Britaniya mətbuatı: Neftin qiyməti 50 dollardan aşağı düşüb

Fotonun müəllifi JONATHAN NACKSTRAND

"The İndependent" yazır ki, neftin qiyməti ötən dekabrdan bəri ilk dəfə olaraq 50 dollardan aşağı düşüb.

Məqalədə deyilir ki, OPEC-in neftin qiymətlərini artırmaq və bununla da ABŞ neftinin hasilatını mənasız etmək niyyəti ilə hasilata ixtisar siyasəti özünü doğrultmayıb və qara qızılın qiyməti ötən bir il ərzində ən böyük ucuzlaşmasını yaşayıb.

New York birjasında bundan əvvəlki üç satışda dəyərinin 5, 7 faizini itirən neftin füçers qiyməti bir barrel üçün 49, 20 dollar olub.

ABŞ anbarlarında neftin həcmi 1982-ci ildən bəri rekord həddinə yülsələrək 8, 2 milyon barrelə çatıb.

ABŞ-ın şist nefti milyarderi Harold Hamm xəbərdarlıq edib ki, neft bazarı daha bir xərcləmə yarışına girərsə, şist sənayesi xammal bazarını "öldürə" bilər.

Qəzet yazır ki, OPEC karteli və başqa ölkələr neft qiymətlərini qaldırmaq məqsədilə hasilatı ötən yanvarın 1-dən ixtisar etmək qərarı qəbul edəndən bəri xammalın qiyməti bir barrel üçün 50 dolların üzərində var-gəl edirdi.

Bu ixtisardan məqsəd dünya neft anbarlarını bir qədər boşaltmaq və bununla da neft bolluğuna son qoymaqla neftin qiymətini sabit saxlamaq idi.

Lakin ABŞ-da şist neftinin hasilatı gözlənildiyindən artıq yüksəliş keçirir, hərçənd Goldman Sachs-ın fikrincə başqa yerlərdə neftə tələbat anbarların azalacağını göstərir.

Bununla belə, Lüksemburqdakı Banque Internationale firmasının Yaxın Şərq və Asiya strateqi Hans Goetti Bloomberg-ə bildirib ki, bir tərəfdən OPEC-in hasilatı azaltmaq barədə öhdəliklərinə sadiqliyi, amma digər tərəfdən ABŞ neft sənayesində hasilatın artımı görünür və bu, qiymətlərin enməsini şərtləndirir.

Amerika neftinin bir barrelinin qiyməti 49, 54 dollara düşüb. Bu, 2016-cı ilin fevralından bəri ən böyük enişdir.

Brent markasından olan neftin may ayı üçün qiyməti bir barrelə 1 dollar düşərək 52 dollar olub.

Ümumilikdə Brent neftinin qiyməti 2, 81 dollar azalaraq 53, 11 dollara enib.

Səudiyyə Ərəbistanın neft naziri Xalid əl-Falih deyib ki, dünya neft anbarlarında neftin azalması sürəti gözlənildiyindən azdır və belə gedərsə, OPEC-in hasilatı azaltmaq barədə razılaşmasının müddəti 6 aydan o yana uzadıla bilər.

ABŞ neftinin hasilatı artıq üçüncü həftədir ki, günə rekord 9, 09 milyon barrelə çatıb.

Bu rəqəmin gələn il günə 9, 73 milyon barrelə yüksələcəyi proqnozlaşdırılıb.

Misirdə 2-ci Ramzesin nəhəng heykəli tapılıb

Fotonun müəllifi MOHAMED EL-SHAHED

"The Guardian" xəbər verir ki, Misir və Almaniyadan olan arxeoloqlar Qahirədə 3000 il bundan əvvəl hökmranlıq etmiş firon 2-ci Ramzesin 8 metrlik heykəlini aşkar etdiklərini bildiriblər.

Nəhəng heykəlin iri fraqmentləri Misir paytaxtının biyabanlıq ərazilərindən birində qrunt sularının içindən tapılıb.

Misirin Antik Dövr Nazirliyi bu tapıntını alqışlayıb və bildirib ki, bu 2-ci Ramzesin dağılmış məbədi yaxınlığında aşkar olunmuş ən qiymətli tarix incisidir.

Qədim Dövr Nazirliyi bildirib ki, 2-ci Ramzesə aid edilən azman heykəl qiymətli kvarsit daşından yonulub.

Misir fironlarının 19-cu sülaləsindən olan və həm də Böyük Ramzes və ya Ozimandias kimi tanınan 2-ci Ramzes eramızdan əvvəl 1279-1213-cü illər arsında 66 fironluq edib.

2-ci Ramzes Misir imperiyasını şimalda Suriyaya, cənubda Nubiyaya qədər genişləndirmiş bir sıra böyük hərbi yürüşlər edib . Onun xələfləri 2-ci Ramzesi "Böyük əcdad" adlandırırdılar.

Məşhur ingilis şair Percy Bysshe Shelley özünün 1818-ci il tarixli Ozymandias sonetində - "Ey Qadir mənə bax, utan" misrasını yazmışdı. Deyilənlərə görə şair bu misranı Britaniya Muzeyinin elə o vaxtlar 2-ci Ramzesin eramızdan əvvəl 13-cü əsrdən qalma heykəlinin fraqmentini Misirdən gətirməsindən ilhamlanaraq qələmə almışdı.

Ölkənin mədəniyyət rəsmiləri bildirilər ki, 8 metrlik heykəlin torpağın aşağı qatlarından çıxarılması prosesinə başlanıb.

"The Guardian" yazır ki, Misir-Almaniya birgə arxeoloji qrupunun alimləri bundan başqa firon 2-ci Setinin, qum daşından yonulmuş və onun özü boyda heykəlinin yuxarı hissəsini aşkar ediblər.

Arxeoloqlar deyirlər ki, Heliopolisdəki Günəş məbədini 2-ci Ramzes tikdirib və onlar bu səbəbdən heykəlin də ona aid oluğunu düşünürlər.

Bu məbəd Misirdə ən böyük məbədlərdən sayılırdı və hətta Luksordakı Karnak məbədindən iki dəfə böyük idi. Məbəd Roma-yunan zəmanəsində dağıdılıb.

Məqalədə deyilir ki, məbədin əksər obeliskləri İskəndəriyyə və ya Avropaya aparılıb, qalan daşlar isə oğurlanaraq tikinti materialı kimi istifadə olunub.

Ekspertlər hər iki heykəli torpaqdan çıxardıqdan sonra onların bərpası işlərinə başlayacaqlar.

Əgər alimlər buna müvəffəq olsalar və heykəlin 2-ci Ramzesə aid olduğu təsdiqini tapsa, onda heykəli Gizadakı Böyük Misir Sərgisinin girişində yerləşdirəcəklər.

Xəbər verilir ki, heykəl Qahirənin əsasən işçilər yaşayan Matariya ərazisində, yarımıq tikintilərin arasında aşkar olunub.

Almaniya ekspediyasının rəhbəri Dietrich Raue deyib ki, qədim misirlilər Günəş allahının Heliopolisdə yaşadığına inanırdılar.

Misirlilər düşünürdülər ki, Günəş allahı dünyanı Matariyada yaradıb.

"The Guardian" yazır ki, bu arxeoloji tapıntının Misir üçün misilsiz iqtisadi-siyasi əhəmiyyəti ola bilər.

Bu ölkədə 2011-ci ildə kütləvi etirazlar nəticəsində prezident Mübarək devriləndən sonra Misirin əsas valyuta gətirən sahəsi - turizm bir xeyli tənəzzülə uğrayıb.

Ölkəyə gələn turistlərin sayı 2010-cu ildən bəri 14, 7 milyon nəfərdən 9, 8 milyon nəfərə düşüb.

Ümid edilir ki, bu böyük tapıntı itirilmiş turistlərin bir hissəsini Misirə qaytaracaq.

Nəşə çəkənlərə infarkt xəbərdarlığı

marihuana Fotonun müəllifi Sean Gallup

"The Telegraph" qəzeti yazır ki, çətənə çəkmək ürək-damar sisteminə dağıdıcı təsir göstərir və erkən ölümə səbəb ola bilər.

1000-dək ABŞ xəstəxanasından alınmış məlumatların təhlili göstərib ki, nəşə çəkənlər arasında qəfil ölüm halları başqalarından 26 faiz çoxdur. Bu adətə aludə olanlar başqaları ilə müqayisədə infarkt keçirməyə 10 faiz daha çox meyllidirlər.

Alimlər deyirlər ki, nəşə çəkənlərdə - piylənmə, spirtli içkilərin ifrat istehlakı və siqaret çəkmək kimi başqa ziyanlı hallar da ağırlaşdırıcı faktor sayılır.

Lakin alimlərin fikrincə nəşə çəkməyin əsas zərbəsi ürəyə dəyir.

Araşdırmanın nəticələri göstərib ki, hətta spirtli içkilər və siqaret çəkilməsi kimi faktorlar bir kənara qoyulduqda belə, təkcə çətənənin çəkilməsi ağır ürək xəstəliklərinə səbəb olur.

Philadelphia-dakı Einstein Tibb Mərkəzindən professor Aditi Kalla deyib ki, həkimlər xəstələri müalicə edərkən çətənə faktorunu mütləq nəzərə almalıdırlar.

Alimlər komandası 2009-2010-cu illər arasında ABŞ-ın 1000 xəstəxanasından tərxis edilmiş 18-55 yaşlı 20 milyon insanın xəstəlik tarixçələrini təhlil ediblər.

O vaxtlar hələ marixuanadan istifadə bir çox ştatlarda qadağan idi.

Əlaqəli mövzular