Britaniya mətbuatı: Bir daha Avropada "türk mitinqlərinin", baş örtüyünün qadağanı barədə

Fotonun müəllifi JOHN THYS/AFP/Getty Images
Image caption Avropa Ədalət Məhkəməsi

Avropa Ədalət Məhkəməsi hicabın qadağanına icazə verdi

"The Guardian" yazır ki, iş yerlərində dini rəmzlərin geyinilməsinin qadağan edilməsi barədə Avropa İttifaqının ali məhkəməsi tərəfindən verilmiş hökm qitədəki sağ təmayüllü siyasətçiləri və partiyaları sevindirib.

Bir çoxları bu qənaətdədirlər ki, bütün dini rəmzlərə aid olsa da, bu hökm geniş şəkildə müsəlman qadınların baş örtüyündən istifadəsini əngəlləyəcək.

Beləliklə, Lüksemburqdakı Ədliyyə Məhkəməsi ilk dəfə olaraq hicab və niqabın Avropa İttifaqı boyunca iş yerlərində qadağan edilməsinə xeyir-dua verib.

Bununla belə, şirkətlər işçilərindən baş örtüyünü çıxarmağı yalnız o halda tələb edə bilərlər ki, bunu qadağan edən daxili qaydaları olsun.

"The Guardian" yazır ki, məhkəmənin qərarı Hollandiyada keçiriləcək parlament seçkilərinin ərəfəsinə təsadüf edib. Bu seçkidə müsəlman miqrasiyası məsələsi bütün kəskinliyi ilə qabardılır.

Fransada da növbəti prezident seçkisi ərəfəsində sağ təmayüllü partiyalar bu məhkəmə hökmündən faydalanmağa çalışırlar.

Məsələn Fransada İslamın yerinə dair sərt mövqe tutan namizəd François Fillon Avropa Ədalət Məhkəməsinin qərarını alqışlayıb.

Özü hazırda ictimai fondlardan şəxsi məqsədlərlə istifadədə şübhəli bilinən və araşdırma altında olan Fillon deyib ki, iş yerlərində hicabın qadağanı minlərlə şirkət və onların işçilərinin ürəyindən olub.

Milli Cəbhəni dəstəkləyən millət vəkili Gilbert Collard deyib ki, bu məhkəmə hökmü sağ təmayülün cəmiyyət tərəfindən qəbulunun təsdiqi olub.

"Hətta Avropa Ədalət Məhkəməsi də Marine Le Pen-i dəstəkləyib" - yazıb Tvitterdə siyasətçi.

Almaniyada sağ təmayüllü populist Alternative für Deutschland (AfD) partiyasının Berlin lideri Georg Pazderski bildirib ki, "Avropa Məhkəməsi xüsusilə də Almaniya üçün düzgün mesaj verib".

"Əlbəttə ki, şirkətlərə baş örtüklərini qadağan etmək hüququ verilməliydi" deyib siyasətçi.

Əslində Avropa Ədalət Məhkəməsinin sözü gedən hökmü Fransa və Belçikadan olan iki qadının iddiası üzrə çıxarılıb. Bu müsəlman qadınlar onlardan baş örtüklərini çıxarmağı tələb etmiş şirkətlərdən şikayət etmişdilər.

Bu məhkəmə hökmü ilə şirkətlərə öz işçilərinə "gözə dəyən dini, siyasi və fəlsəfi rəmzlərin iş yerində geyinilməsini qadağan etmək icazəsi" verir.

Hökmdə deyilir ki, şirkətlərin dini rəmzləri qadağan etməsi özlüyündə birbaşa ayrıseçkiçilik vəziyyəti yaratmır.

Şikayətçi qadınlardan biri Belçikanın G4S şirkətində resepsyonçu idi və həmin şirkətdə üç il işlədikdən sonra hicablanmaq qərarına gəlmişdi. Bununla əlaqədar qadın 2006-cı ildə işdən çıxarılmışdı. Şirkət bildirmişdi ki, Samira Achbita onun "yazılmamış qaydalarını" pozub.

İkinci qadın, Asma Boqnaui Micropole İT konsaltinq firmasındakı dizayner vəzifəsindən ona görə uzaqlaşdırılmışdı ki, müştərilər onun baş örtüyündən şikayət etmişdilər.

Almaniyanın Süddeutsche Zeitung qəzeti yazır ki, Avropa Məhkəməsinin bu qərarı Almaniya məhkəmələrinin belə işlər üzrə gələcək qərarlarını birbaşa təsirləndirəcək.

Bununla belə, ekspertlər bildirirlər ki, hökm məhz hansı dini simvolların qadağan edilə biləcəyini aydın təsvir etməyib.

Bundan baqa ekspertlər bildirirlər ki, Avropa Ədalət Məhkəməsinin hökmü Avropa İttifaqının başqa bir məhkəmə instansiyasının - Avropa İnsan Haqları Məhkəməsinin prinsiplərinə ziddir. AİHM-in prinsiplərinə görə dini rəmzlər din azadlığının forması kimi qəbul edilməlidir.

700 yəhudi lideri birləşdirən Avropa Yəhudi Rahibləri Konfransı bildirib ki, bu məhkəmə hökmü dindar adamalara qarşı əvvəlcədən xürafat və ayrıseçkilik atmosferi yaradır.

Müsəlman təşkilatları isə deyirlər ki, qadağan ilk növbədə Avropanın müsəlman vətəndaşlarına şamil ediləcək.

Yoxsul ailədən çıxan Erdoğan realpolitikanı yaxşı bilir

Fotonun müəllifi AP

New Statesman jurnalı yazır ki, Hollandiyanın Rotterdam şəhərində Türkiyə hökumətinin mitinqinin keçirilməsinə icazə verilməməsi və bunun ardınca polisin türkləri dəyənəklərlə qovması, bunun niyyətindən asılı olmayaraq Türkiyənin müstəsnalığına dair bir çox türklərin hissiyatını daha da qızışdırmış olacaq.

"Milli və dini müstəsnalıq Erdoğan erasının yağ-şörəyidir. Məhz bu səbədən də ABŞ-da Clinton tərəfindən "tör-töküntü" adlandırılanlar nəticədə "xilaskarları" kimi Domnald Trump-ı dəstəkləyiblər".

Məcmuə yazır ki, eyni şəkildə Rusiyaya qarşı sanksiyalar da Putinə geniş dəstək yaradıb.

Məqalədə deyilir ki, Avropada Erdoğan rejiminin mitinqlərinin keçirilməsi bir neçə etibarlı səbəblə qadağan oluna bilərdi. Erdoğan rejimi liberalları təqib edir, Avropadan tələb etdiyi haqları öz vətəndaşlarına tanımır.

Müəllif hesab edir ki, Avropa ölkələri Erdoğan mitinqlərini qadağan edərkən məhz bu səbəbi aydın və ucadan bildirməliydilər. Məsələn, Avstriyada Türkiyə mitinqləri yanğın təhlükəsizliyi bəhanəsi ilə qadağan olunub. Almaniyada isə bəzi Türkiyə nazirlərinə türk mitinqlərində çıxış etmək icazəsi verilsə də, digər nazirlərə belə bir imkan yaradılmayıb.

Almaniya parlamentinin üzvü Cem Özdemir deyib ki, Almaniya Türkiyə hökumətinə Almaniyada mitinqlər keçirmək icazəsinin verilib-verilməməsini Türkiyədə vətəndaşlara belə bir imkanın verilməməsi ilə bağlamalıydı.

New Statesman yazır ki, ziddiyyətlərə digər bir səbəb Türkiyə miqrantlarına Avropa ölkələrində ucuz işçi qüvvəsi və ikinci dərəcəli vətəndaş kimi münasibət göstərilməsidir. Məsələn Almaniyada türk miqrantlar üçün işlədilən "Gastarbeiter" sözünün birbaşa mənası "qonaq işçi" deməkdir.

Məqalədə deyilir ki, belə bir münasibət "hətta Erdoğana nifrət edən türk miqrantlarını" da narahat edir.

New Statesman hesab edir ki, Avropa hökumətləri Almaniyada, Hollandiyada və Avstriyada erdoğanpərəst dərnəklərin yüksəlişinə diqqətlə yanaşmayıblar. Halbuki Ankara bu ölkələrdə dini şəbəkə və icmaları qızğın şəkildə dəstəkləyir.

Məqalədə deyilir ki, bu vəziyyətdən istifadə edən Erdoğan AKP-si Avropa qitəsi boyunca nəhəng və kifayət qədər zəngin türk elektoratını səfərbər edə bilib.

Müəllif yazır ki, bu, bir çox müşahidəçiləri Türkiyə ilə bütün əlaqələrin kəsilməsi müdrikliyinə inandırır. Lakin hazırkı eskalasiya Erdoğanı özbaşına buraxmağın uğursuzluğunu göstərir.

Özü yoxsulluq şəraitində boya-başa çatmış Erdoğanın güclü təbii realpolitika hissi var və o Avropa ilə necə sövdələşməyin yollarını yaxşı bilir. Suriya qaçqınları ilə manipulyasiya buna bariz nümunədir.

Bütün bunlar, hətta Erdoğanın öz AKP partiyasında da onun düzgün yolda olmadığını düşünənlərin olmasına baxmayaraq Türkiyə prezidentinin mövqeyini möhkəmlədib.

Bir daha 100 il yaşamağın sirri barədə

Fotonun müəllifi TORU YAMANAKA/AFP/Getty Images
Image caption Okivanın Kohama adasından qoca qadınlardan ibarət rəqs və mahnı qruppası

"The İndependent" yazır ki, bir vaxtlar bir əsrlik ömür sürmək nadir hadisə sayılırdı, lakin indi vəziyyət dəyişir.

Məqalədə deyilir ki, 100 il yaşamağın sirləri barədə indiyədək çox yazılıb, lakin bu sirləri yüz yaşlıların özlərindən yaxşı bilən yoxdur.

Nick və Dan Buettner qardaşları dünyada 100 yaşlıların ən çox olduğu yerləri aşkara çıxarmaq missiyasına başlayıblar.

Onların Blue Zone adlı konsepsiyasına görə Yaponiyanın Okinavası, İtaliyanın Sardiniyası, Yunanıstanın İkariyası, Kosta Rikanın Nikoyası və Kaliforniyanın Loma Lindası dünyanın ən uzunömürlü şəhərləridir.

Buettner qardaşları bu nəticəyə gəliblər ki, bütün bu şəhərlər coğraflı və mədəni fərqliliklərinə baxmayaraq 9 ortaq cəhəti bölüşürlər.

Uzun ömür üçün müntəzəm idman geniş şəkildə tövsiyə olunsa da, bu o demək deyildir ki, söhbət idman xatirinə idmandan gedir.

Bunun əvəzinə sözü gedən 5 şəhərdə adamlar piyada gəzməyi, velosiped sürməyi, çəmənlikdəki otları biçməyi həyat norması sayırlar. Elə bunun özü də idman deməkdir.

Bu beş şəhər stresdən də eyni şəkildə xilas olmağı bacarır. Stres ömrü qısaldan faktortlardan biri sayılır.

Qırmızı şərab və imanlılıq təlatümsüz və uzun ömür yaşamağın sirlərindən biridir.

Sözü gedən şəhərlərdə adamlar düşünürlər ki, "az yemək və düz yemək" sağlamlığın təminatçısıdır.

Buettner qardaşlarının müşahidəsinə görə bu şəhərlərdə istər 21 yaşında, istərsə də 100 yaşında olanların hamısının həyatda müəyyən bir məqsədi var.

Bu beş şəhəri birləşdirən ümumi cəhətlərdən biri də adamların ailə üzvləri və dostlarla çox vaxt keçirməsidir. Belə davranış insanın özünü xoşbəxt hiss etməsinə və deməli, yaxşı əhval-ruhiyyədə olmasına kömək edir.

"Sevdiklərin üçün yaşamaq məqsədindən daha çox insan ömrünü nə uzada bilər?" - deyilir məqalədə.

Bu barədə daha geniş