Britaniyanın sabiq maliyyə naziri Evening Standart qəzetinin baş redaktoru oldu

Osborne Fotonun müəllifi AP

Britaniyanın sabiq maliyyə naziri George Osborne Londonda nəşr olunan Evening Standart qəzetinin baş redaktoru təyin edilib.

Ötən il ölkənin Brexit referendumundan sonra baş nazir Theresa May Osborne-u vəzifəsindən azad etmişdi.

Sabiq maliyyə nazirinin adı son dəfə həftədə bir gün işlədiyi maliyyə şirkətindən 650 min sterlinq (təqribən 800 min dollar) alarkən qeyd olunmuşdu.

Onun həmçinin 6 ay ərzində 15 məruzədən 800 min funt sterlinq (təqribən bir milyon dollar) almasına diqqət yetirilirdi.

Osborne-un Evening Standart qəzetindən alacağı maaş açıqlanmır. Peşəkar jurnalist olmayan 45 yaşlı sabiq hökumət üzvü həftədə 4 gün çalışacaq.

2010-cu ildə hökumətin sərt iqtisadi siyasətinin memarı olan Georg Osborne rusiyalı milyarder Yevgeniy Lebedevə məxsus qəzeti cəsur nəşrə çevirəcəyini bildirir.

Fotonun müəllifi AFP
Image caption Evening Standart qəzeti rusiyalı milyarder Yevgeniy Lebedevə məxsusdur

Guardian qəzetinin yazdığına görə, George Osborne millət vəkili kimi ildə 75 min funt sterlinq (92 min dollar) qazanır.

Bundan başqa o, ABŞ-da respublikaçı senator John McCain-in təsis etdiyi araşdırma mərkəzindən ildə 150 min dollar alır.

Osborne həmçinin ailəsinə məxsus divar kağızı şirkətindən ildə 55 min dollar gəlir əldə edir.

Osborne hələ ki, yayımlanmayan "Age of Unreason" (Məntiqsizlik dövrü) adlı kitabı üçün 123 min dollar avans almışdı.

Əlaqəli mövzular