlər

"The Telegraph" yazır ki, bir çox uşaq gözləyən ailələr onun doğulacağı günə otağı qaydaya salmaq, al-əlvan oyuncaqlar almaqla hazırlaşırlar.

Amma yeni elmi araşdırmaya görə, ən yaxşı hazırlıq uşaq hələ ana bətnində ikən ona laylay deməkdir.

160 hamilə qadın üzərində aparılmış müşahidələr göstərib ki, uşaqlarına həm qarınlarında, həm də onlar doğulandan sonra laylay deyənlərin körpələri daha az ağlayırlar.

Bu nəticəyə gəlmək üçün 160 qadını iki qrupa bölüblər. Birinci qrup hamiləliyin son ayında bətnindəki uşağa laylay deməliydi. İkinci qrupa belə bir tapşırıq verilməmişdi.

Nəticələrdən bəlli olub ki, "laylayçı" qrupun uşaqları vaxtın 18, 5 faizini, laylay eşitməyən uşaqlar isə 28, 2 faizini ağlamaqla keçiriblər.

Alimlər bildirirlər ki, laylay ana-uşaq ünsiyyətinin başqa cəhətlərinə də müsbət təsir göstərib.

Təcrübə göstərib ki, laylay deyən qrupda doğulan uşaqlarda anaya bağlılıq daha yüksək olur. Az ağlayan uşaqların anaları da stresə daha az məruz qalırlar.

Milan Universitetində keçirilmiş bu təcrübənin nəticələri Women and Birth jurnalında dərc olunub.