Britaniya mətbuatı: Övladı olanlar, övladsızlardan iki il çox yaşayırlar

Fotonun müəllifi CHANNEL ONE RUSSİA/ EVN

Rusiya Eurovision-da yenə də "dava axtarır"

"The Guardian" yazır ki, Rusiya onu Ukraynada keçiriləcək Eurovision mahnı yarışında təmsil edəcək müğənnini elan etməklə, müsabiqəni boykot edib-etməyəcəyinə dair çoxdan dolaşan söz-söhbətə son qoyub.

Rusiyanın dövlət telekanalı elan edib ki, Eurovision yarışında Moskvanı əlil arabasında gəzən müğənni Yuliya Samoylova özünün "Atəş yanır" mahnısı ilə təmsil edəcək.

Rəsmi bəyanatda deyilir ki, Moskva bu namizədi ilə "insanın nə yaşının, nə də fiziki məhdudiyyətlərinin onun nəyəsə nail olmasına mane ola bilməyəcəyini" göstərmək istəyib.

Bununla belə, Samoylovanın namizədliyi ilə bağlı ziddiyyət dərhal ortalığa çıxıb. Məlum olub ki, Samoylova 2014-cü ildə Ukraynanın qanunlarını pozaraq, Rusiya tərəfindən ilhaq olunmuş Krım yarımadasında konsert verib.

27 yaşlı Samoylova 2015-ci ildə Krımda çıxış etdiyini təsdiq edib.

Məhz buna görə də Ukrayna milli təhlükəsizlik xidmətinin sözçüsü bəyan edib ki, Samoylovanın Kiyevdə keçiriləcək Avropa mahnı yarışına burxaılıb-buraxılmaması məsələsi Ukrayna qanunları çərçivəsində həll olunacaq.

Ötən noyabr ayında Kiyev Rusiyanın 140-dək musiqi və mədəniyyət xadiminin Ukraynaya səfərlərinə embarqo qoyub. Bunlar "Ukraynaya qarşı hərəkət və bəyanatlarda bulunan şəxslərdir", deyilir məlumatda.

Ukrayna həmçinin fransız aktyoru Gérard Depardieu-nün də ölkəyə səfərinə qadağan qoyub. Fransız sənət ustası Krımın Rusiya tərəfindən ilhaqını alqışlayan bəyanat vermişdi.

Krım tatarlarının ATR telekanalının direktor müavini Ayder Mujdabayev deyib ki, Samoylovanın namzidəliyi Rusiyanın "həyasız və mənəviyyatsız" hərəkətidir.

"Onlar bu qızdan özlərinin hibrid təbliğat müharibələrində canlı bomba kimi istifadə etməyə çalışırlar" - deyib Mujdabayev.

Ukrayna daxili işlər nazirinin müşaviri, millət vəkili Anton Geraşşenko "Qovorit Moskva" radiosuna deyib ki, Rusiya Samoylovadan Ukraynaya qarşı təxribat kimi istifadə etməyə qalxsa, "biz onun əleyhinə olacağıq".

Müşavir deyib ki, Samoylova yarışa buraxılmaya bilər.

Moskvada Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib ki, Kreml Eurovision yarışının siyasəiləşdirilməsi əleyhinədir.

"Biz bunda heç bir siyasi təxribat görmürük" - deyib Peskov.

Krım tatarı Cəmalə ötənilki yarışın qalibi olduqdan sonra builki Eurovision müsabiqəsinə ev sahibliyi etmək hüququnu Kiyev qazanıb.

Cəmalənin "1944" adlı mahnısı İosif Stalinin deportasiyalarından və repressiyalarından bəhs edirdi.

Samoylovanın özü İnterfax agentliyinə bildirib ki, o, Eurovision yarışında hələ uşaqlığından iştirak etməyi arzulayırmış və Ukraynaya səfər etməsi üçün hər hansı problemin ortaya çaxacağını gözləmirmiş.

Uşaqlıq illərində peyvənd olunarkən həkimin səhvi nəticəsində şikəst olmuş Samoylova əlil arabasında gəzir və muisiqi həyatına özünün doğma Uxta şəhərindəki neftçi restoranında mahnı oxumaqla başlayıb.

O 2014-cü ildə Soçidə keçirilən Paralimpiya oyunlarının açılışında çıxış edib.

Övladı olanlar, övladsızlardan çox yaşayırlar

Fotonun müəllifi VYACHESLAV PROKOFYEV/TASS

"The İndependent" yazır ki, övlad valideyni olmaq insanın ömür uzunluğu gözləntisini, xüsusən də ahıl yaşlarında artıra bilər.

Yeni elmi araşdırma göstərib ki, 60 yaşında uşaqlı valideynlər uşaqsız adamlardan orta hesabla iki il çox yaşayırlar.

İsveçin Karolinskja İnstituntunda Karin Modig və komandası milli statistikada 1, 4 milyon insana aid məlumatları təhlil etdikdən sonra bu nəticəyə gəliblər.

Alimlər aşkar ediblər ki, azı bir övladı olanların ölüm riski uşaqsız adamlardan aşağıdır və bu hal özünü kişilərdə qadınlardan daha aydın göstərir.

"60 yaşda ömür uzunluğu gözləntisi kişilərdə iki il, qadınlarda isə ilyarım daha uzun olub" - deyilir Journal of Epidemiology & Community Health məcmüəsində dərc olunmnuş elmi məqalədə.

Alimlər bu nəticəyə gəliblər ki, ömür uzunluğu ilə valideynlik arasındakı əlaqə xüsusilə də ahıl yaşlarda daha çox qeydə alınır.

Məsələn 90 yaşlı övladsız kişilərdə ölüm riski 17. 7 faizdirsə, övladlı 90 yaşlılarda bu rəqəm 16, 2 faizdir.

Alimlər qrupuna rəhbərlik edən professor Modig "The İndependent" qəzetinə deyib ki, uşaqlar valideynlərə dava-dərman, tibb xidməti sahələrində kömək və ümumiyyətlə mənəvi dəstək olurlar.

Professor deyib ki, onun qrupu indi daha təfərrüatlı araşdırmaya hazırlaşır.

Maraqlıdır ki, övladların qız və ya oğlan olması valideynin ömür uzunluğuna eyni şəkildə müsbət təsir göstərir.

Bu təhlil 1911-1925-ci illərdə doğulmuş və İsveçdə yaşayan 704 min 481 kişi və 725 min 290 qadının məlumatları əsasında aparılıb.

Təhlillər göstərib ki, valideyn olan 60 yaşlı kişilər daha 20, 2 il də yaşamağa ümid edə bilərlər, halbuki övladsız 60 yaşlı kişilər üçün bu rəqəm 18, 4 ildir.

Müvafiq olaraq qadınlar üçün bu göstəricilər 24, 6 və 23, 1 ildir.

Valideyn olan kişilər 80 yaşında daha 7, 7 il yaşamaq şansına malikdirlər. Halbuki övladsız 80 yaşlı kişilər üçün bu rəqəm 7 ildir.

Qadınlar arasında nisbət 9, 5 və 8, 9 ildir.

Doktor Modig deyib ki, bundan sonrakı araşdırmalar övladların xasiyyətlərinin valideynlərin ömür uzunluğuna necə təsir etdiyinə aid olacaq.

Qol saatınızdan muğayət olun

Fotonun müəllifi Getty Images

"The Telegraph" yazır ki, smartfonlar, televizorlar və hətta qol saatları insanı hakerlərin şantaj obyektinə çevirə bilər.

Britaniyanın kibertəhlükəsizlik rəsmiləri xəbərdarlıq ediblər ki, hakerlər şəxsi cihazlara giriş əldə etdikdən sonra onları bağlaya və açmaq üçün haqq tələb edə bilərlər.

Məqalədə deyilir ki, internetə bağlı cihazların getdikcə çoxalması kibercinayətkarlara pul qopartmaq və şantaj etmək üçün daha geniş imkanlar yaradır.

Bu məlumat Milli Kibertəhlükəsizlik Mərkəzi və Milli Cinayətkarlıq Agentliyinin birgə hesabatında yer alıb.

Hesabatda deyilir ki, ziyanlı proqramlar belə cihazların bağlanması və sonradan cihaz sahiblərinin şantaj edilməsinə imkan verir.

Bu da qeyd olunur ki, cihazlardakı məlumatlar bəzən elə bir qiymətə malik olmasa da, cihazların özü şantaj predmetinə çevrilə bilər.

Söhbət ilk növbədə internetə bağlı qol saatlarından, fitnes məsafəölçənlərindən və hətta televizorlardan gedir. Cinayətkarlar bağladıqları cihazların girovpulunu təkcə istehlakçılardan yox, həm də onları istehsal edən şirkətlərdən tələb edə bilərlər.

Təhlilçilər bildirirlər ki, bütün dünyada 2020-ci ilədək bizneslərin və istehlakçıların xidmətində olan 21 milyard belə cihaz olacaq.

Bununla belə, bildirilir ki, noutbuklardan fərqli olaraq başqa fərdi cihazların təhlükəsizlik sistemləri daha etibarlıdır və şantaj təhlükəsi ilə yalnız internetdən aplikasiya və ya material yükləyənlər üzləşə bilərlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş