Erdoğan: "Hollandiya! ..əvəzini ödəyəcəksən"

bayraq Fotonun müəllifi EPA
Image caption İstanbuldakı konsulluqda Hollandiya bayrağı götürülərək yerinə Türkiyə bayrağı sancılıb

Bazar günü İstanbulda etirazçılar Holladiya səfirliyinin qarşısına toplaşaraq etiraz mitinqi keçirib və daha sonra Hollandiya bayrağı götürülərək yerinə Türkiyə bayrağı sancılıb.

Prezident Recep Tayyip Erdoğan bu etiraz mitinqində nitq söyləyib:

"Hollandiya! Əgər sən türk-holland əlaqələrini çərşənbə günü keçiriləcək seçkilərə qurban verirsənsə, əvəzini ödəyəcəksən".

Hadisə Hollandiyada polislə prezident Recep Tayyip Erdoğana dəstək mitinqinin iştirakçıları arasında qarşıdurmadan sonra gəlir.

Qarşıdurma Rotterdam şəhərində Türkiyənin nazirinə konsulluğa girmək icazəsi verilməməsi və nazirin ölkədən çıxarılmasından sonra baş verib.

Hollandiya höküməti bildirib ki, belə mitinqlər ölkədə keçiriləcək seçkilər öncəsi gərginlik yaracaq.

Polis iki ölkə arasında diplomatik qalmaqal qızışan kimi konsulluq qarşısında toplaşmış nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından istifadə edib.

Məlumatlara görə, aksiya iştirakçıları polis maşınlarına hücum edib və onlara butulka atıb.

Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya Hollandiyada yaşayan türklərin referendumda dəstəyini almaq üçün şənbə günü buraya gəlib.

Lakin o şəhərə çatanda Hollandiya hakimiyyəti ona konsulluğa daxil olmağa icazə verməyib.

Türkiyəli nazir daha sonra Almaniya sərhədinə qədər müşayiət edilib və ölkədən çıxarılıb.

Nazir yol boyu Twitterdə acıqlı tvitlər atıb.

Fotonun müəllifi EPA
Image caption Fatma Betül Kaya Sayan Almaniya sərhədinə qədər müşayiət edilib və ölkədən çıxarılıb

Xanım Kaya Twitterdə bildirib: "Dünya bu faşist aktına qarşı demokratiya naminə mövqe tutmalıdır! Qadın nazirə qarşı bu davranış heç vaxt qəbul edilə bilməz".

Türkiyənin Baş Naziri Binəli Yıldırım bazar günü bildirib ki, Türkiyə bu "qəbulolunmaz davranışa sərt üsullarla" cavab verəcək.

Gələn ay Türkiyədə cənab Erdoğanın səlahiyyətlərini genişləndirməsinə gətirə biləcək referendum keçiriləcək.

Hollandiyanın baş naziri Mark Rutte Facebook-da bildirib ki, ölkələrin fərqliliklərinə "uyğun həll" tapmaq cəhdləri "qeyri-mümkündür".

Xanım Kayanın Rottemdama gəlişini isə o, "məsuliyyətsizlik" adlandırıb.

Almaniya, Avstriya və Hollandiyada milyonlarla türkiyəli yaşayır və "Hə" kampaniyası onların səsini cəlb etməyə çalışır.

Əlaqəli mövzular

Bu barədə daha geniş