Britaniya mətbuatı: 45 yaşınadək pulunuz olmayıbsa, sonra da olmayacaq

Fotonun müəllifi Jeff Spicer
Image caption Boris Johnson Ukraynanı misal gətirərək deyir ki, Rusiya siyasi müdaxilə məqsədilə "hər cür çirkli fəndlərə" hazırdır

"Rusiya hansı çirkli fəndlərə desən hazırdır"

"The Guardian" qəzetinin yazdığına görə Britaniyanın xarici işlər naziri deyib ki, Rusiyanın onun ölkəsinin siyasətində pozuculuq törətmək qüdrətinə malik olduğuna dair inkaredilməz sübutlar mövcüddur.

Yaxın həftələrdə özünün rusiyalı həmkarı ilə görüşməli olan Boris Johnson deyib ki, Rusiya siyasi müdaxilə məqsədilə "hər cür çirkli fəndlərə" hazırdır.

Nazir Rusiyanı Fransanın telekanallarının işini pozmaqda, ABŞ demokratlarının serverlərinə haker hücumunda, Çernoqroiyanın baş nazirini devirmək cəhdində ittiham edib.

Bu arada Britaniyanın ən mühüm kəşfiyyat orqanı - Hökumət Kommunikasiyaları Baş Qərargahı və ya qısaca GCHQ bildirib ki, hazırda onun başlıca fəaliyyəti siyasi sistemi hakerlərdən müdafiə etməkdir.

Johnson deyib ki, indilik Rusiyanın demokratik proseslərə müdaxiləsinə dair sübutları yoxdur, amma Rusiyanın belə müdaxiləyə qabil olduğu şəksizdir.

GCHQ Britaniya siyasətçilərinə yazdığı məktubda onlara partiya və şəxsi sirlərin qorunması qayğısına qalmalarını tövsiyə edib.

"The Guardian" yazır ki, Kremlin casusları Almaniya siyasətinə müdaxilədə ittiham edildikdən sonra London Britaniya siyasətçiləri üçün xüsusi təhlükəsizlik seminarlarının keçirilməsinə hazırlaşır.

Məktubda deyilir ki, haker hücumları təkcə ayrı-ayrı partiya və siyasətçilərə deyil, ümumilikdə Qərb demokratiyasına qarşı yönəlib.

Boris Johnson deyib ki, Ukraynada baş verənləri görəndən sonra Rusiyanın nələrə qadir olduğunu başa düşmək çətin deyil.

Britaniya parlamentinin spikeri John Bercow-un Rəqəmsal Demokratiya Komissiyası 2020-ci ilədək tam şəkildə elektron səsverməyə keçilməsinin mühümlüyünü qeyd etsə də, ölkənin xarici kəşfiyyat idarəsi Mİ6 bunu məsləhət görmədiyini bildirir.

2009-2014-cü ildə Mİ6-nın rəhbəri olmuş John Sawers BBC-nin Radio 4 proqramına deyib ki, hazırda kağız parçasının üstündə quş qoymaqla səs vermək, elektron səsvermədən daha salamatdır.

Ya sübut elə, ya sözünü geri götür

Fotonun müəllifi Chip Somodevilla
Image caption Trump Obama-nı onu güdmək üçün Trump otelində dinləyici qurğu quraşdırmaqda ittiham edib

"The İndependent" yazır ki, Amerikada senator John McCain Donald Trump-ı ya keçmiş prezident Obamaya qarşı ittihamlarının sübutunu göstərməyə, ya da bu ittihamları yığışdırmağa çağırıb.

Trump Obama-nı onu güdmək üçün Trump otelində dinləyici qurğu quraşdırmaqda ittiham etmişdi.

ABŞ prezidenti bu ittihamı səsləndirərkən heç bir sübut təqdim etməmiş, lakin Ağ Ev Konqresi bu ittihamları araşdırmağa çağırmışdı.

Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsi təhqiqat aparmağa hazır olduğunu bildirsə də, Ağ Evi əlində olan sübut-dəlilləri Konqresə verməyə dəvət etmişdi.

Lakin CNN telekanalına müsahibəsində cənab McCain deyib ki, Trump istəsə bu məsələyə asanlıqla aydınlıq gətirə bilər.

"Hazırda mənim bu ittihamın doğruluğuna inanmaq üçün heç bir əsasım yoxdur, amma ona da inanıram ki, Birləşmiş Ştatların prezidenti istəsə, bu məsələyə bir neçə dəqiqədə aydınlıq gətirə bilər" - deyib McCain.

Senator deyib ki, bunun üçün Trump-ın telefonun dəstəyini qaldırıb MKİ-yə zəng etməsi kifayətdir.

"İndi prezidentin iki seçimi var: O ya ittihamını geri götürməli, ya da bu ittihamları dəstəkləyən sübutlat təqdim etməlidir" - deyib senator.

"The İndependent" yazır ki, senator McCain-lə Trump arasında çəkişmə artıq xeyli müddətdir, davam edir. Trump özünün seçki kampaniyası zamanı demişdi ki, McCain Vyetnam müharibəsində əsir düşdüyünə görə qəhrəman olub.

Buna baxmayaraq Arizona senatoru aralarındakı fikir ixtilafına rəğmən sonralar Trump-ın prezidentliyini dəstəkləmişdi.

Trump-ın sözü gedən ittihamları Obamanın sözçüsü, habelə ABŞ kəşfiyyatının rəsmiləri tərəfindən təkzib edilib.

Cənab McCain habelə Trump-ın komandasının Rusiya rəsmiləri ilə şübhə doğutan əlaqələrinə dair iddialardan narahat olduğunu deyir.

John McCain Rusiyaya münasibətdə sərt xətt-hərəkət siyasətinin tərəfdarıdır.

45 yaşın həqiqəti

Fotonun müəllifi RODRIGO BUENDIA
Image caption Zuckerbergsayağı varlı olmaq istəyirsinizsə: "Pulunuzu pul gəldikcə yığın, maaş artımını nə qədər tez tələb etsəniz, o qədər yaxşıdır"

"The Telegraph" yazır ki, insanlar ömür boyu var-dövlət əldə etməyə can atırlar, lakin alimlər bunun hardasa 45 yaşadək mümkün olduğunu isbat ediblər.

2015-ci ildə ABŞ Maliyyə Nazirliyinin alimləri bu nəticəyə gəlmişdilər ki, insan 45 yaşınadək varlanmayıbsa, bundan sonra sərvət sahibi olması çətin ağlabatdır.

Belə bir nəticəyə gəlməzdən əvvəl alimlər Sosial Təminat Administrasiyasının 1978-ci ildən bu yana olan gəlirlər barədə sənədlərini araşdırıblar. Bu sənədlərdə müxtəlif insanların gəlirləri və onların əldə edilməsi barədə təfərrüatlar olur.

Araşdırmadan bəlli olub ki, "orta amerikalı" maliyyə uğurlarının təməlini əmək fəaliyyətinin ilk oniliyyində qoyur. Bu isə adətən 25-35 yaşları arasına təsadüf edir.

35 yaşından sonra gəlirlərin artım sürəti adətən yavaşıyır, 45 yaşında isə qazancın pik nöqtəsi çatır və durğunluq başlanır.

Jurnalist Danielle Paquette Washington Post qəzetində yazır:

"Zuckerbergsayağı varlı olmaq istəyirsinizsə, əsas ibrət dərsi belədir: Əlinizdə olandan cavankən möhkəm yapışın. Pulunuzu pul gəldikcə yığın, maaş artımını nə qədər tez tələb etsəniz, o qədər yaxşıdır".