Britaniya mətbuatı: Hollandiyanın millətçi lideri Türkiyə nazirinə "yaxamızdan əl çək" deyib

Fotonun müəllifi Reuters

Hollandiyanın millətçi lideri Türkiyə nazirinə "yaxamızdan əl çək" deyib

"The İndependent" yazır ki, Türkiyə prezidenti Recep Tayyip Erdoğan Almaniyanı "nasist hərəkətlərində" ittiham etdikdən sonra Almaniyanın xarici işlər naziri ilə görüşən türk həmkarı Mevlüt Çavuşoğlu Berlinin Türkiyəni dost görüb-görmədiyi barədə qərar verməsinin vaxtı olduğunu deyib.

Erdoğanın "nasist" söhbətindən sonra iki ölkə arasında diplomatik əlaqələr pozulsa da, iki nazir Berlində görüşüblər.

Almaniyanın xarici işlər naziri Sigmar Gabriel deyib ki, türkiyəli həmkarı ilə dialoqu "yaxşı, səmimi, dostcasına, amma həm də sərt və çətin olub".

Buna baxmayaraq Çavuşoğlu deyib ki, Türkiyə Almaniya ilə dost qalmaq istəyir, amma Almaniya Türkiyəni dost tutub-tutmadığı barədə qərar verməlidir.

Onun sözlərinə görə, Türkiyə yalnız bundan sonra növbəti addımlarına baxacaq.

Bu danışıqlardan əvvəl Almaniya bələdiyyələri bu ölkədə keçirilməsi planlaşdırlan Erdoğana dəstək mitinqlərini ləğv ediblər.

Buna baxmayaraq bəzi mitinqlər baş tutub və onlardan birində - Hamburqda keçirilən mitinqdə cənab Çavuşoğlunun özü də iştirak edib.

Maraqlıdır ki, Çavuşoğlu Erdoğanın Almaniyaya "nasist" ittihamını bu mitinqdə də təkrar edib.

Almaniya naziri bu cür bənzətmə ilə bağlı "aşılması qeyri-məqbul olan cızıqlar var" deyib.

Digər tərəfdən Erdoğan ona Almaniyada mitinq keçirmək imkanı verilməsə, "dünyanı bir-birinə qatacağı" ilə hədələmişdi.

Çavuşoğlu deyib ki, Erdoğanın Almaniyanın hansı şəhərində keçiriləcək mitinqdə çıxış edəcəyi məsələsini də Gabriel-lə müzakirə edib.

Bununla belə, "The İndependent" yazır ki, Türkiyə prezidenti Hollandiyadan daha sərt cavab alıb.

Bu ölkədə millətçilərin lideri Geert Wilders Erdoğanı diktator adlandırıb və Hollandiyada Erdoğana dəstək mitinqlərinin keçirilməsi planlarına etiraz edib.

Cənab Wilders onun anti-İslam Azadlıq Partiyası seçkilərə bir həftə qalmış reytinqini bir qədər itirdikdən sonra Amsterdamdakı Türkiyə səfirliyi qarşısında kiçik piketə başçılıq edib.

"Bizi dinc buraxın, lobbiçiliyinizi öz ölkənizdə edin və bizdən əl çəkin" - cənab Wilders Çavuşoğlunun Rotterdamda mitinq keçirmək planı barədə deyib.

"Cənab Erdoğan qatı diktatordur, - deyib siyasətçi, - Biz öz ölkəmizdə Şimali Koreya və ya Səudiyyə Ərəbistanının da lobbiçiliyinə icazə verməzdik".

Cənab Wilders Türkiyənin bütün hökumət kabinetinin Hollandiyada "persona non grata" elan edilməsinə çağırıb.

Cənab Wilders-in müxalif ifrat sağçı Azadlıq Partiyası hakimiyyətə gələrsə, Hollandiyadakı məscidləri bağlamağı, Quranı qadağan etməyi, Avropa İttifaqından çıxmağı və müsəlman mühacir axınını dayandırmağı vəd edib.

Onun partiyası hazırda rəy sorğularına liderlik etsə də, son həftə ərzində populyarlığının bir qədərini mühafizəkar xristian demokratlara və ifrat solçu sosialistlərə itirib.

Fotonun müəllifi Getty Images

Neft qəfil ucuzlaşıb

"Financial Times" yazır ki, neftin qiyməti birdən-birə 5 faiz düşüb.

Məqalədə deyilir ki, bu, Amerikada xam neft anbarlarının rekord həddə dolması ilə bağlıdır.

Beləliklə, neft qiymətləri 2016-cı ildən bəri ən aşağı həddinə düşüb.

ABŞ Energetika Nazirliyi anbarların dolması barədə bir-birinin ardınca 9 dəfə məlumat verib.

Ötən həftə ABŞ anbarlarındakı neftin həcmi 8, 2 milyon barrelə çatıb.

Bununla əlaqədar istər Texas neftinin, istərsə də Brent markasından olan neftin qiymətləri düşüb.

ABŞ-ın neft etalonu West Texas Intermediate markalı neft 2, 94 dollar ucuzlaşaraq bir barrelə 50 dollar 20 sent olub.

Brent markalı neftin qiyməti 55 dollardan 53 dollara düşüb.

"Financial Times" neft ekspertlərinə istinadən yazır ki, ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanının və başqa iri neft ölkələrinin hasilatı ixtisar etməsinə baxmayaraq anbarlardakı izafilik davam edə bilər.

Bu isə neft qiymətlərinin bundan sonra da düşə biləcəyi ehtimalını yaradır.

Total neft şirkətinin rəhbəri Patrick Pouyanné də deyib ki, anbarların bundan sonra da dolacağını gözləmək olar.

Qəzet yazır ki, hazırda qiymət bazarında OPEC-in rəhbərliyi ilə hasilat ixtisarı və ABŞ şisti istehsalının artması arasında "müharibə" gedir.

Səudiyyə Ərəbistanının neft naziri Xalid əl-Falih deyib ki, bir yandan anbarların gözlənildiyindən daha uzun müddətdə dolu qalması, digər tərəfdən ABŞ-ın neft hasilatını artırması neft qiymətlərinin yüksəlişinə imkan vermir.

"Financial Times" yazır ki, neft qiymətlərinin qəfil enişi, qiymət qalxımını proqnozlaşdıran investorlar arasında xof yaradıb.

OPEC və hasilatın ixtisarı ilə razılaşmış başqa neft ölkələri ixtisar müddətinin iyundan sonra da davam etdirilməsi barədə qərarı mayda qəbul etməlidirlər.

Bu arada ABŞ bank faizlərinin artması və dolların bahalaşması da gözlənilir. Bu isə həmişə neft qiymətlərinə mənfi təsir göstərir.

Fotonun müəllifi George Marks

Atalar oğullardan daha çox seks edərdilər…

"The Telegraph" qəzetinin New York müxbiri Rob Crilly yazır ki, indi yetkin yaşlılar 20 il bundan əvvəl olduğundan daha az sekslə məşğul olurlar.

Amerikada 27 min nəfər arasında aparılmış elmi sorğu məhz belə bir nəticəyə gəlmək imkanı verir.

Nəticələr 1990-cı illərdə adamların indikindən 9 akt daha çox sekslə məşğul olduqlarını göstərib.

Elmi araşdırmanın nəticələrinə görə, seks sahəsində tənəzzül bütün irq, cins və sosial təbəqələri təmsil edən 50 yaşlılar arasında müşahidə edilir.

Alimlər deyirlər ki, ər-arvadlar və ya birgə yaşayanlar indi 10 il bundan əvvəl olduğundan sekslə 16 akt daha az məşğul olurlar.

San Diego Dövlət Universitetinin psixologiya professoru Jean Twenge deyib ki, 1990-cı illərdə evli adamlar subaylardan daha çox sekslə məşğul olurdular, lakin 2000-ci illərdən bu meyl dəyişib.

Alimlərin fikrincə, gəncliyi 2000-ci illərə düşənlər və ya "minillikçilər" və onlardan sonrakı Z nəsli seksə öz sələflərindən daha az maraq göstərirlər. Bu nəsillərdən olanlar daha çox valideyn evində yaşamağa üstünlük verirlər.

Florida Atlantic Universitetindən professor Ryne Sherman "The Guardian" qəzetinə deyib ki, bu tənəzzül, ümumiyyətlə evlilərin sayının azalması ilə bağlıdır.

Bu araşdırma üçün toplanmış materiallar 1989-2014-cü illəri əhatə edir.

Fotonun müəllifi AFP

Seksi sevən, işini də sevər…

"The İndependent" yazır ki, sekslə arası saz olanların işə münasibəti də daha yaxşı olur.

Oregon Dövlət Universitetinin alimləri deyirlər ki, seksə həvəs son nəticədə adamın işə həvəsini də artırır.

Bu araşdırmada 159 ər-arvad cütü üzərində müşahidə aparılıb.

"The İndependent" yazır ki, bu müsbət bağlılığa əksinə də baxmaq olar. Daha uğurlu və xoşbəxt adamlar adətən evə seks üçün tələsirlər.

Professor Keith Leavitt isə deyib ki, bu araşdırmanın nəticələri seksin sosial, emosional və psixoloji faydalarını bir daha isbat edib və odur ki, adamlar seksə prioritet kimi baxmalıdırlar.

"Eşitdiniz də, professor nə deyir?" - yazır qəzet.