Britaniya mətbuatı: Erdoğan "xaçla ayparanın davasından" danışdı

Erdogan Fotonun müəllifi OZAN KOSE
Image caption Erdoğan Avropa Ədalət Məhkəməsini tənqid edir

"The İndependent" yazır ki, Türkliyə prezidenti Recep Tayyip Erdoğan Avropa Məhkəməsinin dini rəmzlər barədə hökmünü kəskin tənqid edib.

Avropa Ədalət Məhkəməsinin çıxardığı qərara əsasən şirkətlərə öz işçilərinə dini rəmzləri qadağan etmək icazəsi verilir.

Bir sıra təhlilçilər bu hökmdə bütün dini rəmzlərin yer almasına baxmayaraq, söhbətin əsasən müsəlman qadınların baş örtüyünün və hicabın qadağanından getdiyini deyirlər.

Sakaryada tərəfdarları qarşısında çıxış edən Erdoğan Avropanı şirkətlərə baş örtüyünün qadağanı icazəsi verməklə Xristianlıq və İslam arasında "toqquşma" yaratmaqda ittiham edib.

Prezidentdən bir neçə saat sonra Antalyada çıxış edən xarici işlər naziri isə xəbərdarlıq edib ki, Avropanı "tezliklə din müharibələri gözləyir".

Erdoğan deyib ki, Avropan Ədalət Məhkəməsi hicaba görə işdən çıxarılmış iki müsəlman qadının iddialarını rədd etməklə "aypara ilə xaç arasında davaya başlayıb".

"Utan Avropa, deyib - Erdoğan, - Onlar xaçla ayparanı vuruşdururlar…Buna başqa ad vermək mümkün deyil".

Özünün növbəti davakar nitqində Erdoğan Türkiyə nazirlərinin keçirdiyi hökumətə dəstək mitinqlərinin qadağanına görə Almaniya və Hollandiyanı kəskin tənqid edib.

Türkiyə prezidenti deyib ki, Hollandiyanın baş naziri Mark Rutte parlament seçkisində millətçi Geert Wilders-ə qalib gəlsə də, Ankaranın dostluğunu itirib.

"The İndependent" yazır ki, Türkiyə ilə Hollandiya arasında qarşıdurma xarici işlər naziri Mevlut Çavuşoğlunun iştirakı nəzərdə tutulan Rotterdan mitinqi ləğv olunduqdan sonra başlanıb.

Bu qadağanla razılaşmayan Çavuşoğlu inadkarlıq göstərərək mitinqə gələcəyini bildirsə də, Hollandiya hakimiyyət orqanları onun təyyarəsinin enməsinə icazə verməyib.

Erdoğan və onun nazirləri bu hadisənin ardınca Hollandiya hökumətini "faşistlər" və "nasistlər" adlandırıblar.

Avropa İttifaqı liderləri buna cavab olaraq deyiblər ki, Türkiyə hökuməti "reallıqla əlaqəsini itirib".

Məqalədə deyilir ki, siyasətçilərin çəkişməsi ictimaiyyəti də təsirsiz buraxmayıb. Etirazçılardan biri İstanbuldakı Hollandiya konsulluğunun damındakı bayrağı çıxararaq yerinə Türkiyə bayrağını sancıb.

Ankara Hollandiya ilə diplomatik əlaqələrini kəsib.

Türkiyə prezidentinin nazirləri Avropa boyunca Türkiyədə keçiriləcək referendumun təbliğatını aparırlar.

Bu referendumda Türkiyənin siyasi sistemi dəyişə, prezident Erdoğana hüdudsuz səlahiyyətlər verilə bilər.

Londonla Şotlandiya arasında qarşıdurma gözlənilir

Fotonun müəllifi Jeff J Mitchell
Image caption Şotlandiyanın birinci naziri Nicola Sturgeon Britaniyanın baş nazirini debata çağırır

"The Guardian" yazır ki, Şotlandiyanın birinci naziri Nicola Sturgeon Britaniyanın baş naziri Theresa May-i Birləşmiş Krallığın "bəxtini bağlamaqda" günahlandırıb.

Xanım May Şotlandiyaya daha bir müstəqillik referendumunun keçirilməsi üçün icazə verilməyəcəyini bəyan edib.

Xanım Sturgeon belə bir bəyanatın qətiyyən "yolverilməz və hiddət doğuran" olduğunu deyib.

Şotlandiyanın birinci naziri Britaniyada keçirilmiş referendumdan sonra dəfələrlə Şotlandiyanın da təkrar müstəqillik referendumu keçirə biləcəyini bəyan etmişdi.

Xanım Sturgeon bildirmişdi ki, Britaniyanın Avropa İttifaqından çıxmasına yol açmış referendumda şotlandların əksəriyyəti ittifaqda qalmağa səs verib.

Nicola Sturgeon bildirmişdi ki, Britaniya Avropa İttifaqından çıxmaq qərarını qəbul edərsə, Şotlandiya da Britaniyadan çıxmaq üçün referendum keçiriəcək.

O bu referendumun 2018 və ya 2019-cu ildə keçirilə biləcəyini bəyan etmişdi.

Britaniyanın baş naziri Theresa May "indi Şotlandiya müstəqilliyi referendumunun vaxtı olmadığını" deyib.

Bundan hiddətlənən Şotlandiya rəhbəri xanım Sturgeon deyib: "Vaxt gələcək, biz bu günü yada salıb deyəcəyik ki, bu, Britaniyanın bəxtinin bağlandığı gündür".

Xanım May isə bidlirir ki, Brityaniyanın Avropa İttifaqından çıxmasına dair danışıqlar başa çatmamış, heç bir Şotlandiya referendumundan söhbət gedə bilməz. Bu isə ekspertlərin fikrincə 2021-ci ilədək baş verməyəcək.

"The Guardian" yazır ki, xanım Sturgeon-un millətçi SNP partiyası hazırda Şotıandiyanın azlıq hökumətinə daxildir, halbuki 2012-ci ildə bu partiya parlamentdə əhəmiyyətli çoxluğa malik idi.

Məhz bu, 2014-cü ildə Şotlandiyanın müstəqilliyinə dair referendumun keçirilməsinə yol açmışdı.

Həmin refrendumda şotlandlar kiçik çoxluqla Britaniyanın tərkibində qalmağa səs vermişdilər.

Məqalədə deyilir ki, indi Şotlandiya partiyalarının sıralarında bir çox məsələlərə, o cümlədən müstəqillik məsələsinə dair vahid fikir yoxdur.

Buna baxmayaraq, Şotlandiya parlamentindəki mühafəkarlar müstəqillik üçün ictimai dəstəyin yüksələcəyi təqdirdə referendum ideyasına tərəfdar olacaqlarını bildiriblər.

Belə bir şəraitdə Şotlandiya lideri Nicola Sturgeon Britaniya baş nazirini təkbətək televiziya debatına çağırıb.

Yuxu mütləq səkkiz saat olmalıdırmı?

Fotonun müəllifi George Marks
Image caption Siz 8 saat yata bilirsinizmi?

"The Telegraph" qəzeti yazır ki, ideal dünyada biz hər axşam saat 10-da yatağa girməli və hər səhər saat 6-da yuxudan oyanmalıyıq.

"Lakin ideal dünya əslində yoxdur", yazır qəzet və oxucularunu üç yuxu ekspertinin məsləhətləri ilə tanış edir.

Oxford Universitetindən yuxu eksperti, doktor Paul Kelly deyir ki, 8 saat gecə yuxusu yatmaq çətin, amma vacib vərdişdir.

Ekspert gündüz saatlarında yatmamağı məsləhət görür.

O bildirir ki, ayrı-ayrı vaxtlarda bir saat, iki saat yatıb, toplam 8 saat çıxarmaqla iş düzəlmir.

Sağlam yuxu fasiləsiz olaraq səkkiz saat davam etməlidir. Hərçənd cavanlar bir saat artıq, qocalar isə bir saat az yatmağa meyllidirlər.

Ekspert Faye Langworthy isə deyir ki, yuxu məsələsində bir qayda hamıya şamil edilə bilməz.

Buna baxmayaraq hər bir kəs sağlam yuxu qaydalarını bilməlidir.

Ekspertin fikrincə fasiləsiz sağlam yuxu üçün yataq otağının qaranlıq və sərin olması idealdır.

Langworthy deyir ki, yatağa uzanmazdan bir-iki saat əvvəl elektron cihazlarınızın ekranlarına baxmayın. Telefonunuzu isə söndürsəniz daha yaxşıdır.

Başqa bir ekspert Cory Cook deyir ki, bir çoxları normal yuxunun sağlamlıq, əhval-ruhiyyə və normal iş üçün nə dərəcədə əhəmiyyətli olduğunu başa düşmürlər.

Bununla belə, Cook da bu qənaətdədir ki, yuxu üçün eyni gecə saatları hamıya şamil edilə bilməz.

Amma yenə də normal sayılan 8 saatı yatmaq lazımdır, çünki insan orqanizmi və orqanlar yalnız bu müddət ərzində dincələrək funksiyalarını tam bərpa edə bilir.

Əlbəttə bir saat gec, bir saat tez istisnası ola bilər.

Ekspert eksperiment aparmağı təklif edir: Hər gecə eyni saatda yatağa girməyə və eyni saatda yuxudan qalxmağa vərdiş edin.

Qoy bu elə vərdişə çevrilsin ki, yuxudan oyanmaq üçün sizə zəngli saat lazım olmasın.