Britaniya mətbuatı: Türkiyə Hollandiyanın inəklərini də "persona non-grata" elan edir

Fotonun müəllifi AP

Türkiyə Hollandiyanın inəklərini də "persona non-grata" elan edir

"The Daily Mail" qəzeti yazır ki, Türkiyənin qırmızı ət assosiasiyası Hollandiyadan alınmış cins malqaranın geriyə qaytarılması barədə qərar qəbul edib.

Məqalədə deyilir ki, iki ölkə arasında baş vermiş söz müharibəsinin ardınca diplomatik münasibətlərin kəsilməsindən sonra Türkiyə heyvandarlıq sahəsində də Hollandiya ilə gələcək əməkdaşlığı perspektivsiz hesab edib.

Türkiyə Ət İstehsalçıları Birliyinin başçısı Bülent Tunc deyib ki, demarş aktı olaraq artıq Holstein Friesian cinsindən olan 40 baş inək Hollandiyaya yola salınıb.

"The Mail" yazır ki, bu hadisə Hollandiyada milyonlarla insanın seçki məntəqələrinə yollandığı vaxta təsadüf edib.

Cənab Tunc Anadolu agentliyinə bildirib ki, Hollandiyanın Holstein inəkləri Türkiyədə geniş yayılmışdı, lakin son zamanlar bu inəklər "ciddi problem yaratmağa başlayıb".

"Biz gələcəkdə Hollandiyadan heç bir heyvandarlıq malları almaq istəmirik, - deyib Tunc, - Holstein inəklərinin ilk partiyası artıq Hollandiyaya geri qaytarılıb".

O deyib ki, Türkiyə bundan sonra yerli mal-qaranın yetişdirilməsinə diqqət yetirəcək.

"Bizim özümüzün cins inəklərimiz var" - deyib Tunc.

Tunc daha sonra Anadolu agentliyinə bildirib ki, 40 baş Holstein inəyi Canakkale vilayətindəki fermadan geriyə - Hollandiyaya qaytarılıb.

"Əgər onlar inəkləri qəbul etməsələr, biz onları kəsib istehlakçılara paylayacağıq" - deyib Tunc.

Türkiyə və Hollandiya arasında münasibətlər Haaqa, Türkiyə nazirlərinin Hollandiyada keçirilən türk icması mitinqlərində iştirakını qadağan edəndən sonra pozulub.

Bu mitinqlər bütün Avropa boyunca Türkiyədə keçiriləcək referendumun təbliğat kampaniyası çərçivəsində keçirilir.

Hökumət nazirləri Avropa türklərini referendumda AKP-ni dəstəkləməyə çağırırlar. Bu referendum hazırkı prezident Recep Tayyip Erdoğan-a geniş səlahiyyətlər verməlidir.

Türkiyə prezidenti onun nazirlərinin Hollandiyada mitinq keçirməsinə icazə verilmədikdən sonra bu ölkəni "nasist tör-töküntüsü" adlandırıb.

Bunun ardınca Türkiyə Hollandiya ilə bütün diplomatik münasibətləri kəsib.

Hökumət bildirib ki, hazırda məzuniyyətdə olan səfir Kees Cornelis van Rij qeyri-müəyyən vaxtadək Ankaraya gəlməməlidir.

Bundan başqa Ankara Haaqanı iqtisadi sanksiyalarla hədələyib.

Hollandiya Türkiyənin başlıca ticarət partnyorlarından və investorlarından biridir.

"Almaniyanın da qeyrəti var"

"The Guardian" yazır ki, bu arada Almaniya öz ərazisindəki Türkiyə vətəndaşlarının Türkiyə referendumunda səs verməsinə icazə verəcəyini bildirib.

Lakin prezident Erdoğana xəbərdarlıq edilib ki, o, bundan sonra da özünün Almaniya barədə təhqiramiz bəyanatlarını davam etdirərsə, icazə geri alına bilər.

Almaniyanın Xarici İşlər Nazirlityi Berlindəki Türkiyə səfirliyinə bildirib ki, Almaniyada olan təxminən 1, 5 milyon türkə Türkiyə referendumunda səs vermək imkanı yaradılacaq.

Türkiyə vətəndaşları Almaniya boyunca 13 seçki məntəqəsində səs verə biləcəklər.

Bununla yanaşı Almaniya XİN bildirib ki, Türkiyə onun ərazisində keçirdiyi mitinqlər barəsində tam şəffaflıq yaratmalı, Almaniya qanunlarına əməl etməlidir.

Almaniya XİN-in sözçüsü Martin Schäfer deyib ki, Almaniyanın "nasistlərə" bənzədilməsi kimi təhqiramiz bəyanatlar Almaniya CM-nin 90 a maddəsinin pozulması kimi qiymətləndiriləcək.

Kansler Angela Merkelin ofisi bundan əvvəl bildirmişdi ki, Türkiyə prezidenti "danışığına fikir verməlidir".

"Türkiyə həmişə narahatdır ki, onun qeyrətinə toxunan olmasın, - deyib hakim Xristian Demokrat Partiyasından millət vəkili Peter Altmaier, - Amma Almaniyanın da qeyrəti var".

O deyib ki, qadağa ən sonuncu seçim olacaq, lakin istisna edilməyəcək.

Schäfer deyib ki, Türkiyə, seçki məntəqələrinə icazəni Berlinin "alicənablığı" kimi qiymətləndirməlidir.

Bundan başqa, Türkiyənin özü bu yaxınlarda Bolqarıstan seçkisi ərəfəsində bolqar türklərinin Türkiyədə kampaniya aparmasını qadağan edib.

Bu arada Avropa İttifaqının liderləri Türkiyə ilə qarşıdurmada Hollandiyanı müdafiə ediblər.

Avropa Şurasının prezidenti Donald Tusk deyib ki, Rotterdam şəhəri nasistlər tərəfindən tamamilə dağıdılmışdı, amma hazırda bu şəhərin meri mərakeşlidir.

"Rotterdamda faşizm görənlər reallıqla əlaqələrini itiriblər" - deyib Tusk.

Avropa Komissiyasının prezidenti Jean-Claude Juncker Erdoğan-ın bəyanatlarını tənqid edərək deyib ki, belə sözləri deyənlər Avropaya yaxınlaşmır, əksinə onun üzvü olmaq məqsədindən uzqlaşırlar.

Çərşənbə günü özünün televiziya ilə müraciətində Erdoğan bir az da irəli gedərək Hollandiyanı 8 min Bosniya müsəlmanının qətliamında ittiham edib.

Fotonun müəllifi Getty Images

Diabeti dərmansız dörd aya?

"The Telegraph" qəzetində dərc olunmuş məqalədə iddia olunur ki, 2-ci tip diabet xəstəliyini yalnız kaloriləri azaltmaq, idman etmək və qlükozanı nəzarətdə saxlamaqla aradan qaldırmaq mümkündür.

Diabet ömür boyu davam edən xronik xəstəlik sayılsa da, Kanada alimləri adamların 40 faizində insulinin dərmansız olaraq istehsalını bərpa etməyin mümkün olduğunu sınaqdan çıxarıblar.

Bununla belə bu cür müalicə üsulunun son dərəcə böyük intizam tələb etdiyi bildirilir. Diabetdən dərmansız xilas olmaq istəyənlər gündəlik kalori qəbulunu 500 və 700 arasında saxlamalıdırlar.

Bu da qeyd olnur ki, təcrübə zamanı pasientlər ciddi tibbi nəzarət altında olublar və qandakı şəkərin miqdarını tənzimləmək üçün insulindən istifadəni davam etdiriblər.

Bu münvalla dördcə aydan sonra pasientlər artıq insulinsiz də keçinə biliblər, çünki onların 40 faizində orqanizmin özü insulunin istehsalıənı tam bərpa etmişdi.

Kanadadakı Ontario Universitetinin alimləri bildiriblər ki, müalicə proqramı işləyib. Beləki orqanizmdə insulin istehsalına cavabdeh olan mədəaltı vəzə dinclik verilmişdi.

Glasgow Universitetindən professor Navid Səttar deyib ki, diabetin uğurlu müalicəsində əsas amil artıq çəkidən xilas olunmasıdır.

Alim bildirir ki, ciddi pəhriz piylənməni dayandırır və bunun nəticəsində qara ciyər və mədəaltı vəz də piylənmədən xilas olur və insulin istehsalını tam bərpa edə bilir.

Əlaqəli mövzular