FTB və MKİ Wikileaks sızmalarına görə "cinayət işi başladıb"

Mərkəzi Kəşfiyyat İdarəsi Fotonun müəllifi Getty Images
Image caption Yayılmış sənədlərdə iddia olunur ki, MKİ smartfon və "ağıllı TV" mikrofonlarına qulaq asmağın yollarını hazırlayıb

ABŞ federal orqanları Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) geniş miqyaslı izləmə vasitələrinə malik olması ilə bağlı Wikileaks sızmalarına görə cinayət işi başladıb, ABŞ rəsmiləri deyir.

Onlar ABŞ mediasına deyiblər ki, Wikileaks sızmaları minlərlə faylı faş etdikdən sonra Federal Təhqiqatlar Bürosu (FTB) və MKİ əlaqəli şəkildə araşdırma aparır.

Yayılmış sənədlərdə iddia olunur ki, MKİ smartfon və "ağıllı TV" mikrofonlarına qulaq asmağın yollarını hazırlayıb.

İddia edilən kiber-silahlara, Windows, Android, iOS, OSX və Linux kompüterləri və internet yönləndiricilərə təsir edən zərərli proqramlar daxildir.

Çərşənbə axşamı sızdırılan faylların etibarlılığı ilə bağlı MKİ, FTB və Ağ Ev şərh verməkdən imtina edib.

MKİ rəsmisinin çərşənbə günü BBC-ə dediyinə görə: "Amerika ictimaiyyəti kəşfiyyat birliyinin Amerikanı terrorçu və digər əleyhdarlarına qarşı müdafiə etmək qabiliyyətinə zərbə vurmaq üçün nəzərdə tutulan Wikileaks-ın açıqladığı hər hansı məlumata görə dərindən narahat olmalıdır".

"Bu cür açıqlamalar nəinki ABŞ-ın kadr və əməliyyatlarını təhlükə altında qoyur, həm də rəqiblərimizi bizə zərər vermək üçün alət və məlumatlarla təchiz edir", o əlavə edib.

"Xələl gətirən"

Çərşənbə günü, anonimlik şərti ilə açıqlama verən ABŞ rəsmiləri ABŞ kütləvi informasiya vasitələrinə bildirib ki, cinayət işinin istintaqı faylların Wikileaks-in əlinə necə keçdiyini öyrənir.

Arqaşdırma, həmçinin, sızdırılmanın MKİ-nin daxilindən baş verib-vermədiyini də öyrənməyə çalışacaq, rəsmilər deyib.

MKİ sənədlərin real olması barədə iddiaları təsdiqləməyib.

Ancaq onun keçmiş rəhbərlərindən biri nəşrlərə görə narahatdır.

"Əgər oxuduqlarım doğrudursa, bu, Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən qanuni xarici kəşfiyyat aparmaq üçün istifadə olunan taktika, üsul, prosedur və alətlər baxımından son dərəcə təhlükəli sızmadır", keçmiş MKİ direktoru Michael Hayden BBC-ə deyib.

"Başqa sözlə, bu, mənim ölkəmi və ölkəmin dostlarını daha çox müdafiəsiz edib", o əlavə edib.

Fotonun müəllifi Reuters
Image caption İddia edilən kiber-silahlara, Windows, Android, iOS, OSX və Linux kompüterləri və internet yönləndiricilərə təsir edən zərərli proqramlar daxildir

Şirkətlər nə deyir?

Məhsulları MKİ tərəfindən gözdən salındığı iddia edilən bir neçə texnologiya şirkəti çərşənbə günü məsələ ilə bağlı ilk reaksiyalarını verib.

Apple şirkəti bildirib ki, artıq bəzi boşluqlara düzəliş edib.

2014-cü il iyun tarixli sənədlərə əsasən, F8000 seriyalı ağıllı televizorları istehsal edən Samsung şirkəti bildirib ki, "istehlakçıların şəxsi həyatının və alətlərimizin təhlükəsizliyini qorumaq Samsung üçün əsas prioritet təşkil edir".

Sızmalarda iddia edilib ki, MKİ Microsoft Windows əməliyyat sistemi ilə çalışan kompüterləri hədəfləyən zərərverici proqram yaradıb.

Microsoft şirkətinin mətbuat katibi deyib ki, onlar "hesabat haqqında məlumatlıdırlar və bunu araşdırırlar".

Bu barədə daha geniş