Dosent Kelly: “Əynimdə şalvar var idi!”

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Dosent Kelly ilə müsahibə: “Axmaqlıq edib qapını bağlamadım”

Pusan Milli Universitetinin dosenti Robert Kelly-n ailəsi bir an içində bütün dünyada məşhurlaşıb. Cümə axşamı günü BBC-ə müsahibəsi zamanı Kelly-n otaqda anidən peyda olan övladları və onların arxasıyca xanımının içəri tələsik girməsi səhnəsi, sosial səhifələrdə dəfələrlə paylaşılıb.

Bir neçə gün sonra, BBC-n Kelly-dən müsahibə alan müxbiri James Menendes yenidən dosentlə əlaqə yaradaraq anidən yaranan bu məşhurluq haqqında danışıb və sosial səhifələrin bəzəyinə çevrilən hadisə haqqında suallar verib.

Rob Kelly: Bu çox qeyri-adi bir şey oldu - biz bənzəri halı gözləmirdik, bu heç başımıza da gəlməmişdi. Bizə zənglər edir, Twitter və Facebook-da mesajlar yollayırdılar ki, BBC əlaqə qurub yenidən müsahibə verək.

James Menendes: Sonuncu dəfə ailənizlə istənilən formada tanış ola bilmədik - vəziyyət bunu tələb edirdi. Zəhmət olmasa, bizə xanımınız və övladlarınızı təqdim edin.

R.K.: Bu, mənim xanımın Çon-a Kim-dir. Bu isə oğlum James (adın Koreya varianti Yusok) Kelly və qızım Marion (Yena) Kelly.

J.M.: Sizinlə tanışlığımıza və arxa planda qaçmaq əvəzində gərəkdiyi kimi söhbət edə bildiyimə çox şadam. Çon-a, son bir neçə gündə yaşadıqlarınızı bölüşə bilərsinizmi?

Çon-a Kim: Bəzən çətin olsa da, öhdəsindən gələ bildik. (Gülümsəyərək yoldaşına baxır) Biz yaxşıyıq! Hər şey daha yaxşıdır!

J.M.: Videonun efirə getməsindən sonra, siz, dünyanın ən məşhur ailəsinə çevrildiniz.

R.K.: Hə, biz bunu qətiyyən gözləmirdik! Biz, şərhlər, suallar, fikirlər atəşinə tutulduq... Bizə müxtəlif media nümayəndələrindən yüzlərlə e-mail gəlirdi. Onlara cavab vermirdik - əgər bu qıraqdan kobud görünübsə, üzr istəyirəm - lakin, necə cavab verəcəyimizi, nə deyəcəyimizi bilmirdik.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
BBC-nin canlı efirində gözlənilməz qonaqlar

J.M.: Həmin efirə özünüz baxdıqda - əminəm ki, baxmısınız, yəqin ki, bir neçə dəfə - arxa planda baş verən komediyanı necə qiymətləndirdiniz?

R.K.: Hə, əlbəttə ki! Biz ona dəfələrlə baxdıq, eləcə də, ailələrimiz və tanışlarımız. Və biz bunun çox gülməli olduğu ilə də razıyıq. Anlayıram ki, insanların bu videoda adi ailənin gözlənilmədən kadra düşməsini bəyənirlər. Bu aydındır.

J.M.: Bu komediyada ən gülməli rolu Çon-a oynayır - o, arxa planda Marion ilə James-i çıxarmağa çalışır. Bəs sizin özünüz üçün də bu gülməli idimi?

Ç.K.: Hə, çox güldük! Amma, həm də bir az narahat idik...

R.K.: Əslində isə biz, BBC-n bir də bizə zəng vurmayacağında narahat idik. Həqiqətən də! Ağlımıza gələn ilk şey bu oldu: sizinlə olan əlaqəmizi yerlə bir etdik!

J.M.: Bunun necə baş verdiyini danışa bilərsinizmi? Qapının kilidli olmadığı aydındır, lakin, mənim üçün Çon-a-nın reaksiyası maraqlıdır - uşaqların otağa girdiyini biləndə nə ilə məşğul idiniz?

Ç.K.: Mən sizin efiri yazırdım! Adətən Rob canlı efirdə müsahibə verərkən mən efiri izləyərək onu yazıram...

R.K.: Yan otaqda televizor var...

J.M.: Demək siz, yan otaqda izləyirdiniz. Yəqin ki, Marion-un otağa girdiyini gördükdə ürəyiniz düşdü?

Ç.K.: Mən dərhal ora qaçdım! Həmin an heç nə düşünə bilmirdim, yalnız buna köklənmişdim!

J.M.: Yəni televizorda canlı efirdə nə baş verdiyini gördünüz. Əvvəlcə Marion-n sonra isə James-n içəri girdiyini?

Ç.K.: Lakin, ən gülməlisi budur ki, skype-müsahibələr efirdə qısamüddətli gecikmə ilə gedir. Oğlumun otağa girdiyini görə bilməmişdim...

R.K.: Mənim dediyim ilə efirə getmə arasındakı gecikmə təxminən 20 saniyə olur. Arvadım dəqiq nə baş verdiyini anlamayıb. O, Marion-n otağa daxil olduğunu, bu baş verəndən 20 saniyə sonra görüb. Buna görə də hövlnak halda özünü otağa atdı. Elə bil ki, klip çəkirsən və uşaqlar içəri daxil olur. Mən axmaqlıq edib qapını kilidləməmişəm. Bu, əlbəttə ki, mənim səhvimdir.

Image caption Nə Robert Kelly, nə də xanımı Çon-a-nın ağlına məşhurlaşacaqları gəlməyib

J.M.: Bəs, bir çoxunun Çon-a-nın uşaqların anası yox, baxıcısı olmasını deməsi fikrinə necə yanaşdınız?

Ç.K.: (gülür) Xeyr, mən Rob-n arvadıyam və baxıcı deyiləm. Bəziləri də, mənim uşaqları otaqdan sərt şəkildə çıxardığımı deyir. Mən bu gözlənilməz anda əlimdən gələni etdim. Əlbəttə ki, buna görə Marion-dan üzr istədim.

J.M.: Bəs, Çon-a-nın sizin arvadınız yox, baxıcınız olması fikri narahat etmədi?

R.K.: Bir az xoşagəlməz oldu...

Ç.K.: Amma, biz, şəbəkələrdəki heç bir mübahisələrə baş qoşmadıq. Ümid edirəm ki, insanlar, səbəbi haqqında müzakirə aparmaqdansa, videoya baxıb sadəcə güləcəklər. Mən baxıcı deyiləm - bu faktdır, buna görə də ümid edirəm ki, insanlar, mübahisə edib dalaşmağı dayandıracaqlar.

J.M.: Siz efirdə tamamilə təlaşsız görünürdünüz - bəs otaqda gözlənilməz qonaqları gördükdə ağlınıza nə gəldi?

R.K.: Skype ilə danışarkən öz şəklini də görə bilirsən. Yena qapını aça kimi, onu ekranda gördüm. Mən arxayın idi ki, arvadım bunu görəcək və onu bir yolla otaqdan çıxarmağa çalışacaq.

Videoda sanki, mənim onu əlim ilə gizlətməyə çalışdığım görünür. Əslində isə, mənim iş otağım olan bu otaqda biz, oyuncaq və uşaq kitablarını da saxlayırıq. Ümid edirdim ki, bəlkə də o, hansısa kitabı yarım dəqiqəlik belə olsa, götürüb oxuyacaq və mən də o müddətdə müsahibəni bitirə biləcəyəm.

Lakin, oğlumun arabasında içəri girdiyini gördüyüm an anladım ki, heç nə edə bilməyəcəyəm. Fikirləşdim ki, bəlkə də siz müsahibəni dayandıracaqsınız. Buna görə də, üz ifadəmi dəyişmədən özümü heç nə baş verməmiş kimi göstərərək hadisənin nəticəsini gözləyirdim.

J.M.: Mən müsahibəni həmin an dayandırmadığıma görə sizdən üzr istəyirəm. Təbii ki, bunu edə bilərdim, lakin, etsəydim, bu qədər insanı belə gözəl səhnədən məhrum qoyacaqdım!

Sizə bir sualı da verməliyəm: əyninizdə nə var idi? Sadəcə olaraq, izləyicilərin çoxu sizin stuldan ayağa qalxmamağınızın səbəbini gecəlik şalvarında olmanız ilə bağlayırlar. Bəlkə də, gecə olduğuna görə tamamilə şalvarsız idiniz?

R.K.: (gülür və şalvarını göstərir) Yox, əynimdə şalvar var idi!

Ç.K.: Həmi gün ad günü münasibətilə qızımın bağçada qonaqlığı var idi, ona görə də biz, normal və sivil geyimdə idik.

R.K.: Adi geyimdə, hə. Və bu qabaqcadan hazırlanmış bir şey deyildi. Kimsə, diqqət cəlb etmək üçün hər şeyin qabaqcadan planlaşdırıldığını deyirdi. Yox, bu doğru deyil.

Ç.K.: Bizim bağçadakı qonaqlıqdan şəklimiz var! (gülür)

J.M.: Yox, bunun planlı olmadığı aydındır. Sadəcə olaraq xronologiya ideal alındı. Mənim ən çox xoşuma gələn epizod isə bu oldu: siz kameraya baxmaqda davam edirsiniz və bir anda gözlərinizi bağlayaraq həmin o, bütün valideynlərə tanış üz ifadəsi yaranır: "Yalvarıram, bircə hər şey bitsin! Bircə onlar çıxsınlar!"

R.K.: Elədir! Bir tərəfdən uşaqlarımın otağıma girməyə icazələri olmadığını düşünmələrini istəmirəm. Lakin, görünür ki, qızım otağa rəqs edə-edə girir - yəni özünü tam rahat və sərbəst hiss edir. Digər yandan isə, uşaqlar o yan-bu yana qaçarkən işləmək çətindir. Bəzən evdən işləməli olan insanlar üçün bu balansı qorumaq bir problemdir.

J.M.: Mənə tamaşaçıların sosial mediada nə yazdığını bilirsinizmi? Deyirlər ki, siz videoda etdiklərinə görə xanımınıza hansısa spa-salonunda baxım hədiyyə etməlisiniz.

R.K.: Sözsüz ki. Arvadım ailəmizin qayğısına qaldığına görə mükafata layiqdir. Bu həqiqətdir - və ideyaya görə minnətdaram!

Bu barədə daha geniş